Hadisə

Vəkil: “Bəxtiyar Hacıyev psixoloji cəhətdən çox gərgindir”

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan insan hüquqları fəalı Bəxtiyar Hacıyevinin fiziki olaraq normal görünsə də psixoloji olaraq çox gərgindir.

Bu barədə vəkil Rövşanə Rəhimli onunla görüşündən sonra avqustun 12-də “Turan”a deyib.

Vəkilin sözlərinə görə, yeni ittihamlarla əlavə edilən əsassız cinayət işi, habelə buna görə başqa şəxslərin istintaqa cəlb edilməsi Hacıyevdə ruh düşkünlüyü yaradır.

“Ona qarşı qanunsuz sahibkarlıq, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, qaçaqmalçılıq və digər yeni ittihamlar üzrə bir sıra insanlar, o cümlədən Bəxtiyarın dostları şahid qismində istintaqda dindirilir. Bütün bunlar Bəxtiyarı çox narahat edir. O insanların ona görə in idilməsindən çox narahatdır”, vəkil qeyd edib.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Həmin gün Xətai Rayon Məhkəməsi onun barəsində 1 ay 20 sutka həbs qərarı çıxarıb.

Yanvarın 21-də məhkəmə onun həbs müddətini bir ay, fevralın 23-də isə daha iki ay – aprelin 28-də uzadıb.

Fevralın 28-də – aclığın 51-ci günündə Hacıyevin azad edilməsi tələbi ilə keçirdiyi aksiyaya son qoyub.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

İyunun 16-da ona qarşı qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, sənədlərin saxtalaşdırılması və qaçaqmalçılıqla bağlı yeni ittihamlar irəli sürülüb.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu bəyan edib ki, azərbaycanlı fəal Bəxtiyar Hacıyevə qarşı irəli sürülən yeni ittihamlar Avropa hüquq müdafiə təşkilatından aldığı qrantla bağlıdır.

Təşkilat Hacıyevin işinin presedent yaradacağından, bundan sonra digər fəallara və hüquq müdafiəçilərinə oxşar ittihamlarla təqib dalğasının başlaya biləcəyindən narahatlığını bildirib.

Bənzər yazılar

Back to top button