Siyasət

Soros gənclərə pis təsir edir – İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Corc Sorosu öz dövlətlərinə qarşı dağıdıcı fəaliyyətə yönləndirmək məqsədilə gənclərə mənfi təsir göstərməkdə ittiham edib.

“Bu qlobalistlərin – mən onları şərti olaraq belə adlandırıram – sorosçuların məqsədi məhz gənclərdir. Ona görə fondlar yaradılır, o fondların xətti ilə ianələr verilir, müxtəlif yaxşı, gözəl məna daşıyan proqramlar altında məhz bu dağıdıcı missiya həyata keçirilir ki, gəncləri öz dövlətinə qarşı, ilk növbədə, öz əcdadlarına, öz tarixinə qarşı, öz dəyərlərinə qarşı qaldırsınlar və sonra onlardan zombi kimi istifadə etsinlər”, bu barədə dövlət başçısı İlham Əliyev fevralın 2-də Bakıda Gənclər Günü ilə əlaqədar keçirilən Forumda çıxış edərkən bildirib.
“Bunun əsas məqsədi müxtəlif ölkələrin daxili işlərinə qarışmaq, insanları bərabərlik şüarları altında birləşdirmək və kosmopolit gənclər yetişdirmək cəhdidir”, deyə Əliyev qeyd edib.

Hegemonluq uğrunda mübarizədə təbii resurslarla zəngin və strateji mövqeyə malik olan ölkələr xüsusi maraq doğurur.

“Azərbaycan bu parametrlərə malikdir. Biz müstəqillik illəri ərzində bu cür niyyətlərlə dəfələrlə qarşılaşmışıq, buna müqavimət göstərmişik və bu təhlükəni aradan qaldırmışıq”, deyə Əliyev bildirib.

Bununla yanaşı, o, bu gün Azərbaycan gənclərinin və Azərbaycan hakimiyyətinin “birmənalı olaraq milli maraqların keşiyində durduğuna” əminliyini bildirib.(Turan)

Bənzər yazılar

Back to top button