Cəmiyyət

Sumqayıtın 2 kilometrliyində yerləşən, amma Afrikanın gecəqondusunu xatırladan “Qurd dərəsi”

Sumqayıtın “Qurd dərəsi” adlanan yaşayış massivi sosial problemlər girdabında boğulur.

Şəhər ətrafındakı məişət şəraiti əlverişsiz olan, infrastrukturu demək olar ki, olmayan bu ərazi müəyyən mənada Afrikada bidonvilleni- gecəqondunu xatırladır. Bunu yerli sakinlər bildirirlər.

Baxmayaraq ki, adıçəkilən yaşayış ərazisi Sumqayıtın cəmi 2-3 kilometrliyində yerləşir (şəhərin 18-ci mikrorayonundan “Qurd dərəsi”nin girişinə-Saray körpüsünə qədər məsafə 2 kilometr, ən uzaq yerinə isə 6 kilometrdir), bura sanki şəhər rəhbərliyi tərəfindən unudulub.

Daha doğrusu, burada dövlət qurumları tərəfindən sakinlərdən hər bir rüsum, torpaq pulu, kommunal xidmətlər hər ay qəpiyinə qədər alınır, verilməyəndə su, qaz, işıq kəsilir, ərazidə icazə almadan bir daşı daş üstündə belə qoymaq olmaz.

Yəni, pul almaq baxımından nəzarət güclüdür, amma problemlərin həllinə rəsmilər tərəfindən yaxın durulmur.

“Qurd dərəsi” bağları, Saray bağlar massivi, Sumqayıt bağları və ya sadəcə, “bağlar” da adlanan, amma daha çox “Qurd dərəsi” kimi tanınan və Sumqayıt şəhər inzibati ərazisinə daxil olan “Qurd dərəsi”ndə Sumqayıt bələdiyyəsinin, Sumqayıt İcra Hakimiyyətinin fəaliyyəti, ümumiyyətlə, bilinmir

Onların fəaliyyəti yalnız vətəndaşlardan tələb olunan pul yığımında, torpaq satışında, sənəd işində, sakinlər tərəfindən vəsait ödənişində özünü göstərir.

Sumqayıtın mərkəzi bazarından buraya və əks istiqamətə təxminən yarım saatdan bir 17,17a (bir-birinə əks istiqamətində, dairəvi işləyirlər) 27 nömrəli marşrut avtobusları işləyir. Bağ avtobusları köhnə PAZ-lardan ibarətdir və gediş haqqı 30 qəpikdir.

PAZ avtobuslarının hələ də bu ərazidə istifadə olunmasına səbəb yolların çox bərbad olmasıdır.

PAZ sürücüləri deyirlər ki, burada təzə avtobuslar tez sıradan çıxır və “Qurd dərəsi”nin yollarına ancaq bu sovet avtobusu tab gətirir.

Bu avtobuslarda sakinlər evə çatınca çalxalanır (sakinlər zarafatca deyirlər ki, bu marşrut müalicəvidir, böyrək daşlarını salır) və heç bir komfortu olmayan bu marşrut avtobusları 5-6 kilometrlik yolu 5-10 dəqiqəyə çatmaq əvəzinə çox ləng, 50 dəqiqəyə – 1 saata çatır. Halbuki, “Qurd dərəsi”nə normal yol çəkilsə minlərlə sakin hər gün köhnə “PAZ”larla yox, müasir avtobuslarla uzağı 10 dəqiqəyə bu yaşayış məkanına rahat gedib-gələ bilər. Sakinlər deyirlər ki, 27 nömrəli marşrutun yolundan heç danışılası deyil.

Dairəvi yolun yarısı, 3-cü dayanacaqdan, “Türkün evi” deyilən məşhur möhtəşəm boş evdən 100 metr aralıdan 6-cı dayacanağa qədər asfaltlanıb, amma o da keyfiyyətsiz edildiyindən artıq sıradan çıxır.

Qalan yol isə qrunt yoludur və illərdir sakinlərin öz vəsaiti hesabına daş, çınqıl, doğranmış şlak tökülüb birtəhər düzəldilir. Təbii ki, bu cür “təmir” də çox çəkmir, bir müddətdən sonra yenə xərc çəkib yolun müəyyən hissəini yenə “yalandan” düzəltmək lazımdır ki, heç olmasa gediş-gəliş mümkün olsun. Yağışlı günlərdə, qışda isə buranın yolları gölməçələrin, palçığın əlindən lap keçilməz olur. Həm əsas yolun, həm də evlərarası yolların bərbad olması burada yaşayan sakinlərə çox əziyyət verir.

Burada yalnılz xırda market olduğundan əhali alış-verişi əsasən Sumqayıtdan edir, bu da əlavə çətinliklər yaradır.

“Qurd dərəsi”ndə aptek belə yoxdur. Rabitə xətti, yəni telefon da həmçinin. “Azərsu” burada yalnız su pulu yığır. Suyu sakinlər öz vəsaitləri hesabına, böyük xərc hesabına (bəzən 1000 manat) plastik borularla oradan-buradan birtəhər əldə edirlər. Sakinlər qazı, işığın da çətinliklə evlərinə çəkilməsinə nail olur.

Bundan başqa yaşayış yeri rəsmi status almadığından burada yaşayanların qeydiyyat problemi var.

Torpaqların sənədi olsa da, sakinlər qeydiyyata düşə bilmir, çoxları “havada”, orada-burada qeydiyyatdadır.

Şəxsi avtomobili olmayanlar ictimai nəqliyyat bərbad olduğundan təcili şəhərə getmək üçün əziyyət çəkirlər. Yollar bərbad olduğundan heç taksilər də buraya həvəslə gəlmirlər.

Dövlət idarələrindən burada bir məktəbi saymasan, yalnız keçən il istifadəyə verilən polis idarəsi binası var. Burada ünvanlar dayacanaqla və avtobus yolları ilə adlanır; 7-ci dayanacaq, 9-cu dayanacaq, 27-nin yolu, 17-nin yolu və sairə.

Amma avtobus harada istədin, addımbaşı saxlayır. İşıqlandırma sıfır səviyyəsindədir. Küçələrdə işıq dirəkləri yoxdur. Ancaq bəzi yerlərdə adamlar öz vəsaitləri hesabına evlərinin qabağındakı küçəni işıqlandırır, vəssalam. Bu səbəbdən gecələr “Qurd dərəsi” zülmət qaranlığa qərq olduğundan vahiməli yerə çevrilir. Sanki burada 10 minlərlə adam yaşamır.

Amma yoldan, işıqdan savayı buranın əsas köklü problemi bu massivdə kanalizasiyanın yerli-dibli olmamasıdır.

Sakinlər bildirirlər ki, dəfələrlə buranın sosial problemlərindən, əsasən də kanalizasiyanın olmamasından İcra Hakimiyyətinə şikayət etsələr də, bu, mətbuatda işıqlandırılsa da, söz verilsə də heç bir tədbir görülmür.

Sovet dövrü buraya dövlət tərəfindən işçilərə verilən pay torpaqlarından, bağ sahələrindən ibarət idi və burada az sayda (200-300) adam, həm də daimi yaşamırdı. “Qurd dərəsi” adı da ola bilsin bura təsadüfi verilməyib; əvvəllər buralar boş ərazi olduğundan, ola bilsin canavarlar bu dərədə hökmranlıq edib. Bəlkə də belə deyil…

Sumqayıtda, Bakıda daimi yaşayan sakinlər əsasən yay mövsümü buraya dincəlməyə gəlirdi deyə evlər də burada bir qayda olaraq taxtadan, yüngül konstruksiyalardan ibarət olub.

Lakin 90-cı illərdən şəhərdə əhali çoxaldıqca buraya axın başladı, daşdan əməlli-başlı evlər tikilməyə başladı və yavaş-yavaş yayı-qışı yaşayanlar tez bir zamanda artdı və hazırda 10 mindən çox adam yaşayır. Bu baxımdan bu yaşayış massivini böyük kənd, qəsəbə də adlandırmaq olar.

Ərazi elə böyüyüb ki, artıq Sumqayıt, Saray, Novxanı ilə yanaşı, bir ucu gedib Masazıra çıxıb. “Qurd dərəsi” böyüdükcə problemləri də artıb.

Əvvəl burada çox az adam və daima yaşamadığından kanalizasiyanın olmaması hiss olunmurdu.

Elə əvvəldən ümumi kanalizasiya qovşağı olmadığından hərə özünə, öz puluna şambo-enli quyu qazdırır və kanalizasiya suları ora tökülür.

Amma indi əhalinin sıxlığı artığından dərinliyi 2 metr, 6-8 kub həcmlik şamboların sayı minlərlə artıb və torpaq layı yumşaldığından qrunt suları yer tapıb yuxarı qalxır və bu da sahələrin bataqlığa çevrilməsinə, yaşıllığın yavaş-yavaş məhv olmasına səbəb olur. Əhali məcbur olub tez-tez xərc çəkərək yaranan bataqlıqlara maşınlarla qum tökərək örtür.

İndi olmayan öz əsrarəngiz qumu, dadlı tutu, üzümü, gözəl ənciri ilə məşhur, bir vaxtlar torpağı çox münbit olan ərazi indi az qala bataqlığa çevrilib və həmin meyvələr artıq yetişmir. Ərazini qamışlıqlar və bataqlıq kolları basıb.

Kanalizasiyanın olmaması əhaliyə böyük problem olmaqla bərabər ekoloji problemlər də yaradır.

Ərazidəki torpaqların bitki örtüyünü, münbit torpaq layını məhv edir. Bu baxımdan ETSN bu ekoloji problemi nəzarətə götürüb, tədbir görsəydi yaxşı olardı.

Kanalizasiya olmadığından kanala yaxın ərazidə yaşayanlar çirkab suları elə kanala axıdırlar.

Şablon çıxsa da, aidiyyatı qurumlar əsas kanalizasiya problemini, yol, nəqliyyat, su, qaz, rabitə və digər çoxsaylı problemləri həll etməyə çalışsaydı, pis olmazdı. On minlərlə adamın şəraitinə bu qədər laqeyd yanaşmaq olmaz. Üstəlik, bunu etmək məmurların borcudur və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün hər il dövlət büdcəsindən milyonlarla pul ayrılır. Bəs bu pullar hara gedir?!

Amma bütün bunlara rəğmən, “Qurd dərəsi”nin sakinləri yenə də ümid edirlər ki, onların məkanı normal bir yaşayış massivinə çevriləcək…

Bu məqalədə əks olunanlar müəllifin mülahizələridir. Turan agentliyi rəsmi qurumların mövqeyini dərc etməyə hazırdır.

Fuad Zeynalov

Bənzər yazılar

Back to top button