Cəmiyyət

Tanınmış jurnalist AzTV əməkdaşının özbaşınalığı ilə bağlı Prezidentə müraciət etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Qarabağ qazisi Nadir Şəfiyev tərəfindən

MÜRACİƏT

Möhtərəm cənab Prezident!

Sizin çox məşğul olduğunuzu, müharibədən sonrakı dövrdə sülh müqaviləsinin razılaşdırılması, doğma Qarabağımızın abadlaşdırılması, məcburi köçkün olan soydaşlarımızın ata-baba yurdlarına qayıdışının təmin edilməsinn nə dərəcədə çətin bir iş olduğunu tam şəkildə dərk edirəm. Bir Qarabağ qazisi olaraq bu proseslərin uğurla həyata keçirilməsinə hər bir Azərbaycan Respublikası vətəndaşı kimi çox sevinirəm.

Amma son 2 il ərzində ailəmizin üzləşdiyi haqsızlıq məni Sizə müraciyyət etmək məcburiyyətində qoyub. Artıq 2 ildir ki, bizim ailə AzTV-nin əməkdaşı Vəfa Ağabalayeva və onun havadarlarının şər və böhtanları ilə üz-üzə qalıb. Bu qadın havadarları ilə əlbir olaraq oğlum CBC Sport televiziya kanalının operatorunu şərləyib həbsxanaya atdırıb. Bu haqsızlıqda bəzi hüquq mühafizə orqanların əməkdaşları və məhkəmə işçiləri də iştirak edib.

Hər şey oğlumun müəmmalı həbsindən başlayıb. Oğlum Binəqədi rayon Polis İdarəsinə gələrək onu təqib edən şəxslər haqqında şikayət ərizəsi yazmaq istəyib. Lakin onu dərhal həbs edərək 1 aydan artıq müddət ərzində axtarışda olduğunu elan ediblər. Dərhal sual yaranır: yaşayış və iş yeri bəlli olan, elə həmin gün də İdarəyə işdən sonra gələn şəxs, bir dəfə də olsun rəsmi bildirişlə polisə çağırılmayan şəxs harda və niyə gizlənməlidir ki? Bundan sonra 3 ay ərzində müstəntiq Orxan Səmədov şərləmə prosesini davam edərək, Vəfa Ağabalayeva və onun ailə üzvləri və dostunu şahid qismində dindirib və işi ağır cinayət müstəvisinə qədər qaldırmağa “müvəffəq” olub. Bu mərhələdə nə Yusifin özünün söylədikləri nəzərə alınıb, nə də onun şahid kimi dindirilməsini istədiyi şəxslər dəvət olunub. Beləliklə iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hər birimiz ümüd edirdik ki, burda haqq-ədalət öz yerini tutar və məhkəmə ədaləti bərqərar edər.

Amma Məhkəmədə işə baxan hakim Mahmud Ağalarov qanunu heçə saymaqda müstəntiq Orxan Səmədovdan geri qalmadığını sübut etdi. Təqribən 8 ay davam edən məhkəmə prosesində vəkillərin təqdim etdiyi heç bir vəsatət qəbul olunmadı, heç bir əlavə şahid dindirilmədi, Vəfa Ağabalayevanın əksər yalanlarını tam aşkara çıxara biləcək anten məlumatların yoxlanılması tələbi rədd edildi. Üstəlik az qala hər prosesdə Vəfa Ağabalayeva işin icratı Prezident Aparatı tərəfindən nəzarətdə olduğu və AzTV sədri Rövşən Məmmədovun tapşırığı əsasında həyata keçirildiyini bildirirdi. Nəticədə, Vəfa Ağabalayevanın özü və şahid qismində təqdim etdiy anası da daxl olmaqla 3 nəfər dəfələrlə dindirildi və hökm oxundu. Faktlar sübuta yetirilməsə də, Yusif Şəfiyev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edildi.

Məhkəmə sənədləri bizə təqdim olunanda məlum oldu ki, 8 ay davam etməsinə baxmayaraq, Məhkəmənin hökmü birbaşa ittiham sənədindən köçürülüb, üstəlik Vəfanın və onun şahidlərinin yalanlarını ifşa edən faktlar İclas Protokollarına salınmayıb. Yəni faktiki olaraq məhkəmə sənədləri saxtalışdırılıb. Təbii olaraq, bu məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verildi.

Hazırda məsələyə Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılır. Hakimlər qaldırılan vəsatətləri qəbul etməklə məsələnin araşdırılmasına başlayıblar. Gedən proses zamanı bir çox həqiqətləri üzə çıxarmaq mümkün olub. Hər yeni iclasda Vəfa Ağabalayevanın daha bir neçə yalanının üzü açılır və bu şəxsin istintaqa da, məhkəməyə yalan ifadələr verməsi üzə çıxır. Məhkəmə hələ davam edir və gedişata əsasən ümüd yaranır ki, sonda obyektiv qərar qəbul olunacaq. Amma bizim haqq yerini tapacağına sevindiyimiz qədər qarşı tərəf bundan ciddi narahatlıq keçirir.

Fevral ayının 1-də keçirilən iclasda V.Ağabalayevanın daha bir neçə yalanı ifşa olunandan sonra bu şəxs məhkəmənin həyətində qalmaqal saldı və daha sonra məlum oldu ki, növbəti təxribat olaraq, artıq mənim özümdən şikayət ərizəsi yazaraq güya onu şantaj etməyimlə şərləməyə cəhd göstərdi. Məsələ 9-cu Polis bölməsində araşdırıldı. Bundan başqa həmin şəxs mənim ikinci oğlumu də tutduracağı ilə bağlı hədələr səsləndirir.

Möhtərəm cənab Prezident!

Vəfa Ağabalayevanın bu qəbildən olan sərgüzəştləri o qədər çoxdur ki, onları ətraflı yazsam Sizin qiymətli vaxtınızı çox almış olaram. Ona görə də, sözlərimi burda yekunlaşdırıb Sizdən xahiş etmək istəyirəm. Bu prosesi şəxsi nəzarətə götürərək AzTV pərdəsi arxasında gizlənən, müxtəlif vəzifəli şəxslərin himayəsindən istifadə edərək günahsız insanları şərləyən, Qarabağdan süjet hazırlayaraq vətənpərvərlik dərsi keçən həyatda isə Qarabağ Qazisi və onun ailəsinə təhdid yaradan, şər, böhtan və təhqir yağdıran bu şəxsin özbaşınalıqlarına son qoymaq üçün obyektiv araşdırmanın aparılmasına göstəriş verəsiniz və məsələni şəxsi nəzrətinizə götürəsiniz.

Hörmət və ehtiramla: Qarabağ qazisi, 30 ilə yaxın müddətdə Azərbaycan televiziyalarında çalışmış
Nadir Şəfiyev

Bənzər yazılar

Back to top button