Hadisə

Səhiyyə Nazirliyinin işbirliyində olduğu xanım “sahibkar”lar əslində kimlərdir? – İLGİNC FAKTLAR

Məlum olduğu kimi son dövrlər sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə ölkəmizdə bir sıra Dövlət Proqramları qəbul olunub, dövlət-sahibkar münasibətlərinin və qeyri-neft sektorunun inkişafı, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqətdə saxlanılır. Eyni zamanda yeni istehsal sahələrinin yaradılmasına, özəl bölmənin dövlət dəstək mexanizmlərindən daha geniş istifadəsinə imkan yaradılır.

Amma bəzi vəzifəli şəxslər və məmurlar sahibkarlığın inkişaf etdirilməsindən də sui-istifadə edirlər. Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək isə, dövlət, yerli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətinə xələl gətirir. Belə hal baş verəndə fiziki və ya hüquqi şəxslərin hüquqları, qanuni mənafeləri, eyni zamanda cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri pozulur.

Bu kimi hallar isə özünü daha çox dövlət satınalmalarında biruzə verir. Belə ki, vəzifəli şəxslər tərəfindən formal yaradılan şirkətlər satınalmalar xətti ilə həyata keçirilən işlərdə dövlətə hərtərəfli ziyan vururlar. Bu şirkətlər həm vergilərdən yayınır, həm dövlətə heç bir sosial ödəniş etmir, həm də dövlət vəsaitlərinin təyinatından kənara yönəldilməsində vasitəçi olurlar. Digər tərəfdən də, satınalmalarda iştirak etmək istəyən sadə fiziki və ya hüquqi şəxslərin qarşısında baryer olub, onların inkişaf etməsini əngəlləyirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bunlara sadəcə seyrçi olaraq nəzarət edir.

Səhiyyə Nazirliyinə tabeli qurumların dövlət satınalmalarındakı yol verdikləri qanunsuzluqlar barədə elektron kütləvi informasiya vasitələrində yetərincə məlumat tapmaq olar. Maraqlı orasıdır ki, bütün bu yazılanlarla baxmayaraq eyni qanunsuzluqlar elə təkrar olunur. Bu isə onu göstərir ki, nazirlikdə bütün bu qanunsuzluqlara rəvac verən var. İndi diqqətinizə çatdırdığımız faktlarda onları siz də görəcəksiniz.

“Sanator-Kurort Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi içməli suyun satınalınması üzrə 31.03.2022-ci il tarixdə elan etdiyi Açıq Tenderə yekun vurması və “AVRO QRUP-22” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 06.05.2022-ci il tarixdə 73 710 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat açıqlayıb.

Tenderin şərtlər toplusunda Mərkəz 18 200 ton isməli suyun satın alınmasını göstərir. Tarif Şurasının 2021-ci il 30 yanvar tarixli Qərarı ilə respublika ərazisində içməli suya müəyyən edilmiş qiymətlər isə belədir. Bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, qeyri-əhali üzrə 1.0 manat, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik. Elə isə gəlin görək “Sanator-Kurort Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi içməli suyun bir kubunu neçəyə alır? Təxmini hesablamalarımıza görə 73 710 manata alınması nəzərdə tutulan 18 200 ton isməli suyun bir kubu Mərkəzə 4 manata başa gələcək. Halbuki, Tarif Şurasının hüquqqi şəxslər üçün içməli suya müəyyən etdiyi qiymət bir kubmetrə görə 1 manatdır.

Maraqlıdır, “Sanator-Kurort Reabilitasiya Mərkəzi”ni 4 manatlıq su ilə təmin edəcək MMC kimə məxsusdur?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVRO QRUP-22” Məhdud Məsuliyyətli Cəmiyyətinin 30.11.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ , ev 156, qanuni təmsilçisi kimi isə Kərimova Xavər Telman qızı qeyd olunub.

Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı “Sanator-Kurort Reabilitasiya Mərkəzi” publik hüquqi şəxsi tərəfindən keçirilmiş satınalmalar barədə daha nə kimi məlumatlar əldə edə bildik? Məlum oldu ki, “AVRO QRUP-22” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olan Kərimova Xavər Telman qızının adına yaradılmış “RETAL GROUP” və “RADİANT-MNQ” kimi MMC-lər də var. Hansıki, bu MMC-lər 2019-cu ildən bəri Səhiyyə Nazirliyinə tabeli bir neçə müəssisələrin keçirdiyi tenderlərin qalibi olublar.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RETAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.01.2019-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ, ev 154, m. 25, qanuni təmsilçisi kimi isə Kərimova Xavər Telman qızı qeyd olunub. Lakin sonradan MMC- nin qanuni təmsilçiliyi Zebo Rakhmonovanın adına dəyişdirilib.

Hansıki, bu MMC Səhiyyə Nazirliyinə tabeli QİÇS-lə Mübarizə Mərkəzinin keçirdiyi tenderlərdən birinin qalibi olub. Diqqət çəkən məqam ondan ibarətdir ki, QİÇS-lə Mübarizə Mərkəzinin 04.02.2019-cu il tarixdə sair xərclər üzrə 190 000 manat dəyərində satınalma müqaviləsi bağladığı “RETAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisinin dəyişməsidir. Reyestr məlumatlarından da göründüyü kimi, QİÇS-lə Mübarizə Mərkəzi yanvar ayında yaradılmış, fevral ayında isə cəmi 5 manat nizamnamə kapitalı olan MMC ilə 190 000 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Bundan sonra MMC heç bir tenderdə qalib olmayıb. Dövlət Vergi Xidmətinin vergi borcları barədə məlumatlarında isə MMC-nin hazırki günə 1715 manat borcu olduğu göstərilir. Bu isə o deməkdir ki, MMC konkret bir tender üçün yaradılıb və heç bir vergi və sosial ödənişlər olmadan ortadan çıxıb.

Dövlət Vergi Xidmətinin məlumatlarında 4 Oktyabr 2016-cı il tarixdə dövlət qeydiyyatına alınmış, 5 manat nizamnamə kapitalı olan, hüquqi ünvanı YASAMAL RAYONU,ŞƏRİFZADƏ ev 80 m.6 göstərilən “RADİANT-MNQ” Məhdud Məsuliyyətli Cəmiyyəti də Kərimova Xavər Telman qızının adına yaradıldığı bildirilir. Lakin sonradan bu MMC- nin də qanuni təmsilçisi dəyişdirilərək Manzura Zaripova olub. Bu MMC-nin dövlət satınalmalarında iştirakı barədə məlumatlar yoxdu. Lakin MMC -nin Səhiyyə Nazirliyinə tabeli qurumların gizlin keçirdikləri tender və kotirovka sorğuları yolu dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması proseslərində iştirakçı olması istisna deyil.

Aktualinfo.org-un hələ 2021-ci ilin fevralında QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən keçirilmiş tender və kotirovka sorğularında qanuni təmsilçisi Kərimova Xavər Telman qızı olan MMC-lərin qalıb olması barədə məlumat yaymışdı. Lakin göründüyü kimi bir il əvvəl onun adına yaradılmış MMC-lərin qanuni təmsilçiliyi bir neçə xarici vətəndaşların adına dəyişdirilib, əvəsinə isə yeni MMC yaradılıb. Bu isə o deməkdir ki, həmin MMC-lər Səhiyyə Nazirliyində bir nəfər tərəfindən idarə olunub və vergi borcları yaradaraq ortalıqdan çıxıblar.

Burada diqqət çəkən daha bir məqamı xüsusilə vurğulamaq istərdik. Qeyd edək ki, Sanator-Kurort Reabilitasiya Mərkəzi 2021-ci ildə də 18 000 ton isməli suyun satın alınmasınna 73800 manat vəsait ayırıb və keçirilmiş tender üzrə “RADON QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 29.07.21-ci il tarixdə müqavilə bağlayıb. MMC-nin daha sonra heç bir satıanalmada iştirak etdiyi barəda açıq mənbələrdə məlumat yoxdu. Bu MMC kimə məxsusdur?

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RADON QRUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.02.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, A.AĞAYEV, ev 54/60, qanuni təmsilçisi kimi isə Həmidova Gülzdə Abdulovna qeyd olunub.

Göründüyü kimi Sanator-Kurort Reabilitasiya Mərkəzinin içməli suyun satıanalması üzrə müqaviləsi bağladığı MMC-lər birdəfəlikdir və qanuni təmsilçilərinin qadın olmaları diqqəti çəkməyə bilmir. Bu qadınlar həqiqətənmi bir sahibkar kimi fəaliyyət göstərirlər, yoxsa Səhiyyə Nazirliyində yuksək vəzifə tutanların ailə üzvləri, qohumlarıdır? Bunu müəyyən etmək çox çətindir. Amma müəyyən etdiklərimiz digər xanım “sahibkarlarla” bağlanan satınalma müqavilələrini diqqətinizə çatdırırq.

Sanator-Kurort Reabilitasiya Mərkəzinin 2022 –ci ildə mətbəə mallarının satın alınması üzrə müsabiqə yolu ilə keçirdiyi kotirovka sorğusunda 44 704.3 manat məbləğində satınalma müqaviləsi 07.04.2022-ci il tarixdə “AZİMUT REKLAM VƏ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZİMUT REKLAM VƏ TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 13.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, MİKAYIL MÜŞFİQ, ev 8V, m. 5, qanuni təmsilçisi kimi isə Cəfərova Gülnarə Zair qızı qeyd olunub.

Mərkəz tərəfindən abadlaşdırma, yaşıllaşdırma və digər işlərinin satın alınması üzrə müsabiqə yolu ilə keçirilmiş kotirovka sorğusunda 44 080 manat məbləğində satınalma müqaviləsi 31.03.2022-ci il tarixdə “BRİC SERVİS-22” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BRİC SERVİS-22” Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.01.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏLƏDDİN QULİYEV, ev 1131, qanuni təmsilçisi kimi isə Həsənova Aytən Şahzadə qızı qeyd olunub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “BRİC SERVİS-22” MMC yanvar ayında dövlət qeydiyyatına alınıb. Amma artıq fevral,mart ayında Səhiyyə Nazirliyinə tabeli qurumların, Respublika Uşaq Sanatoriyasının abadlaşdırma işlərinin satın alınması üzrə keçirdiyi kotirovka sorğusunda 39454 manat, Sanator-Kurort Reabilitasiya Mərkəziindən isə eyni xidmətlərə görə 44080 manat “udub”.

Göründüyü kimi apardığımız kiçik bir araşdırmada Səhiyyə Nazirliyinə tabeli qurumlar Kərimova Xavər Telman qızı, Həmidova Gülzdə Abdulovna, Cəfərova Gülnarə Zair qızı, Həsənova Aytən Şahzadə qızı kimi xanım sahibkarlarlarla işbirliyindədirlər. Hansıki, bu xanımların sahibkarlıq fəaliyyəti haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Bəs onda bu xanımlar kimdir? Abadlaşdırma, yaşıllaşdırma,təmir-tikinti və digər qalibi olduqları bir çox işlərdən təsəvvürləri belə olmayan ya evdar qadınlar, ya Səhiyyə Nazirliyinə tabeli qurumlarda çalışan tibb işçiləri, yaxud da sözügedən nazirliyin vəzifəli şəxslərinin qohumları. Hanskı, onların adına formal yardılmış MMC-lər vasitəsi ilə hər il külli miqdarda dövlət vəsaitləri talan edilir.

Mənbə: Aktualinfo.org

Bənzər yazılar

Back to top button