DünyaManşet

ABŞ Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin mövqeyini öyrənir

Prezident Ərdoğan Finlandiya və İsveçin NATO-ya daxil olması ilə razılaşmadığını bəyan etdikdən sonra Vaşinqton Türkiyənin mövqeyini aydınlaşdırır, – Turan-ın Amerika müxbiri məlumat verib.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin sözlərinə görə, iki ölkənin transatlantik alyansa üzv olması ideyası üzv ölkələrdən “geniş dəstək” alıb.

Ağ Ev və Pentaqon bildiriblər ki, Birləşmiş Ştatlar NATO üzrə dəyərli müttəfiq olan Ankaranın mövqeyini “daha ​​yaxşı başa düşmək” üçün iş aparır.

Ankara Rusiya ilə Ukrayna arasında dialoqun qurulmasında iştirak və kömək edib, həmçinin Ukraynaya yardım edib.

“ABŞ Finlandiya və İsveçin NATO-ya müraciətini dəstəkləyir və biz bu mövzu ilə əlaqədar NATO üzrə digər 29 müttəfiqlə birlikdə işləyəcəyik”, – o əlavə edib.

Rəsmi şəxslərin sözlərinə görə, Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti prezident Bayden, İsveçin baş naziri Maqdalena Anderson və Finlandiya prezidenti Sauli Niinistö arasında telefon danışığı zamanı müzakirə edilib.

Bayden “NATO-nun açıq qapı siyasətini, Finlandiya və İsveçin öz gələcəklərini, xarici siyasətlərini və təhlükəsizlik tədbirlərini müəyyən etmək hüququnu dəstəklədiyini vurğulayıb”, – Ağ Evin hesabatında deyilir.

Donfrid jurnalistlərlə söhbətində deyib ki, bu mövzu həftəsonu Berlində NATO nazirlər görüşündə müzakirə ediləcək. Görüşdə Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirləri iştirak edəcəklər.

Berlində keçiriləcək NATO görüşündə dövlət katibi Entoni Blinken də iştirak edəcək.

Bənzər yazılar

Back to top button