Dünya

Erməni etirazçılar baş naziri sıxışdırmaq üçün hökumət binalarına girişi bağlayıblar

Cümə günü Ermənistanın paytaxtı Yerevanda baş nazirin istefası tələbilə növbəti etiraz dalğası zamanı minlərlə nümayişçi hökumət binalarına girişi bağlayıb.

Nikol Paşinyan 2020-ci ildə altıhəftəlik müharibədə Ermənistanı məğlub edən Azərbaycanla münasibətlərin normallaşmasına yaxınlaşdıqdan sonra ona təzyiqlər artıb.

İğtişaşlar həm də Rusiyanın Ukraynadakı müharibəsilə üst-üstə düşür ki, bu da onun keçmiş sovet qonşularını öz təhlükəsizliklərinə və Moskva ilə münasibətlərinə yenidən baxmağa sövq edir.

Paşinyan bildirib ki, beynəlxalq birlik Yerevanın mübahisəli Dağlıq Qarabağla bağlı iddialarında “tələbləri azaltmasını” istəyir. Bundan sonra həftələrdir ki, Ermənistanda etirazlar davam edir.

YouTube-da yerləşdirilən videoda görünür ki, müxalifətçilərin rəhbərlik etdiyi etirazçılar Ermənistanın üçrəngli bayrağını dalğalandırır və hökumət əleyhinə şüarlar səsləndirir, polis dəstələri isə binaları qoruyur.

“Biz bununla göstəririk ki, ölkədə Nikolun (Paşinyan) hakimiyyəti yoxdur”, – TASS informasiya agentliyi Ermənistan Milli Məclisinin vitse-spikeri İşxan Saqatelyandan sitat gətirib.

Paşinyanın Dağlıq Qarabağa dair şərhləri Azərbaycan prezidentinin tezliklə sülh danışıqlarının aparılmasına hazır olduğunu, lakin Yerevanın onun ölkəsinə qarşı istənilən ərazi iddialarından əl çəkməli olduğunu söyləməsindən sonra səslənib.

Dağlıq Qarabağ anklavı beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, lakin 2020-ci ildə altıhəftəlik müharibədə Azərbaycana məğlub olana qədər etnik ermənilərlə məskunlaşıb və tamamilə onların nəzarətdə olub.

Rusiyanın digər keçmiş sovet ölkəsi olan Ukraynaya təcavüzü ilə Ermənistan üzləşə biləcəyi xarici təhlükələri azaltmaq üçün öz qonşuları ilə münasibətlərini yenidən düşünməyə başlayıb.

“Müharibə Moskvanın bütün tərəfdaşlarını öz münasibətlərini yenidən nəzərdən keçirməyə məcbur etdi”, – Londonda “Chatham House”un “Rusiya və Avrasiya” proqramının elmi əməkdaşı Lourens Broers deyib.

“Ermənistanda ehtiyat edirlər ki, ən pis halda ölkə Rusiya ilə hansısa müttəfiqlik dövləti münasibətinə məcbur edilə bilər və buna görə də Ermənistan dövlətçiliyinin özü sual altındadır”.

Hazırda Ermənistan ölkənin şimal-qərbində hərbi baza saxlayan və 2020-ci ildə hərbi əməliyyatlara son qoyan razılaşmaya əsasən Dağlıq Qarabağa sülhməramlılar göndərən Rusiyanın yaxın müttəfiqidir.

Paşinyan Dağlıq Qarabağdakı etnik ermənilərlə məsləhətləşmədən Azərbaycanla sülh sazişini imzalamayacağına təkid edib.(Turan)

Bənzər yazılar

Back to top button