GündəmSiyasət

Fəal Rafael Hüseynzadənin həbsi ilə bağlı şikayət təmin olunmayıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində gənc fəal Rafael Hüseynzadənin həbsindən şikayətə baxılıb. R.Hüseynzadə yanvarın 25-də siyasi məhbusların azadlığa buraxılması tələbilə keçirdiyi təkbaşına etiraz aksiyası zamanı saxlanılıb.

Gəncə 30 sutka həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilinib.

R.Hüseynzadənin həbsilə bağlı şikayətə fevralın 1-də Bakı Apellyasiya Məhkəməsində hakim Kamran Əkbərovun sədrliyilə baxılıb.

R.Hüseynzadə bildirib ki, barəsindəki həbs qərarı ona qarşı haqsızlıqdır. O, polisə müqavimət göstərməyib. Dinc etiraz aksiyası keçirib.

Vəkil Cavad Cavadov da həbsin əsassız olduğunu bidirib. Vəkil diqqəti ona yönəldib ki, R.Hüseynzadənin aksiyası və onun saxlanması İnternetdə yerləşdirilən videokadrlarda əksini tapıb. Videodan da görünür ki, orada polisə müqavimət hadisəsi baş verməyib.

Birinci məhkəmə instansiyası polislərin ifadələrinə əsaslanaraq qərar çıxarıb.

Bundan əlavə, fəala qarşı irəli sürülən 535.1 maddə alternativ tənbeh tədbirlərini də nəzərdə tutur.

Lakin məhkəmə şikayəti təmin etməyərək fəalı həbsdə saxlayıb.

Gəncin doğmaları bildiriblər ki, onu ifadə azadlığına görə həbs ediblər. Onlar Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəklər.

R.Hüseynzadənin atası, AXCP fəalı Füzuli Hüseynov da siyasi məhbusların azadlığa buraxılması tələbilə piketlər keçirməklə tanınır. Buna görə saxlanma və həbsə məruz qalıb.

Bənzər yazılar

Back to top button