İqtisadiyyat

AZAL-a pul qazandıran Operativ Qərargahın diqqətinə

Qarşıdan yay mövsümü gəlir. Yayda istirahət üçün azərbaycanlılar daha çox qonşu ölkələrə, xüsusilə Gürcüstan və Türkiyəyə gedirlər.

Bu ilin aprel ayında Gürcüstanın beynəlxalq ziyarətçilərdən əldə etdiyi gəlirin 6,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb. Ümumi gəlir isə 188,6 milyon dollar təşkil edib. Yanvar-aprel ayları ərzində isə Azərbaycandan olan turistlər Gürcüstana 22,9 milyon ABŞ dolları qazandırıb. Əlbəttə, pandemiyadan öncə azərbaycanlılar qonşu ölkələrə daha sıx gedirdilər.

Bunun səbəbi pandemiya dönəmində, yəni 2020-ci ilin martında quru sərhədlərin bağlanması və hələ də açılmamasıdır.

Nazirlər Kabinetinin qərarı ilə bir çox məhdudiyyətlər, həmçinin hava yolu ilə gediş-gəliş bərpa olunsa da, hələ də quru sərhədlər açılmayıb. Lakin elə istirahət üçün üz tutduğumuz qonşu ölkələr Gürcüstan, Türkiyə quru sərhədlərinin açılması ilə bağlı qərar qəbul edib. Bizdə isə koronavirusa yoluxma sayı kəskin azalsa da, qapalı məkanlarda tibbi maskadan istifadə tələbi aradan qaldırılsa da, quru sərhədlərlə bağlı heç bir qərar verilməyib. Bütün ili işləyib, ildə bir dəfə özünə istirahət haqqı tanıyan vətəndaşlarımız ancaq hava yoluyla ölkədən çıxa və qayıda bilirlər. Bu da onların biletə daha çox pul xərcləməsi deməkdir.

Qeyd edək ki, ötən il Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşınmalarından 635 109,8 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 85% çoxdur. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ildə sözügedən göstərici 343 383,1 min manat təşkil edib.

Statistikada göstərilən rəqəm artımı quru sərhədlərin uzun müddət qapalı qalmasının nəticəsidir.

Belə çıxır ki, quru sərhədlərin qapalı qalması müəyyən maraqlara xidmət edir. Yəni Operativ Qəraragah quru sərhədlərlə bağlı məntiqli qərar verməməklə, bütün məhdudiyyətləri ləğv edib quru sərhədləri qapalı saxlamaqla dolayısı ilə AZAL-ın gəlirlərini artırmağa xidmət edir.

Pandemiyadan öncə qonşu Gürcüstana getmək üçün vətəndaş avtobus biletinə təxminən 15-20 Azərbaycan manatı xərcləyirdisə, indi AZAL vasitəsilə Gürcüstana getmək üçün minumun 157 manat pul verməlidir. Təkcə bu müqayisədən sərhədlərin qapalı qalmasında uduzan və qazanan tərəfi seçmək çətin deyil. //cebhe.info//

Bənzər yazılar

Back to top button