Bizim seçimİqtisadiyyatSiyasət

İntiqam Əliyevin kitabının təqdimatı keçirilib

Məşhur hüquqşünas İntiqam Əliyevin “Meydan” kitabının təqdimatı keçirilib. Əsər yazıçı tərəfindən 2014-2015-ci illərdə həbsxanada olanda düşünülüb və o, azad edildikdən sonra yazılıb. NİDA vətəndaş hərəkatı tərəfindən təşkil edilən tədbirdə həmçinin bir neçə nəşriyyatın yarmarkası təşkil olunub. Təqdimat iştirakçıları oxuduqları kitabları gətirə və yarmarkada onları ala, arzu edənlərə pulsuz təqdim olunan “Meydan”la mübadilə edə bilərdilər. Alınan kitablar siyasi məhbuslara veriləcək.

NİDA-nın İdarə heyətinin üzvü Rəhman Məmmədli qeyd edib ki, tədbir əvvəlcə təqdimat şəklində planlaşdırılıb, amma müəllifinin təkidi ilə yarmarkaya çevrilib: “Ümumiyyətlə, tədbirin məqsədi kitabın təbliği və ümumilikdə oxunmasıdır”, – deyə Məmmədli bildirib və əsərin məzmununu qısaca danışıb.

Kitabın müəllifi İntiqam Əliyev qeyd edib ki, tədbiri “Meidan”ın təqdimatı kimi qəbul etmir: “Kitab yalnız sizinlə görüşmək üçün bir bəhanədir. Tədbiri həbsdə olan dostlara dəstək kampaniyasının davamı və Azərbaycanda kitaba dəstək kampaniyası kimi nəzərdə tutmuşuq. Həbsxanada qaldığım müddətdə kitabların nə qədər vacib olduğunu anladım. Həbsxanada da oxuyurlar və orada ən yaxşı mənəvi qida kitablardır. Ona görə də ölkəmizin aktual problemləri ilə bağlı bir kitab yazmağı qərara aldım”. Əliyev tamaşaçıları kitab yazmağa çağırıb və deyib ki, bu tədbir yeni oxşar kitabların ortaya çıxmasına təkan verəcək.

Tədbirdə “Meydan” kitabı haqqında jurnalistlərin və publisistlərin fikirləri səslənib. Bundan əlavə, müəllif iştirakçılar üçün kitab imzalayıb. (Turan.az)

Bənzər yazılar

Back to top button