İqtisadiyyatManşet

“Yüksək inflasiya qiymət artımına və idxaldan asılılığa səbəb olur”

İlin əvvəlinə nisbətən inflyasiya bir qədər zəifləsə də, ikirəqəmli olaraq qalmaqda davam etmiş, həm daxili, həm də xarici amillər inflyasiyaya təsir edib.

Bu barədə Azərbaycan Hesablama Palatasının “2023-cü il dövlət büdcəsinin icrasına dair yarımillik məlumatla bağlı xülasəsi”ndə deyilir.

Sənəddə qeyd edilib ki, 2023-cü ilin yanvar-iyun aylarında orta illik inflyasiya 12,7 faiz olub, ilin əvvəli ilə müqayisədə sürəti bir qədər zəifləyib (2022-ci ildə orta illik inflyasiya 13,9 faiz).

“İstehlak səbətinə daxil olan bütün alt qruplar üzrə qiymət artımı ikirəqəmli qalmaqda davam edib, baxılan dövrdə də ən yüksək bahalaşma ərzaq məhsulları üzrə qeydə alınıb (15,1 faiz). İyun ayında əvvəlki aya nəzərən 0.9 faizlik deflyasiya müşahidə edilib”, xülasədə qeyd edilir.

Altı aylıq dövrdə orta illik inflyasiyanın ikirəqəmli qalması həm xarici, həm də daxili amillər ilə izah edilir.
“Belə ki, yanvar-iyun aylarında idxal olunan mallar orta illik qiymətləndirmədə 18,9 faiz bahalaşıb, Azərbaycan Mərkəzi Bankı tərəfindən sterilizasiya əməliyyatlarının tətbiqi fonunda manatla pul bazası iyun ayının sonunda illik ifadədə 17,6 faiz artıb. Baxılan dövr ərzində istehsalçı qiymət indekslərində də artım izlənilib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi idxal inflyasiyasını bir qədər neytrallaşdırıb və inflyativ proseslərə azaldıcı təsir edib”, sənəddə qeyd edilir.

Xülasədə qeyd olunur ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən yanvar-iyun aylarında idxal real ifadədə 8,5 faiz, nominal ifadədə isə 29,0 faiz artıb.

İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə Azərbaycanda inflyasiyaya təsir edən amillərdən danlşarkən bildirib ki, hazırda inflyasiyaya təsir edən faktorları aşağıdakı kimi qruplaşdırmaq olar.

“Birincisi qeyri-müəyyən konyukturdan qaynaqlanan psixoloji amillər hansı ki, özünü inflyasiya gözləntilərində büruzə verir. İnflyasiya gözləntisinin yüksək olması bütün tərəflərin davranışlarında yüksək qiymət artımlarına uyğunlaşma cəhdləri ilə müşahidə edilir. Bu isə öz növbəsində qiymətlərin artımına təkan verir. Digər məqam, idxaldan asılılıqdır. Stastik təhlillərdən görünür ki, yerli məhsulların istehsal qiymətləri emal sahəsində 4.1 faiz, o cümlədən qida məhsullarında 6.7 faiz, kənd təsərüfatında 10.4 faiz bahalaşdığı halda idxal olunan məhsulların orta kömrük keçid qiymətlərində 18.9 faiz artım olub”, – o qeyd edib.

Təlilçi inflyasiyanın artmasına təsir edən üçüncü səbəb kimi ekspansionist monetar və fiskal siyasəti qeyd edib.
“Həm büdcə xərcləmələrinin kəskin artımı və həm də Mərkəzi Bankın sterilizasiya fəaliyyəti pul kütləsinin artmasına və dolayısı ilə qiymətlərin mövcud səviyyəsinin istehlak meyilli təzyiqlə üzləşməsinə səbəb olur. Başqa bir məqam Azərbaycan bazarında qiymət elastiklliyinin zəif olmasıdır. Baxmayaraq ki, may-iyul aylarında ardıcıl olaraq deflyasiya müşahidə edilir, bununla belə yerli bazarın liberal olmaması, konservativ gömrük siyasəti, himayədarlıq, məmur biznesi və nepotizm kimi neqativ içtimai vərdişlərin dəstəklədiyi inhisarçılıq amilləri qiymətlərin azalan istiqamətli dinamikasını zəiflədir. Yəni qiymətlər artan zaman daha rahat məcrada oluğu halda azalan zaman müqavimətlə üzləşir. Bu isə inflyasiya göstəricilərinin hədəfə uyğunlaşdırılması təşəbbüslərinə maneə yaradır”, – Həsənov deyib.

Təhlilçi hesab edir ki, nominal idxalın artması iki əsas səbəbdən baş verir.

“Birincisi yuxarıda da qeyd etdiyimiz kimi, idxal məhsullarının qiymətləri əvvəlki ilə nisbətdə 18.9 faiz artıb ki, bu da idxala cəkilən xərcin də müvafiq həcmdə artması deməkdir. Real olaraq isə idxal yanvar-iyul aylarında 7.3 faiz artıb ki, bu artım da əsasən iki mənbə hesabına, – dövlət sektorunun idxalı və fiziki şəxslərin idxalı, – baş verib. Özəl sektorun idxalında isə nəzərəçarpacaq artım yoxdur. Dövlət sektoru üzrə idxalın artması büdcəinin investisiya xərlclərinin, xüsusi ilə də işğaldan azad edilən ərazilər üzrə əsas kapital qoyuluşlarının səbəbindən daha intensiv xarakter alır. Fiziki şəxslərin idxalında isə artım həm yüksək inflyasiya fonunda ailə təsərüfatlarının öz büdcələrinin daha əlverişli idarə etmə cəhdləri, həm də xüsusi ilə Türkiyə və Rusiya kimi əsas xarici ticarət tərəfdaşlarında yerli valyutaların kəskin ucuzlaşmasında qaynaqlanan ticarət üstünlüyündən faydalanma cəhdləri ilə izah edilə bilər. Yəni, həmin ölkələrin dəyərsizləşən valyutaları gecikən qiymət artımları fonunda qısa müddətli dövr üçün əlverişli ticarət/qiymət mühiti yaradır ki, təbii olaraq da digital dövrün də dəstəyi ilə vətəndaşlar bu imkanlardan yararlanır”, – Həsənov bildirib.

Bənzər yazılar

Back to top button