İqtisadiyyat

Araşdırma: Bakıda köhnə gəmini muzeyə çevirmək üçün 23 milyon manat xərclədilər

Murad Səmədov, xüsusi müxbir

Bakı buxtasına Su idman növləri Sarayından bir qədər aralıda yan almış gəmi həm muzey, həm də restoran kimi fəaliyyət göstərir.  Unikal mədəni-tarixi müəssisə, lap elə restoranla birlikdə,  reportaj mövzusu ola bilərdi – Parisdə beləsi var, Sankt-Peterburqda və Stokholmda da, indi isə bizdə də.  Ancaq redaksiyamıza onun yaradılmasına nə qədər pul sərf olunması haqda səhih məlumatlar daxil olanda, anlaşıldı ki, vəsaitlərin məqsədyönlü xərclənməsinə dair tədqiqat aparmağın zamanıdır.

Muzeyin saytında göstərilir ki, “Azərbaycan Xəzər dəniz gəmiçiliyi” (ASCO) Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan “Suraxanı” gəmisi Azərbaycanın dənizlə neft daşınmaları tarixində çox əhəmiyyətli rol oynayıb.  Tanker ölçülərinə görə böyük görünsə də, öz təsnifatında bu ölçülər heç də iri deyil: uzunluğu 123 metrdən bir qədər çox və dedveyti, yəni yükgötürmə qabiliyyəti 4696 tondur.  Müqayisə üçün, dünyanın ən iri tankerlərindən biri olan, Yaponiyanın  Sumitomo Heavy Industries  şirkəti tərəfindən layihələşdirilən “Knock Nevis”  tankerinin dedveyti 418 min tondur, yenidən qurulmasından sonra isə ağlagəlməz həcmdə – 657 min ton yük daşımağa başlayıb.

Gəmi-stansiyanın magik rəqəmləri

1957-ci ildə “Suraxanı” suya buraxılanda dünya dənizlərində üzən tankerlərin orta dedveyti təxminən 100 min ton idi.  Başqa sözlə, Azərbaycan gəmisi hətta o dövr üçün də ölçülərinə görə iri sayılmırdı. Heç Sovet gəmi inşaatçıları da qarşılarına Xəzərin darısqal olacağı supertanker yaratmaq məqsədi qoymamışdılar.  «Suraxanı» Xəzər dənizinin bir limanından digərinə neft daşımaqla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirirdi.  Üzən vasitə kimi öz əsrini başa vurandan sonra isə ondan ASCO-nun nefttəmizləyici stansiyası qismində uğurla istifadə etdilər. Gəmi hətta ilkin adını da itirdi – ona  stansiyanın nömrəsini, Təmizləyici st.№1 verdilər.

Redaksiyamız maraqlı fakt əldə edib: 2 il ərzində bir gəminin təmirinə 23 milyon manat xərclənib…

“Suraxanı” tankerinin yaradıcıları təsəvvür edə bilməzdilər ki, onların övladı Azərbaycana 70 ilə yaxın müddətdə xidmət göstərəcək.  Görünür, uzunömürlü gəminin xidmətlərini nəzərə alaraq 2017-ci ildə ASCO məmurlarının ağlına onu muzeyə çevirmək ideyası gəldi.

Prinsipcə heç də pis olmayan fikri reallaşdırmaq üçün tankeri əsaslı təmir və hətta qismən də bərpa etdilər, bu işlərə ASCO -nun “Bibiheybət” gəmi təmiri zavodunun və “Xəzər” Məhdud məsuliyyətli cəmiyyətinin kadr və texniki resursları cəlb olundu.  Muzeyin saytında qeyd olunur ki, gəminin gövdəsinin və digər hissələrinin təmir və bərpasında 2000-dən çox gəmi təmirçisi çalışıb.

Ümumiyyətlə, bu saytda gəminin üzmə vasitəsi kimi bütün xüsusiyyətlərini saxlamaqla muzeyə çevrilməsində istifadə olunmuş qabaqcıl həll yolları haqqında çoxlu ətraflı məlumatlar var.  Və yalnız bu işə sərf olunan dövlət vəsaitlərinin miqdarı göstərilməyib.

Ancaq redaksiyamız sensasion məlumat əldə etdi:  tankerin təmirinə  2018-ci ildə 9 594 050 manat, 2019-cu ildə isə- 12 832 726 manat xərclənib. Bu rəqəmləri etibarlılığı şübhə doğurmayan mənbə təqdim edib.  Üstəlik, bu, təmirə sərf olunan xərcin hamısı deyil – təəssüf ki, 2017 və 2020-ci ildə nə qədər pul xərcləndiyini aydınlaşdırmaq mümkün olmadı. Ən sadə hesablamalara görə, muzey üçün ümumilikdə 22,4 milyon manat dövlət vəsaiti sərf olunub. Niyə dövlət?  Çünki, ASCO tamamilə və bütövlükdə dövlətə məxsusdur və şirkət bütün gəlir və xərclərinə görə ölkənin Maliyyə nazirliyinə hesabat verir.  Dövlət şirkətinin yeni yaradılmış müşahidəçilər Şurasının sədri isə maliyyə naziri Samir Şərifovdur.

Gəmi-muzey içəridən belə görünür…

4696 ton dedveyti olan tankerin təmiri 13,2 milyon dollara başa gələ bilərmi?

İnternetdə azacıq araşdırma dəniz nəqliyyat vasitələri bazarında qiymətlərlə bağlı vəziyyəti bir qədər aydınlaşdırır. Məsələn, bir neçə il əvvəl mürəkkəb maliyyə vəziyyəti ilə qarşılaşan milyardçı Mübariz Mənsimov auksionda özünün Riroil-1, Riroil-2, Riroil-3 və Riroil-4 tankerlərini satmağa məcbur olmuşdu. Söhbət nisbətən yeni, 2001-2003-cü illərdə tikilmiş, hər birinin dedveyti 6,6 min ton, yəni, “Suraxanı”dan xeyli çox olan gəmilərdən gedir.  Beləliklə, Mənsimov 4 tankerin satışından cəmisi 8 milyon dollar əldə edir – hər gəmiyə görə 2 milyon dollar. Bundan başqa, internetdə Sovet istehsalı olan köhnə tankerlərin satışı ilə bağlı çoxsaylı elanlar yerləşdirilib və təklif olunan qiymət lüks idman avtomobilinin dəyərini ötmür, yəni, təxminən 200-300 min dollardır.

Dedveyti “Suraxanı”dan xeyli böyük olan yeni tankerin tikintisi isə bir neçə milyon dollara başa gəlir. Yalnız 2018-2019-cu illər ərzində təmirə sərf olunan 13,2 milyon dollara elektronika və bahalı kayutlarla dolu əsl kruiz gəmisi əldə etmək olar. Bu məlumatları “Portnyus nəşri  təqdim edir və qeyd olunur ki, söhbət 1990-2005-ci illərdə inşa olunmuş böyük laynerlərdən gedir.

Ədalət xatirinə söyləyək ki, “Suraxanı” tanker-muzeyini digər gəmilərlə müqayisə etmək tam düzgün olmaz,  belə ki, onun əvvəllər neft saxlanan və daşınan anbarı sərgi zallarına çevrilib.  Rəqəmlər isə yalnız müasir tankerlərin real dəyərini göstərmək üçün sadalanır. Aydındır ki, Mənsimovun 2 milyon dollara satılan gəmisi “Suraxanı” ilə müqayisədə böyük olsa da, üzmə vasitəsi kimi xidmətini davam etdirir və muzeyə çevrilməyib. Yəni, məntiqlə “Suraxanı”nın əsaslı təmiri heç də satış qiymətindən və ya yeni tankerin inşasından baha başa gəlməməlidir.  Yeni tankerin inşasına isə, aydınlaşdırdığımız kimi, 2-4 milyon dollar lazımdır. Elə isə “Suraxanı”nın təmirinə xərclənmiş məbləğin 10 milyon dolları hara gedib? Doğrudanmı, muzeyə? Əvvəl-axır, bu ki Ermitaj deyil …

Azərbaycanın gəmi-muzeyi nəyə bənzəyir? Onun yaradıcıları bu barədə yazırlar:

“Ən müasir texnoloji avadanlıqlardan istifadə etməklə zallarda müxtəlif innovasion həll yolları tətbiq olunub. Qonaqlar muzeydə Xəzər dənizinin və Abşeronda neft hasilatının tarixi, gəmiçiliyin inkişafı, naviqasiya vasitələri arasında dünyanın ilk dəniz nəhəngləri sayılmış gəmilər, gəmiçiliyin ayrılmaz atributları, 5000 illiyə yaxın yaşı olan dəniz düyünləri, habelə gəmilərin istismarında istifadə olunan avadanlıqlar ilə yaxından tanış ola bilərlər.  Muzeyin restoranında həm milli, həm də dəniz məhsullarından hazırlanan yeməkləri dadmaq olar”.

Muzeyin saytındakı gəminin daxili bəzəklərini və eksponatları nümayiş etdirən video yerləşdirilib, ancaq yenə də bütün bunlar 20 milyon dollara başa gələ bilməz.

Fransızlar isə bu cür kruiz laynerini bizim muzeydən 3 dəfə ucuz satırlar…

Bizim “Kaspar” a sorğumuz

Redaksiya vəziyyəti aydınlaşdırmaq üçün “Azərbaycan Xəzər dəniz gəmiçiliyi”nə (ASCO ) rəsmi sorğu göndərərək yaranmış suallara cavab verilməsini xahiş etdi.

ASCO praktik olaraq anında reaksiya verdi. Ancaq adət etdiyimiz rəqəmlər və yayğın cümlələrdən ibarət quru hesabatın əvəzinə şirkətdən maraqlı dəvət gəldi – muzeyə ekskursiya və şəxsən  ASCO-nun rəhbəri Rauf Vəliyevlə görüş.  Özümüzü gözlətmədik və artıq sabahı gün səhər saat 11-də haqqin.az-ın baş redaktoru Eynulla Fətullayevlə gəminin göyərtəsində idik. Bizi muzeyin Tərlan adlı direktoru qarşıladı.

2016-cı ildə “Suraxanı” belə görünürdü

 

“Muzeyimizin kompozisiyası xeyli zəngindir. Ekskursiya 90 dəqiqəyə hesablanıb. Ancaq sizi ləngitməmək üçün “Suraxanı” ilə tez tanış etməyə çalışacam”, -gənc, 30 yaşlarında direktor söylədi.

Göyərtəni gəzib tankerin tarixi ilə bağlı ümumi məlumat alandan sonra sərgi zallarına çevrilmiş daxili otaqlara enirik. Onların hər biri müəyyən mövzu çün ayrılıb.  Qonaq ilk olaraq dənizçilərin, xilasedicilərin, dalğıcların fiqurlarının madam Tüssonun muzeyindəki kimi düzüldüyü, böyük monitorlardan isə sizi kapitanın və digər ekipaj üzvlərinin salamladığı otağa düşür.

Digər zallar naviqasiyaya, lövbərlərə, Xəzər dənizinə, gəmilərə və gəmiçiliyə, yükdaşınmalara və s. həsr olunub.  Dənizçiliyin dünyada və ayrıca Xəzərdə tarixindən bəhs edən tematik sərgi də var.  Gəmilərin təsvirlərlə maketləri yerləşdirilib.  Muzeyin əsas xüsusiyyəti interaktiv kontentin, multimedia və uşaqlar üçün müxtəlif oyunların bolluğundadır.

Bütün zal və sərgilərə, həmçinin maşın bölməsinə və kapitan kabinəsinə baxış 40 dəqiqəyə başa gəlir.  Ekskursiyadan sonra direktor bizə gəmidə yerləşən restorana getməyi təklif edir və artıq orada bizi ASCO -nun direktoru Rauf Vəliyev gözləyir.

Rauf Vəliyevlə görüş

“Mən sizin saytınızın daimi oxucusuyam. Və mənə bildiriləndə ki, bizim muzey-tankerimizlə, onun yaranma tarixi ilə maraqlanırsız, sizi maraqlandıran bütün suallara şəxsən cavab vermək qərarına gəldim”, – əlli yaşlarındakı enerjili kişi söhbətə başladı.

Sonrakı iki saatlıq söhbət önümüzdə yalnız muzey-tankerin yaradılmasının nüanslarını yox, həm də dəniz ahəsinin bütün problemlərini açdı. Qısaca R.Vəliyevin söylədikləri.

“Məni 2013-cü ildə ASCO-ya rəhbər təyin edəndə qarşıma Azərbaycanda dənizçi peşəsinin nüfuzunu qaytarmaq məqsədi qoydum. Bizim respublikamız həmişə Xəzərdə dənizçiliyin mərkəzi olub, ancaq son onilliklərdə o, tənəzzül etməyə başladı.  Dəyişikliklərə Dənizçilik akademiyamızdan başladım. Orada elə vəziyyət idi ki, keçid balı 200-250-yə düşmüşdü.  Hər il qəbul imtahanlarına minə yaxın abituriyent gəlirdi.  Hələ dənizçilər hazırlayan texniki kollec də var.  O vaxt imtahan komissiyasının sədri Məleykə Abbaszadə ilə şəxsən danışdım və ondan “dənizçi” ixtisası üçün keçid balını maksimum qaldırmağı xahiş etdim.  Hazırda akademiyaya 500-600 bal toplayan abituriyentlər qəbul olur və bu peşə yenidən nüfuzlu sayılır.  Gizlətmirəm, istedadlı gəncləri diplom alandan sonra şirkətimizdə işləmək təminatı və yüksək məvaciblə də maraqlandırmağa çalışmışıq.  Bu gün ASCO-da həqiqətən də ölkədə ən yüksək məvacibi alırlar, məbləği yalnız SOCAR-la müqayisə etmək olar”, – ASCO rəhbəri qürurla bəyan edir.

Rauf Vəliyev özü məsələni izah etməyi qərara aldı

Onun sözlərinə görə, istehsalın effektivliyini artırmaq üçün kooperativ idarəçilik tətbiq edirlər. Gənc kadrlar, əsas peşəkarlar gəlib və onlar Kasparın köhnə işçiləri ilə birlikdə işi qaydasına salıblar.

“Velosiped  icad etməyə hazırlaşmırıq – dünyanın aparıcı dəniz şirkətlərinin təcrübəsindən yararlanmaq və onu öz reallıqlarımıza uyğunlaşdırmaq qərarına gəldik KPI  (Key Performance Indicators -effektivliyin əsas göstəriciləri) sistemini tətbiq etdik, bu sistemə görə hər ilin sonunda hər bir əməkdaşın işinin effektivliyi hesablanır və ona bonus ödənilir. Bonusların ödənməsinə düz milyon manat ayırmışıq. İşinin effektivliyindən asılı olaraq kimsə 20 min manat, kimsə 300 manat bonus alır”, – o, qeyd edir.

Həqiqət axtarışında

ASCO  işçilərinin sayı ilə bağlı sualımıza məmur aydınlıq gətirərək bildirir ki, optimallaşmanın aparılmasından sonra əməkdaşların miqdarı 11 mindən 8 minə düşüb. Hesab edir ki, yenə ixtiralar aparmaq olardı, ancaq sosial məsuliyyət məsələsi var.

Nəhayət görüşün mövzusuna keçirik – “Suraxanı” muzey-tankerinin yaradılmasına. Doğrudanmı bu işə inanılmaz 23 milyon manat, eyni 4-5 çoxmərtəbəli binasının tikintisinin praktik dəyərinin xərcləndiyini soruşuruq. Vəliyev bu məlumatı təsdiqləyir, ancaq qeyd edir ki, söhbət hər halda adi gəmidən yox, muzeydən gedir.  Bildirir ki, başlanğıcda əcnəbi şirkətlərdən birinə müraciət ediblər və həmin şirkət tankerin bərpası üçün büdcəni hətta 50 milyon manat hesablayıb.

R.Vəliyev bizi maraqlandıran mövzudan bir qədər yayınaraq gəmidə muzey yaratmağı kimin və necə fikirləşdiyini danışır: “Narahat olmayın, – o, sakitləşdirir, – bütün suallarınıza cavab verəcəm.  Ancaq bizim övladımızın yaranmasının bütün mərhələlərini bilməsək, nə qədər və hara xərcləndiyini anlamaq da çətin olacaq.  Muzey yaratmaq ideyasının ümumiyyətlə haradan əmələ gəldiyindən danışmaq istəyirəm. 2018-ci ildə Kasparın 16- illiyi qeyd olunurdu.  O, doğrudan da dünyanın fəaliyyətdə olan ən qədim şirkətlərindən biridir. Bununla bağlı çoxlu tədbirlər planlaşdırılmışdı və ASCO-dan şəhərə hədiyyə kimi dəniz işləri muzeyi yaratmaq istədik.

Əvvəlcə seçimi 1934-cü ildə inşa edilmiş “Maksim Qorki” teploxodunun üzərində saxladıq. Orada Stalinin kabineti vardı (Rusiya KİV-i gəmini “Stalinin  yaxtası adlandırırlar – müəllif).  Onun satış qiyməti elə də yüksək deyildi və biz onu Xəzərdə dəniz gəzintiləri üçün yenidən təchiz etməyi planlaşdırırdıq.  Ancaq Rusiya KİV-i teploxodun Azərbaycana satılacağından xəbər tutdular və əsl isteriya başladı. Teploxodun sahibini yuxarılara çağırdılar və başa saldılar ki, “Maksim Qorki” Rusiyanın hüdudlarını tərk edə bilməz. Belə olanda gəmi-muzey yaratmaq haqqında fikirləşməyə başladıq”.

Azərbaycan “Maksim Qorki”ni niyə ala bilmədi…

Vəliyev daha sonra bildirir ki, gəmidə muzeylərin olduğu bir neçə iri dünya limanında, o cümlədən, Şanxayda, Hamburqda olur.  Sonda seçim gəminin ölçülərinin çox da böyük olmaması səbəbindən Hamurqun üzərində dayanır (güman ki, söhbət “Rikmer Rikmers” muzey-gəmisindən gedir – müəllif).  Azərbaycan gəmilərindən isə gələcək muzey kimi “Suraxanı” tankeri seçilir. O, Azərbaycan donanmasında işlək halda olan ən yaşlı gəmi idi və təmizləyici stansiya kimi istifadə olunurdu. Gəminin daha bir xüsusiyyətli üçgövdəli olmasında idi.

“Gəminin gövdəsini özümüz düzəltdik, daxilini isə əcnəbilər işləyib hazırladılar. İşlərə 80-ə yaxın yerli və əcnəbi şirkətlər cəlb olundu. Problem onda idi ki, “Suraxanı”nın 90%-i korroziyaya məruz qalmışdı, daxili isə mazutun içindəydi, çünki təmizləyici stansiya kimi istifadə edilirdi. Bizim əsas vəzifəmiz gəminin gövdəsinin saxlanılmasında və daxilində sərgilər üçün fəza yaratmaqda idi. İstənilən səhv addımdan gövdə sadəcə çat verərdi”, – o, deyir.

ASCO-da qeyd edirlər ki, dünyada ilk muzey-tankerin yaradılması az qala əl rejimi ilə aparılıb.  Onun yaradılmasında üç növbə olmaqla iki minə yaxın adam iştirak edib.  Gəmi son illər təmizləyici stansiya kimi fəaliyyət göstərdiyindən mazutla çirklənib, odur ki, qaynaq aparatından istifadə mümkünsüz olub.

“Bəli, muzeyin yaradılmasına 23 milyona yaxın vəsait xərclənib.  Bu vəsaitin yarısı bizim zavodumuza ödənib (gəminin gövdəsi ASCO-nun “Bibiheybət” gəmi təmiri zavodunda təmir edilib – müəllif).  Vəsaitin əsas hissəsi gövdənin təmirinə və elektronikaya sərf olunub”, – Vəliyev davam edir.

Sanki hər şey inandırıcıdır, ancaq yenə də skeptikcəsinə qeyd edirik ki, hazırda dünyada 1-2 milyon dollara daha böyük dedevaytı olan tankerlər almaq mümkündür və paslanmış “Suraxanı”ya böyük pullar xərcləmək nə dərəcədə məqsədəuyğundur..

“Siz haqlısız. Dünyada bir çox gəmiçilik şirkətləri müflis olublar və həqiqətən də dediyiniz məbləğə, hətta daha ucuz qiymətə tankerlər almaq olar.  Bizdə də utilizasiyaya hazır xeyli tanker var.  Ancaq söhbət sadəcə tankerdən yox, öz növündə yeganə olan muzeydən gedir. Əlbəttə, “Suraxanı”nın surətini yenidən tikmək olardı, ancaq bu, tarixin təhrifi və sadəcə replika olacaqdı. İlk baxışda görünməyən çoxlu nüanslar var.  Məsələn, kondisiyalaşdırmanı ( normaya, standarta uyğunlaşdırma – Red.) götürək. Bütün gövdə dəmirdən ibarətdir, bərk qızdıqda və soyuduqda sadəcə çatlaya bilər.  Və biz buna xüsusi diqqət ayırdıq”, -məmur izah edir.

Məlumatlılığımızı nümayiş etdirərək qeyd edirik ki, bir çox ölkələr şirkətlərin dövlət tərəfindən idarə olunmasından imtina edirlər və özəlləşdirmə yoluna üstünlük verirlər. Və ASCO  rəhbərinin şirkətin özəlləşdirilməsinə necə münasibət bəslədiyini ehtiyatla soruşuruq.

“Bu sahələrdə pul var və təbii ki, dövlət qazanmaq istəyir.  Axı dövlətin heç də bütün gəlirləri vergilərdən formalaşmır. Vaxtilə Moskvanın meri Yuri Lujkovu meriyanın vəsaiti ilə biznes mərkəzləri tikdiyinə görə bərk tənqid edirdilər.  Bu gün isə Moskva meriyası həmin biznes mərkəzlərini icarəyə verib çox böyük gəlir götürür və həmin gəliri sosial layihələrə yönəldir. Bu gün ASCO –  uğurlu və gəlirlə işləyən şirkətdir, dövlətə gəlir gətirir.  Onun kapitallaşması milyard manatdır, əcnəbi banklar qarşısında kredit borcları yoxdur.

Düzdür, Beynəlxalq bankın qarşısında 25 milyon manatlıq böyük olmayan kredit öhdəliyi var (tanker-muzeyin yaradılmasına təxminən o qədər xərclənib – müəllif.), ancaq şirkətin miqyası üçün bu, çox pul deyil.  Üstəlik, ödəniş üçün hələ dörd ilimiz var.  Özəlləşdirmə aparmaq üçün də əlverişli zaman deyil. Dünyada böhrandır, dəniz şirkətləri müflisləşir, onların əmlakı auksionlarda dəyər-dəyməzinə satılır.  Özəlləşdirmə üçün ideal vaxt 2015-ci il idi. Şübhəsiz, şirkətin hissəsi və ya tam özəlləşdirilməsi haqqında qərarlar qəbul edilə bilər. Onlarla variant var.  Ancaq bu cür strateji qərarlar ən yüksək səviyyədə qəbul olunur”, – Vəliyev öz rəyini bildirir və xatırladır ki, Azərbaycan tarixən Xəzərdə gəmiqayırma və dənizçilik mərkəzi olub, elə indi də gəmiqayırma ənənələri burada güclüdür, yaxşı mütəxəssislər var.

“Suraxanı”nın adını yenidən dəyişdirib “Məmur israfçılığı” qoymaq olardı…

 

“Məsələn, 2010-cu ildə Bakı gəmiqayırma zavodunun tikintisinə başlanıldı. O vaxt biz bütün Xəzəryanı ölkələri dolaşdıq və bildirdik ki, Xəzərdə müasir gəmiqayırma zavodu olmalıdır.  Maraqlandıq ki, hansısa ölkə bunu üzərinə götürmək istəyirmi, aydın cavab almadıq. Azərbaycan Xəzərdəki neft-qaz layihələrinə görə yeni zavoda ehtiyac duyurdu və gözləyə bilməzdi.  Belə olanda prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunun tikintisinə başlamaq haqda sərəncam verdi.  Hər şey hazır olanda, nədənsə türkmənlər də bu cür zavod tikməyə başladılar”, – Rauf Vəliyev deyir və qeyd edir ki, Azərbaycan Qazaxıstanın dəniz şirkətinin özəlləşdirilməsində iştirak etməkdə maraqlıdır.

Söhbət ümumi mövzulara keçir, sonra biz sağollaşıb tanker-muzeyi tərk edirik. Tənha”Suraxanı”  tamamilə adamsız bulvarda yandırıcı günəşin altında qalır.  Ya dəniz işi tarixinin mühüm abidəsi, ya da Azərbaycanda məmur israfçılığının monumenti kimi …

Virtualaz.org

Bənzər yazılar

Back to top button