Siyasət

QHT rəhbərləri Jalə Bayramova ilə bağlı Prezidentə müraciət etdi

Müraciət müəllifləri bu işin təşkilatçılarını və ifaçılarını cəzalandırmağı xahiş edirlər

Gender problemləri ilə məşğul olan bir sıra QHT rəhbərləri parlament seçkiləri zamanı seçki məntəqəsində müşahidə aparan Jalə Bayramovaya qarşı zorakılıq aktı ilə bağlı prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Məlumatı “Turan” yayıb.

BMT-nin “Qadınlara qarşı bütün ayrı-seçkilik formalarının aradan qaldırılması haqqında” Konvensiyası çərçivəsində Azərbaycanın öhdəliklərini xatırladan müəlliflər cəmiyyətdə qadınlara qarşı ayrı-seçkilik faktları olduğunu qeyd edirlər.

Xüsusən, fevralın 9-da 76 saylı Lənkəran-Astara Seçki Dairəsinin 16 saylı seçki məntəqəsində seçki komissiyasının məşvərətçi səs hüququna malik üzvü, BDU-nun hüquq fakultəsinin 4-cü kurs tələbəsi Jalə Bayramovanın vəhşicəsinə döyülməsi faktı qeyd edilir.

Müraciətdə bildirilib ki, Bayramovanın Azadə Kərimova adlı qadın tərəfindən amansız döyülməsinin videokadrları sosial şəbəkələrdə geniş şəkildə yayılıb və çoxsaylı müraciətlərə, şikayətlərə baxmayaraq, heç bir tədbir görülməyib.

Bundan başqa, MSK sədri Məzahir Pənahov hadisədə Bayramovanın özünü ittiham edərək, onun səsvermə zamanı pozuntuları videoya çəkmək hüququna malik olmadığını bildirib.

Müraciət müəllifləri Prezidentdən və Birinci vitse-prezidentdən zorakılıq aktının obyektiv şəkildə araşdırılmasını təmin etməyi və bu cinayətin təşkilatçılarını və ifaçılarını cəzalandırmağı xahiş edirlər.

Müraciəti Novella Cəfəroğlu, Mehriban Zeynalova, Zəliha Tahirova, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva, Ruhəngiz Hüseynova, Sevil Allahverdiyeva, Şəhla İsmayıl, Nabat Qəniyevə və Firuzə Əsədullayeva imzalayıblar.

Bənzər yazılar

Back to top button