Dünya

ABŞ Ukraynaya 40 milyard dollarlıq yardım göstəriləcəyini bildirir

Cümə axşamı ABŞ Senatı böyük səs çoxluğu ilə Ukraynaya 40 milyard dollarlıq yardım paketini qəbul edib və Finlandiya və İsveçin NATO-ya daxil olmasını qətiyyətlə dəstəkləməyə hazırdır, Turan-ın Vaşinqton müxbiri bildirib.

Son mərhələ hazırda Cənubi Koreyada olan prezident Baydenin imzasıdır və yəqin ki, orada imzalayacaq, administrasiyadakı mənbə bildirib.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynaya təhlükəsizlik, iqtisadi, ərzaq və humanitar yardım göstərəcəyik, onun döyüş meydanında və danışıqlar masası arxasında mövqeyini daha da gücləndirəcəyik”, – Baydenin bəyanatında deyilir.

Cümə axşamı Bayden həmçinin Ukraynaya 100 milyon dollarlıq daha bir hərbi yardım paketini açıqlayıb. Buraya: 18 ədəd 155 millimetrlik haubitsa və onları yedəkləmək üçün eyni sayda maşın, üç ədəd TPQ-36 artilleriya əleyhinə radar, həmçinin səhra avadanlığı və ehtiyat hissələri daxildir.

“ABŞ Ukraynaya öz müdafiə potensialını artırmaqda kömək etmək, NATO-nun şərq cinahında və daha geniş regionda müttəfiqlərini və tərəfdaşlarını dəstəkləmək əzmindədir”, – dövlət katibi Entoni Blinkenin bəyanatında deyilir.

Cümə axşamı səhər Bayden İsveç və Finlandiya liderlərini Ağ Evdə qəbul edərkən bu ölkələrin NATO-ya qəbul olmaqla bağlı müraciətlərini alqışlayıb.

Ağ Ev “əmindir” ki, İsveç və Finlandiya Türkiyədəki maneəni aradan qaldırdıqdan sonra tezliklə NATO-ya qoşulacaq, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan deyib.

Prezident Baydenlə birlikdə çıxış edən İsveç və Finlandiya liderləri bildiriblər ki, Türkiyənin problemlərini həll etmək üçün onunla işləyəcəklər.

“NATO müttəfiqləri olaraq, necə ki Türkiyə bizim təhlükəsizliyimizi təmin etmək öhdəliyi götürür, biz də Türkiyənin təhlükəsizliyini təmin etmək öhdəliyi götürürük”, – Finlandiya prezidenti Sauli Niinistö bildirib.

“Biz terrorizmə ciddi yanaşırıq. Biz terrorizmin bütün formalarını pisləyir və ona qarşı fəal mübarizə aparırıq. Biz Türkiyədə bizimlə əlaqədar yaranmış bütün problemlərin konstruktiv müzakirəsinə açığıq”, – Niinistö əlavə edib.

İsveçin baş naziri Maqdalena Anderson da NATO üzvləri tərəfindən “tez ratifikasiyaya” ümid etdiyini bildirib. “Hazırda mövcud olan istənilən məsələni həll etmək üçün Türkiyə də daxil olmaqla, NATO ölkələrinin hamısı ilə müxtəlif səviyyələrdə dialoq aparırıq”, – o əlavə edib.

Bənzər yazılar

Back to top button