DünyaManşet

İranda təhlükəsizlik qüvvələrilə hökumət əleyhinə nümayişçilər arasında toqquşmalar baş verib

Cümə axşamı İranın bir neçə vilayətində təhlükəsizlik qüvvələri hökumət əleyhinə etirazların dağıdılması üçün döyüş mərmiləri və gözyaşardıcı qaz tətbiq edib, Reuters məlumat yayıb.

Sosial şəbəkələrdəki məlumatlara görə, ərzaq məhsullarının qiymətlərinin artması ilə bağlı etirazlar yayılmaqda davam edir.

Ərzaq subsidiyalarının azalması bəzi əsas un məhsullarının 300% bahalaşmasına səbəb olduqdan sonra iranlılar keçən həftə küçələrə çıxıblar. Etirazlar sürətlə siyasi xarakter alıb, dəstə-dəstə adamlar 2019-cu ildə yanacağın qiymətinin qalxması ilə başlayan iğtişaşları təkrarlayaraq İslam Respublikasına son qoymağa çağırıb.

Sosial şəbəkələrdə Reuters tərəfindən təsdiqlənməmiş görüntülər göstərir ki, son günlər ən azı 6 nəfər ölüb, onlarla adam yaralanıb. Ölənlərin sayı ilə bağlı rəsmi açıqlama verilməyib.

Cümə axşamı sosial şəbəkələrdə İranın mərkəzi hissəsində Farsan da daxil olmaqla, digər şəhərlərdə şiddətli toqquşmaların baş verdiyini, ictimai asayiş polisinin nümayişçilərə döyüş güllələrilə atəş açdığını göstərən görüntülər yayılıb. Şehr-e Kord və Xafşencanda təhlükəsizlik qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Videonun birində cənub Dezful şəhərində nümayişçilər “Qorxmayın, qorxmayın, biz birlikdəyik!” şüarını səsləndirirlər.

Reuters agentliyi sosial mediada yayılan videoların həqiqiliyini yoxlaya bilməyib.

Cümə axşamı yüksək rütbəli polis əməkdaşı Kasem Rezai xəbərdarlıq edib ki, “qanunsuz toplaşmalar qəbuledilməzdir və qarşısı alınacaq”, – İranın yarı rəsmi ILNA informasiya agentliyi bildirib.

Ötən həftə hökumət etirazları etiraf edib, lakin onları kiçik toplaşmalar kimi təsvir edib. Ötən həftə İranın dövlət KİV-ləri “onlarla üsyançı və təxribatçının” həbs edildiyini bildirib.

İran hakimiyyəti 2019-cu ildə İslam Respublikası tarixindəki ən qanlı etiraz aksiyalarının yenidən təkrarlanmasından ehtiyat edir.

O zaman Tehran Amnesty İnternational-ın məlumatına görə, 300-dən çox, Reuters-in məlumatına görə isə 1500 adamın həlak olması barədə məlumatları təkzib edib.

Hökumət həmçinin, ilkin tələbat malları, o cümlədən bitki yağı və süd məhsulları üçün subsidiyaları azaldıb və öz qərarını aşağı gəlirli adamlar üçün subsidiyaların “ədalətli bölüşdürülməsi” adlandırıb.

Lakin şahidlərə və sosial şəbəkələrdə yayılan məlumatlara görə, etirazçılar daha çox siyasi azadlığa, İslam Respublikasının mövcudluğunun dayandırılmasına və onun liderlərinin devrilməsinə çağıraraq öz tələblərini genişləndiriblər.

Cümə axşamı sosial şəbəkələrdəki kadrlarda nümayişçilər İranın ali avtoriteti, ali lider ayətulla Əli Xameneinin fotolarını yandırır və “biz ruhanilərin idarəçiliyini istəmirik!” şüarlarını səsləndirir. Onlar İranın devrilmiş şahının oğlu Rza Pehlevinin qayıtmasına çağırırlar.

Rza Pəhləvi özünün Tvitter hesabındakı videomüraciətində iranlıları “azad İran naminə” birliyə çağırıb və “iğtişaşlar zamanı həlak olanların” ailələrinə başsağlığı verib.

İrandakı bəzi sosial media istifadəçiləri bildiriblər ki, ötən həftədən İnternet- serverlər kəsilib ki, bu da hakimiyyətin mitinqlərin təşkili və videoların yayılması üçün sosial şəbəkələrdən istifadəni dayandırmaq cəhdi kimi qiymətləndirilir. İran rəsmiləri İnternetə çıxışda heç bir maneənin olmadığını bildiriblər.

Rəsmi məlumatlara görə, İranın 85 milyon əhalisinin demək olar ki, yarısı yoxsulluq içində yaşayır. Artan inflyasiya, artan işsizlik, ucuzlaşan milli valyuta və hökumətin korrupsiyası ilə birlikdə ABŞ sanksiyaları iqtisadiyyata daha çox ziyan vurub.

2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp Vaşinqtonu İranın 2015-ci ildə altı dövlətlə imzaladığı nüvə sazişindən çıxarıb və İrana qarşı yenidən sanksiyalar tətbiq edib. Tehran və Vaşinqton arasında birbaşa olmayan danışıqlar mart ayından dalana dirənib.(Turan)

Bənzər yazılar

Back to top button