Hadisə

‘Bələdiyyələr dövlət orqanları sisteminə daxil olunmalıdır’

Azərbaycanda əhalisinin sayı 3 min nəfərdən, yaxud min evdən az olan bələdiyyələrin birləşdiriləcəyi gözlənir. Bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov danışıb.

Qanunun qəbulundan sonra hazırda Azərbaycanda mövcud olan bələdiyyələrin azı 2/3-nin birləşəcəyi gözlənir.

Bundan əvvəl də Azərbaycanda bələdiyyələr birləşdirilib. Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyə birləşdirilib və onların sayı min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı yenə aşağı salınıb və hazırda min 606-dır.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Məzahir Əfəndiyev Turana bildirib ki, bələdiyyələr hər il onların işini koordinasiya edən Ədliyyə Nazirliyinə hesabatlar hazırlayırlar, amma hər dəfə onların işinin daha da yaxşı təşkil olunması üçün, bələdiyyə üzvlərinin yerli idarəçilik funksiyalarının mənimsəməsi üçün daha ciddi addımlar atılır: “Buna baxmayaraq, bu il təqdim olunmuş məruzəsində də yenə də bələdiyyə fəaliyyəti işində bir çox müasir çağırışlara cavab vermədiyini görürük”.

Deputat qeyd edib ki, bir dəfə artıq bələdiyyələrin sayı azaldılmışdı: “Ona görə ki, bir çox kəndlərdə bələdiyyələrin fəaliyyəti nəyinki görsənmirdi, onlar heç fəaliyyətini təşkil edə bilməmişdilər. Ona görə də onlar daha böyük və işini yaxşı təşkil edən bələdiyyələrlə birləşdirilib. Bu il də millət vəkillərin tövsiyələri ona gətirib çıxarıb ki, hökümət bələdiyyə fəaliyyətində birləşməni məqsədəuyğun hesab edib. Bu istiqamətdə yeni qanun layihəsi hazırlanır”.

Komitə üzvünün sözlərinə görə, yeni qanun bələdiyyələrin sayının azalmasını, onların maliyyə dayanaqlığını təmin etməsi üçün bələdiyyələrə layihələrin keçirilməsinə əlavə dəstək verilməsini nəzərdə tutur: “Bu qanun ərsəyə gəldikdən sonra daha maraqlı və faydalı məsələlər orada öz yerini tapacaq. Çünki Azərbaycan höküməti eyni zamanda bələdiyyələrin fəaliyyəti ilə bağlı beynəlxalq qabaqcıl təcrübəni öyrənir. Amma hər ölkənin, regionun öz xüsusiyyətləri də var, ona görə də bu beynəlxalq təcrübə milləşməlidir ki, bələdiyyələrin işi təkmilləşsin”.

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə hesab edir ki, bəzi bələdiyyələrin birləşdirilməsi yaxşı haldır: “Çünki çox kiçik bələdiyyələr var və onların fəaliyyəti gözə görünmür. Onların böyük bələdiyyələrə birləşdirilməsi daha məqsədəuyğun olar”.

Ancaq ekspertin fikrincə, burada əsas məsələ bələdiyyələrin birləşməsi yox, onların funksionallığının artırılması olmalıdır: “Onların işləmə mexanizmi qaydaları müəyyənləşməlidir, qanunvericilik bazası daha da təkmilləşdirilməlidir və ən əsası icra hakimiyyətlərin səlahiyyətləri azaldılıb onların bir qismi bələdiyyələrə verilməlidir”.Onun sözlərinə görə, belə edilməlidir ki, insanların bələdiyyələrə etimadı artsın, onlar bələdiyyələrə vergiləri ödəsin və özünüidarəetmə sistemində yaxından iştirak etsin: “Amma reallıqda Azərbaycanda bələdiyyənin funksionallığı sıfır səviyyəsindədir. Baxmayaraq ki, onlar seçkili qurumdur və icra hakimiyyətinə tabe deyil, faktiki olaraq icra hakimiyyətlərin bir şöbəsi funksiyasını yerinə yetirir. Belə olan təqdirdə bələdiyyələr inkişaf edə bilməz”.

Eyni zamanda, ekspert hesab edir ki, bələdiyyələr öz vəzifələrinə məsuliyyətli yanaşmalıdır.

“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov isə mövzu ilə bağlı başqa cür düşünür. O, AzadlıqRadiosuna bildirib ki, bələdiyyələrin statusuna yenidən baxılmalı və onlar dövlət orqanları sisteminə daxil edilməlidir: “Bələdiyyələrin yığdığı vergilər, dövlətdən onlara ayrılan dotasiyalar yox dərəcəsindədir… Yaxşı olardı ki, birinci növbədə referendum yolu ilə Konstitusiyada dəyişiklik edib bələdiyyələrin statusu genişləndirilsin”.

Onun sözlərinə görə, regional icra hakimiyyətləri ləğv olunmalı və bütövlükdə səlahiyyətlər bələdiyyələrə verilməlidir: “Dəfələrlə Avropa Şurasının ekspertləri bu fikirləri səsləndiriblər. Ona görə də bələdiyyələrin statusu dəyişməyəcəksə, real maliyyə imkanları olmayacaqsa, səlahiyyətlərinə uyğun hüquqi təminatları, iqtisadi əsasları olmayacaqsa, onların birləşdirilməsi heç nəyi həll etmir”.

Bənzər yazılar

Back to top button