Cəmiyyət

Kamran Əsədov: “”Poz, qazan”ın yerini dəyişə bilmiriksə, ən asanı universitetin yerini köçürməkdir?”

“Azərbaycanda mövcud qanunvericiliyin tələbləri var. “Reklam haqqında” qanunun tələblərinə görə təhsil müəssisələrinin yüz metrliyində lotoreya və bu tipli digər mərc oyunları məntəqələrinin yerləşdiriliməsi, eləcə də enerji, spirtli içkilərin, tütün məmulatlarının satışı qadağandır. ABŞ-da, İngiltərədə olmayan bəzi qanunlar bizdə var, ancaq təssüf ki, işlək deyillər. Bu sahədə nəzarətsizlikdir, çünki təhsil müəssisələri rəhbərliklərinin qanunvericilikdən xəbərləri yoxdur, başları qarışıb universitetin daxili işlərinə… Onların haqqları var ki, təhsil müəsissəsinin yaxınlığında əyləncə mərkəzlərinə, lotoreya məntəqələrinə, tütün məmulatları, spirtli içkilərin satışı ilə məşğul olan obyektlərə ərazidən kənarlaşmaq tələbi qoysunlar. Təbii ki, həmin məntəqələr biznes subyekti kimi fəaliyyət gösətə bilərlər, ancaq bu o demək deyil ki, onlar təhsil ocaqlarının ən yaxın məsafəsində yerləşdirilməlidir”.

Bunu Pravda.az-a təhsil eksperti Kamran Əsədov universitetlərin yaxınlığında “poz, qazan” ani lotoreyalarının köşklərinin fəaliyyət göstərməsini şərh edərkən bildirib.

K.Əsədov qeyd edib ki, tələbələr kitabxanalardan daha çox universitetlərin qarşısında yerləşdirilən mərc oyunları məntəqələrində vaxt keçirirlər: “Birmənalı şəkildə qeyd edirəm ki, dövlət qurumları, yəni Təhsil Nazirliyi, universitetlər həmin obyektlərə qanunvericiliyin tələbindən olan çıxarışlarla yaxınlaşmalıdırlar ki, orada fəaliyyət göstərməsinlər. Əgər orada “Poz, qazan”ın yerini dəyişə bilmiriksə, onda belə çıxır ki, ən asanı universitetin yerini köçürməkdir? Ümumiyyətlə, bir müddət əvvəl müşahidə aparmışdım ki, mərc oyunları məntəqələrində olanların çoxu yeniyetmələr idi. Bu vəziyyətin hökm sürməsi şagirdlər arasında təhlükəli hallara gətirib çıxara bilər. Uşaqlar “Poz, qazan”da uduzurlar, sonra başlayırlar fiziki cəhətdən zəif olan sinif yoldaşlarına təzyiq göstərərək onlardan pul tələb etməyə. Yəni şagirdlər, tələbələr arasında belə halların olması görün necə nəticələr verə bilər?! Bundan əlavə, bu cür oyunlara aludəçilik yeniyetmələrin, gənc nəslin hər hansı bir xoşagəlməz məşğuliyyətə aludə olmağına da səbəb ola bilər. Bu məsələdə belə bir səbəb və nəticə əlaqəsini görə bilirik. Onu da əlavə etmək lazımdır ki, yetkinlik yaşına çatmayan şəxslərə, ümumiyyətlə, “Poz, qazan”ın satışı həyata keçirilməməlidir”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button