GündəmManşetSiyasət

Əliyev və Paşinyan Brüsseldə nə danışacaqlar?

Mayın 22-də Brüsseldə keçiriləcəyi anons edilmiş Şarl Mişelin vasitəçiliyilə İlham Əliyev və Nikol Paşinyanın görüşü son yarım ildə bu formatda üçüncü görüş olacaq.

Görüşün gündəliyi açıqlanmır, lakin görüş ərəfəsində tərəflərin verdikləri bəyanatlar müəyyən nəticələr çıxarmağa imkan verir.

Belə ki, Bakı Yerevanı sərhədlərin delimitasiyası məsələləri üzrə iki görüşü pozmaqda ittiham edib. Sonuncu görüş mayın 16-17-də Moskvada olmalıydı. Yerevan görüşdən imtina edib və bunu bunu texniki səbəblərlə izah edib.

Eyni zamanda, rəsmi Yerevan Qarabağın statusu və orada yaşayan erməni əhalinin təhlükəsizliyi məsələsinin danışıqlar gündəliyinə salınmasını israrla tələb etməyə davam edir.

Mayın 16-17-də keçiriləcək görüşə hamilik edən Moskva Yerevanın danışıqlara başlamaqdan imtina etməsinə kifayət qədər təmkinli reaksiya verir. Əvvəlki vaxtlardan fərqli olaraq, rəsmi Bakı da Yerevanın imtinasını kifayət qədər təmkinlə qiymətləndirərək, yalnız “narahatlıq” ifadə edib.

Güman etmək olar ki, Bakı vəziyyəti gərginləşdirmək və Yerevana daimi təzyiq taktikasından əl çəkmək istəmir. Ancaq bunun üçün səbəblər olmalıdır. Ola bilsin ki, bu, Paşinyanın “sıxılacağı” təqdirdə Ermənistanda hakimiyyət dəyişikliyinin baş verəcəyini başa düşməsindən irəli gəlir. Ermənistanın yeni rəhbərliyi daha radikal olacaq və hərbi revansa “stavka” edəcək və ən azı 2020-ci il 10 noyabr razılaşmasından imtina edəcək ki, bunun əsas məqamı Azərbaycanın ərazi bütövlüyünün tanınmasıdır.

Yeni müharibə azad edilmiş ərazilərin bərpası üzrə bir çox layihənin həyata keçirilməsini mümkünsüz edəcək və sülhməramlıları Qarabağda yerləşdirilən Moskva ilə yeni müqavilələrin axtarışını zəruri edəcək.

Digər tərəfdən, Qərb dövlətləri Qarabağ ermənilərinə hansısa statusun verilməsilə bağlı Yerevanın tələblərini başa düşdüklərini gizlətmirlər ki, bu da Bakını Vaşinqton və Brüsselin fikirlərini nəzərə almağa vadar edir.

Ümumi vəziyyətə təsir edən digər amil Ukraynadakı müharibədir. Rusiyanın mövqeyinin a zəifləməsi və kollektiv Qərbin konsolidasiyası Moskva və onun hərbi potensialı qarşısında qorxunun yox olmasından xəbər verir. ABŞ və Fransanın ATƏT-in Minsk Qrupunda Rusiya ilə əməkdaşlıqdan nümayişkaranə şəkildə imtina etməsi Moskvanın nüfuzunun aşağı düşməsinə ən yaxşı sübutdur.

Geosiyasi vəziyyəti dəyişmiş bu mürəkkəb düzülüş Bakı və Yerevanı balans yaratmağa vadar edir. Lakin hər iki tərəf gec-tez qətiyyətli addım atmalı və ola bilsin ki, va-banka getməli olacaq. Bu vəziyyətdə soyuq hesablama, siyasi iradə və uzaqgörənlik həlledici əhəmiyyət kəsb edəcək.(Turan)

Bənzər yazılar

Back to top button