İqtisadiyyat

Bakı şəhər Mədəniyyət Baş İdarəsi iki şübhəli tender keçirdi (FOTO)

Bakı şəhər Mədəniyyət Baş İdarəsi bu gün 1 milyon 120 min manat dəyərində olan 2 tender keçirib.

Qaynarinfo xəbər verir ki, tenderlərdən birini Mədəniyyət Nazirliyinin satınalmalarında davamlı olaraq “qalib” olan Vest – LTD QSC qazanıb. İkinci tenderi isə bu ildən tenderlərin “qənimi”nə çevrilən “Tikinti Təchizat Bərpa” QSC udub.

Belə ki, dəyəri 464 min 124 manat 36 qəpik olan Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan təhsil və mədəniyyət mərkəzlərində kommunal-kommunikasiya xidmətlərinin satınalınmasını “Vest – LTD” şirkəti, dəyəri 657 min 272 manat 40 qəpik olan Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan musiqi məktəblərinin inventarlarının əsaslı təmir işlərinin satınalınmasını isə “Tikinti Təchizat Bərpa” QSC qazanıb.

Qeyd edək ki, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin son 14 ay ərzində keçirdiyi 17 tenderin üçünü “Vest – LTD”, altısını “Tikinti Təchizat Bərpa”, beşini isə “Stone Construktion” QSC qazanıb.

Şirkətlərin təşkilati hüquq forması və nizamnamə kapitalının demək olar, eyni səviyyədə (“Vest-LTD” -2050, “Tikinti Təchizat Bərpa” – 2010, “Stone Construktion” – 2010 manar ) olması diqqət çəkir.

“Tikinti Təchizat Bərpa” QSC 2018-ci ildə yaradılıb, hüquqi ünvanı Nərimanov rayonu, İbrahimpaşa Dadaşov, ev 57, mənzil 141 göstərib. Şirkətin qanuni təmsilçisi Əliyev Rauf Xanəli oğludur.

Şirkət bu ildən tenderləri qazanmağa başlayıb. Bu ilin iyun ayından indiyə kimi 15 tender qazanıb. Maraqlıdır ki, şirkətin qalib gəldiyi 11 satınalma müsabiqəsini keçirən qurumlar birbaşa olaraq Mədəniyyət Nazirliyinə tabedir. Qalan 4 tenderi isə Milli Arxiv İdarəsi keçirib.

“Vest-LTD” QSC isə son bir ildə 27 tender qazanıb. Bu satınalmaları həyata keçirən qurumlar əsasən icra hakimiyyətləri və Mədəniyyət Nazirliyinin qurumları olub.

Bənzər yazılar

Back to top button