Hadisə

Cahangir Əsgərova fitrə düşür?

AZAL 2020-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb. Lütfən, dərhal “Niyə belə gec?” deyib, diqqətinizi başqa yerə yönəltməyin. AZAL-ın təyyarələri kimi hesabatları da gecikir – bunu ki bilməyən yoxdur. Mövzumuz hesabatdan çıxardığımız nəticədir. Hansı ki, dünəndən bəri bütün ölkə bu barədə danışır.

AZAL rəhbərliyinin aradan iki ilə yaxın vaxt keçəndən sonra özünə əziyyət verib açıqladığı hesabatdan məlum olur ki, bu qurum zərərlə işləyir. Bəli, bəli düz oxudunuz: ZƏRƏRLƏ! Sən demə, AZAL 2020-ci ildə 76 milyon manat ziyana düşüb. Hesabatda səbəbi açıqlanmayıb. İşim başımdan aşdığı üçün iqtisadçı dostları arayıb bu həngamənin arxasında hansı səbəbin dayandığını öyrənə bilməmişəm. Bildiyim bircə odur ki, AZAL şefi Cahangir Əsgərov yoldaş sözün həm həqiqi, həm də məcazi mənasında göylə uçsa da, ortaya qoyduğu iş yerlə sürünür.

AZAL nəinki regionda, hətta dünyada ən bahalı xidmət göstərən şirkətlərdən biridir. Azərbaycanda 10 milyondan çox əhali olsa da, AZAL-ın təyyaraləri ilə uçmaq çox az adama nəsib olur. Qiymət o qədər bahadır ki, hətta orta statistik azərbaycanlı da AZAL-ın xidmətlərindən yararlana bilmir. Pandemiyadan əvvəl azərbaycanlılar Türkiyəyə Gürcüstandan uçurdular. Burdan Tiflisə gedib ordan da İstanbula və Ankaraya uçmaq Bakıdan Ankaraya uçmaqdan iki dəfə ucuz başa gəlir. Çox uzağa getməyək, pandemiya dövründə Bakı-İstanbul-Bakı reysinin qiyməti təxminən 1000 manat idi. İşi-gücü zavallı azərbaycanlıları soymaqdan ibarət olan bir şirkət niyə zərərlə işləsin?

Cahangir Əsgərov 1996-cı ildən “Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru vəzifəsində çalışır. Əgər bu adam 26 il ərzində normal işləməyi, dövlətə və millətə xidmət etməyi öyrənməyibsə, nə vaxt öyrənəcək? 72 yox, 32 yaşı olsaydı, daha 26 il səbr edərdik. Cahangir Əsgərovun qatarı, bağışlayın, təyyarəsi çoxdan gedib. Bircə qalır bunu özünə demək…

Bu ilin fevralında “FlyOne Armenia” aviaşirkəti İrəvandan İstanbula birbaşa reys açdı. Nankor qonşularımız daha Gürcüstanın gömrük-keçid məntəqələrində burunlarının suyunu axıtmırlar. Onlar öz təyyarələrinə oturub rahat İstanbula uçurlar. Biletlərin qiyməti isə çox uczudur: Bizim pulla cəmi 77 manat!

…Biz humanist xalqıq. AZAL-ın zərərlə işlədiyini öyərənəndən sonra tanıdığım adamların çoxu Cahangir Əsgərovun halına acımağa başlayıb. Hətta Ramazan ayı başa çatanda fitrəni Cahangir müəllimə vermədiyi üçün təəssüflənənlər də var. Mən də o fikirdəyəm ki, gələn il fitrəni elliklə Cahangir Əsgərova versək, AZAL-ı düşdüyü maliyyə bataqlığından xilas edə bilərik. Amma bilmirəm ki, Cahangir yoldaşa fitrə düşür, yoxsa düşmür?..

Gərək Hacı Şahini görəndə soruşum.

Yenisabah.az

Bənzər yazılar

Back to top button