Hadisə

“Prezidentin və prokurorun köməkçisinə yalan məlumat verdikləri üzə çıxdı” – “Olyumpus Park”dan şikayət

Bakıda idmançıların klubunun gecə ilə uçurulması, bu günə qədər kompensasiya ödənilməməsi ilə bağlı şikayətlər və məhkəmə çəkişmələri davam edir. Şikayətlər davam etdikcə yeni faktlar ortaya çıxır.

Musavat.com xatırladır ki, “Olympus Park” tikinti şirkətinin Xətai rayonunda “Lider” idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açıldı, daha sonra cinayət işinə xitam verildi. Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. Deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdan bahadır.

İlham Sərdarov deyir ki, obyektinin sökülməsindən 6 ay sonra cinayət işi açılsa da bu günə qədər rəsmi qurumlardan dəqiq məlumat verilmir. Çünki rəhbər şəxslərə çatıdırılan məlumatlar yanlış olur.

“Baş prokurorun köməkçisi Natiq Abdullayevin qəbulunda oldum. Cinayət işinə haqsız yerə xitam verilməsi ilə bağlı Natiq müəllimə məlumat verdim, şəkilləri, sübutları təqdim etdim. Orada əməkdaşlardan birini çağırıb məsələ barədə məlumat verməsini istədi. Natiq Abdullayevə yalan məlumat verilib ki, guya mənim obyektim sökülməyib, zədələnib. Mənim obyektimin sənədlərinin olmadığı barədə də Natiq Abdullayevə səhv məlumat verilib. Həmçinin deyilib ki, guya mən 162 min manat zərər üçün nəzərdə tutulan pulu da almışam. Amma bu məbləği almadığım məlum oldu. Natiq Abdullayevə və digər rəsmi şəxslərə kimlərsə yalan məlumatlar verib, məruzələr ediblər”- deyən İlham Sərdarov əlavə edib ki, Prezidentinin ərazi-təşkilati məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyevin də qəbulunda olub.

İlham Sərdarovun dediyinə görə Zeynal Nağdəliyevə də yalan məlumatlar çatdırıb: “Deyiblər ki, guya mən şirkətdən nağd 1 milyon manat, obyektimin iki mislini və mənzillər tələb edirəm. Hər yerdə bir rəqəm deyiblər”.

Qeyd edək ki, məsələ ilə bağlı məhkəmə çəkişməsi davam edir. İşin növbəti mərhələsinə mayın 27-də Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baxılacaq.

Bildirək ki, məhkəmə qərarı ilə “Olympus Park” şirkəti tərəfindən “Lider” İdman Klubunun yerində tikilən binanın tikintisi məhkəmə qərarı ilə dayandırılıb.

Bənzər yazılar

Back to top button