DünyaİqtisadiyyatManşet

Dünya aclıqla üz-üzə: Rusiya – Ukrayna müharibəsi dəhşətli perspektiv vəd edir

Anbarlarında 80 milyon ton taxıl ehtiyatı olan ABŞ Ukraynanın son tikəsini də əlindən almaq istəyir

Ukrayna savaşı və bu savaşın nəticəsi olaraq Rusiyaya tətbiq edilən siyasi-iqtisadi embarqo bütün dünyanı təhdid edən qlobal qida və enerji böhranına səbəb olub. Bu böhran ilk növbədə yoxsul ölkələrin vəziyyətinin daha da pisləşməsinə yol açıb. Bunu yaxın günlərdə keçirilən G7 (Group of Seven) toplantısının birgə bəyanatı da sübut edir. Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsinin Almaniyanın Şlezviq Holşteyn (Schleswig Holstein) əyalətindəki Vanqels (Wangels) şəhərində 3 günlük görüşündən sonra yayılan birgə bəyanatda müharibənin səbəb olduğu qlobal qida qıtlığını aradan qaldırmaq və atılacaq addımlar yazılıb.

Bəyanatda G7 xarici işlər nazirləri tərəfindən Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi qətiyyətlə pislənilib, G7-nin Rusiyaya qarşı iqtisadi və siyasi təcridi artırmaq, Ukraynanı dəstəkləməyə davam etmək fikri vurğulanıb. Birgə bəyanatda yazılır: “Böyük yeddilik olaraq birlik və həmrəylik içində hərəkətə davam edərək Rusiyaya qarrşı iqtisadi və siyasi təzyiqi daha da artırmaq əzmində olduğumuzu bir daha təkrar edirik. Rusiya-Ukrayna müharibəsi yaxın tarixin ən ağır qida və enerji böhranlarından birini yaradır. Bu böhran hal-hazırda daha çox yoxsul ölkələri təhdid edir. Ukrayna anbarlarındakı təxminən 20 milyon ton taxılın ixracat yolları təcili açılmalıdır. Böyük yeddilik olaraq biz qlobal ərzaq təhlükəsizliyini qorumaq üçün koordinasiya edilmiş çoxtərəfli cavabları sürətləndirmək və bu məsələdə ən həssas tərəfdaşlarımızın yanında olmaq əzmindəyik”. Həmçini G7 ölkələri Çini Ukraynanın müstəqilliyini dəstəkləməyə və beynəlxalq sanksiyaları zəiflətməkdə Rusiyaya kömək etməməyə çağırıb.

Lakin Roma Papasından daha artıq katoliklik sevdasına düşən bizim liberallar hansısa məqsədlə “Rusiyanın taxıl məhsullarının ixracatına yeni normalar tətbiq edərək məhdudiyyət qoyması, eyni zamanda Ukrayna anbarlarında ilişib qalmış taxılın dünya bazarına çıxarılma imkanının olmaması problemlər yaratsa da, ciddi qlobal qida böhranına səbəb olmayacaq” fikrini dövriyyəyə buraxıblar. Onlar bunu onunla əlaqələndirirlər ki, Rusiya çox geniş ərazilərə malik olsa da, dünya taxıl bazarında heç də əsas söz sahibi deyil. Onların iddiasına görə, dünya taxıl bazarı əsas etibarilə 3 böyük taxıl istehsalçısı ölkənin – Çin, Hindistan və Amerikanın əlindədir. Gəlin görək, vəziyyət həqiqətən də deyildiyi kimidi?

Liberalların başqa bəhanə gətirməmələri üçün ABŞ Kənd Təsərrüfatı nazirliyinin (USDA) 2020-2021-ci illərin statistik rəqəmlərinə müraciət edəcəyik. Bu qurumun göstəricilərinə görə dünyada ən çox taxıl istehsal edən ilk 16 ölkə bunlardı:

Avropa Birliyi – 136 milyon ton; 2) Çin – 134 milyon ton; 3) Hindistan – 108 milyon ton; 4) Rusiya – 85 milyon ton; 5) ABŞ – 50 milyon ton; 6) Kanada – 35 milyon ton; 7) Avstraliya – 33 milyon ton; 😎 Ukrayna – 26 milyon ton; 9) Pakistan – 25 milyon ton; 10) Argentina – 20 milyon ton; 11) Türkiyə – 19 milyon ton; 12) İran – 15 milyon ton; 13) Kazakıstan – 14 milyon ton; 14) Misir – 8 milyon ton; 15) Özbəkistan – 6 milyon ton; 16) Braziliya – 5 milyon ton.

USDA-nın məlumatına görə, il ərzində bütün dünyada təxminən 800 milyon tona yaxın (2021-ci ildə rekord səviyyədə – 776,5 milyon ton taxıl tədarük edilib) taxıl tədarük olunur ki, bunun da 57,5 %-i Aİ, Çin, Hindistan və Rusiyanın payına düşür. Rəqəmlərdən də göründüyü kimi, liberalların düşüncəsinin əksinə, Rusiya dünya taxıl bazarında önəmli aktyorlardan biridi, hətta baş aktyordur deyə bilərik. Bu fikri daha dərindən anlamamız üçün USDA-nın başqa statistik rəqəmlərinə baxmaq gərəkir.

Amerika nazirliyinin hesabladığı rəqəmlərdə 2021-ci ilin yekununa görə, il ərzində istehsal olunan 800 milyon tona yaxın taxılın təxminən 25 %-i – 195 milyon tonu istehsalçı ölkə tərəfindən başqa ölkəyə satılır. Dünya bazarında taxıl eksport edən TOP-5 ölkələri bunlardır: Rusiya 40 milyon ton (bütün dünya taxıl ixracatının 20 faizdən artığı); Aİ – 27,5 milyon ton; Kanada – 27 milyon ton; ABŞ – 27 milyon ton; Avstraliya – 19,5 milyon ton. Bu siyahıya il ərzində 15 milyon tondan çox taxıl ixrac edən Ukraynanı da əlavə edək, çünki irəlidə bu rəqəmə yenidən müraciət etməli olacağıq. Rəqəmlərdən də gördüyümüz kimi, Rusiya taxıl ixracatında əsas söz sahibidir. Ancaq qərbpərəstlər bilərəkdən bunun üstündən sükutla keçir, Rusiyanın önəmini azaltmağa çalışırlar. Söylədikləri fikrin təsir gücünü artırmaq üçün isə, dünyanın ən böyük iki taxıl istehsalçısı – Çin və Hindistanın adını çəkərək ictimaiyyəti çaşdırmağa cəhd edirlər. Halbuki həm Çin, həm də Hindistan, baxmayaraq ki, ən böyük iki taxıl istehsalçısı ölkəsidir, ancaq taxıl ixracatında söz sahibi deyillər. Çünki hər iki ölkənin istehsal etdiyi taxıl daxili bazara güclə yetir. Doğrudu, son iki-üç il ərzində Hindistan ixracatçı ölkəyə çevrilmişdi – 2019-cu ildə 1,7 milyon ton, 2020-ci ildə 2,5 milyon ton, 2021-ci ildə isə 3,9 milyon ton taxıl ixrac edib. Ancaq bu rəqəm dünyadakı ümumi taxıl ixracatının heç 1,5 faizi belə deyil. Ayrıca olaraq onu da qeyd edək ki, Hindistan hökuməti qapını döyən böhranı görərək ötən həftə taxıl ixracatına qadağa qoyan qərar qəbul edib.

Çin məsələsinə gəlincə, bu ölkə ən böyük taxıl istehsalçısı olmasına baxmayaraq, həm də ən böyük taxıl idxalatçısı olan ilk 3 ölkədən biridir. Çinin istehsal etdiyi taxıl ona yetmir və daxili bazarı təmin etmək üçün əlavə olaraq, başqa ölkələrdən də taxıl idxal edir. Yeri gəlmişkən taxıl idxalatçısı olan TOP-5-i diqqətlərə çatdırmaqda yarar var. USDA-nın məlumatına görə ən çox taxıl idxal edən ilk 5 ölkə bunlardır: 1) Misir – 13 milyon ton; 2) İndoneziya – 10,5 milyon ton; 3) Çin – 10,5 milyon ton; 4) Türkiyə – 8,2 milyon ton; 5) Filippinlər – 6,8 milyon ton.

İndi isə gəlin Rusiya məsələsinə ayrıca baxaq. USDA-nın məlumatlarından da görürük ki, dünya taxıl bazarında Rusiya çox önəmli yer tutur. O, ən böyük taxıl ixracatçısıdır, bütün ixracatın 21 faizi onun payına düşür. Ümumiyyətlə, Rusiya dünyanın 100-dən çox ölkəsinə taxıl ixrac edir və bu ölkələrin böyük əksəriyyəti 3-cü dünya ölkələridi, yəni Mozambik, Keniya, Tanzaniya, Nigeriya, Banqladeş, Sudan və s. kimi kasıb ölkələr. Bundan əlavə, dünyanın ən böyük taxıl ixracatçısı olan il 5 ölkədən 4-ü – Misir, İndoneziya, Türkiyə və Filippinlər Rusiyanın müştəriləri arasında yer alır. Məsələn, Misir idxal etdiyi 13 milyon ton taxılın 9 milyon tonunu, Türkiyə isə xaricdən aldığı 8,2 milyon ton taxılın tamamına yaxınını – 7,2 milyon tonunu Rusiyadan alır.

Qarnı tox Amerika bu ölkələri məcbur edir ki, Rusiya ilə əlaqələri kəsin, ona tətbiq olunan embarqoya qoşulun. O zaman ortaya haqlı bir sual çıxır: Rusiya taxılı ilə qarnını doyuran 100 milyonlarla ac-yalavac, kasıb insana hansı alternativləri təklif edirsiniz? Onlar taxılı hardan alsınlar? Amerikadanmı? Avropadanmı? Əvvəla, qiymətlər arasında çox böyük fərq var. İkincisi, Rusiyaya embarqo qoyan Qərb dünyası nədən öz taxıl anbarlarına əlavə kilidlər vurublar, bazara 1 kilo da olsun taxıl çıxarmırlar? Səbəbi çox sadədir – Qərb Ukraynada müharibənin bitməsini istəmir, bacardıqca savaşın uzanmasına çalışır və nəticədə qida böhranının tezliklə bütün dünyanı ağuşuna alacağını bilir. Bu səbəbdən də, öz anbarlarındakı ehtiyat taxıla əl vurmurlar.

Bəs, çıxış yolu nədir? Yuxarıda da qeyd etdiyim kimi, Qərb üçün bu məsələdə əsas prioritet qan gölündə boğulan, səfalətə düçar etdikləri Ukraynanın əlindəki ehtiyat taxılı çapıb-talamaq və qazanc əldə etməkdir. Ukraynanın özündə müharibə gedir, əhali səfalət içərisindədi, ABŞ başda olmaqla, Qərb dünyası onun son tikəsini də əlindən alır. Ancaq bəhs olunan taxılı Ukraynadan çıxarmağın yollarını tapa bilmir. Çünki Rusiya bu savaşa əvvəlcədən çox ciddi hazırlaşmışdı. Nə qədər desələr də ki, Putin başını itirib, vəziyyətdən çıxa bilmir, amma biz bunun əksini görürük. Bəli, Rusiya Ukraynada Qərblə savaşa strateji planlar əsasında çıxıb. Getdikcə bu planın konturlarını daha aydın şəkildə görə bilirik. Savaşın ilk günlərində eni-uzunu vur-tut 500-600 metr olan Zmeynı adasını tutmaqla və orada quraşdırdığı müasir texnologiya ilə Odessa limanlarını tam nəzarətə götürən Rusiya Ukraynanın timsalında NATO-nun Qara dənizə çıxışının qarşısını aldı.

Dəniz yolu ilə Ukrayna taxılını daşıyıb aparmaq imkanları əlindən çıxan ABŞ və Qərb dünyası çıxış yolunu Lukaşenkoya minnətçi düşməkdə görür. Bunun adı prinsiplərindən imtina və tüpürdüyünü yalamaqdı. Liberal Qərb hər zaman belədi, onun üçün əxlaq, onur, qürur kimi dəyərli kriteriyalar həmişə arxa planda olub. Elə bu səbəbdən də Lukaşenkoya yalvarırlar: biz potaşla bağlı sanksiyaları 6 aylığına qaldıraq, sən də izn ver ərazindən dəmiryolu vasitəsilə taxılı Litvanın Klaypeda limanına daşıyaq. Həyasızlığın dərəcəsini görürsünüz? Hansı ağlı başında adam bu rəzil təklifə razılıq verər?

Bəli, dəyərli dostlar, nə qədər acınacaqlı olsa da, qlobal qida böhranı, təhlükəli pandemiya kimi, tezliklə bütün dünyanı bürüyəcək. Təsəvvür edin, dünyanın ən böyük taxıl idxalatçısı embarqoya məruz qalıb, digər böyük idxalatçı Ukraynada müharibə gedir, iqtisadiyyatın bütün infrastrukturu çöküb, taxıl zəmiləri tar-mar olub, Amerika (anbarlarındakı taxıl ehtiyatı 80 milyon tondur), Aİ ölkələri, Kanada kimi iri taxıl idxalatçıları anbarlarının ağzını möhkəmcə bağlayıblar, hətta cəmi 2 milyon ton taxıl satan Hindistan belə, idxala qadağa qoyub. Onu da nəzərə alın ki, Rusiya siyahı tərtib edib: ona dost olan və olmayan ölkələrin siyahısını. İndi biz nə edək, Rusiyaya düşmənmi kəsilək? Ona qarşı embarqo siyasətini dəstəkləyək? Türkiyə və Azərbaycanı bu lazımsız savaşda heç nəyə qarışmadığı, bitərəf qaldığı və tezliklə savaşın bitməsi üçün cəhdlər etdiyinə görə qınayan qərbçi lakeylər nə təklif edirlər? Azərbaycanın taxıla olan bir illik tələbatı 3 milyon tondur. Bunun 1,7 milyon tonunu özümüz istehsal edirik, yerdə qalan 1,3 milyon tonun demək olar tamamı Rusiyadan alınır? İndi anladınız cənab prezidentin Rusiya ilə fevral müqaviləsinə niyə imza atdığını? Bir məqama da xüsusi olaraq diqqət yetirmək lazımdı. Rusiya dünyada ən böyük taxıl idxalatçısı və Azərbaycanla normal münasibətlərdə olsa da, gözlənilən qlobal böhran bizdən də yan keçməyəcək. Çünki müharibə uzanacağı təqdirdə (bunun belə olacağı böyük ehtimaldı) Rusiyanın özündə də taxıl istehsalının azalacağı qaçınılmazdı. Çünki bu ölkənin ən çox taxıl istehsal edən regionları Ukrayna ilə sərhəddə yerləşir, məsələn, Rostov, Voronej, Belqorod, Oryol, Kursk və s. Bu da istər-istəməz istehsala təsir göstərəcək. Mən heç şübhə etmirəm ki, cənab prezident bütün bunları əvvəlcədən nəzərə alıb və əlimizdə ehtiyat variantlar var. Ancaq hər halda daxili istehsala diqqət mütləq artırılmalıdı.

Fərəməz Novruzoğlu

Mənbə: boyuksherg.az

Bənzər yazılar

Back to top button