İqtisadiyyat

“Hökumət “Sovetski”nin 60 hektarlıq hissəsini tikinti üçün açır”

“Sovetski”də park salınacağı deyilən ərazinin 60 hektarlıq hissənisi tikinti üçün açılır.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Bakı dünya paytaxtları içərisində yaşıllıq baxımından ən yoxsul şəhərlər sırasındadır və həmin ərazidən paytaxtdakı yaşıl ərazilərin artırılması üçün istifadə oluna bilərdi:
“Hökumət hələ 7-8 il əvvəl “Sovetski”ni sökməyə başlayanda həmin ərazidə tikinti olmayacağını, ümumi istifadə və istirahət üçün parkın, yaşıllıq-rekreasiya zonasının yaradılacağını vəd edirdi.

O zamanlar çox təəccüblənmişdim, çünki son 25 ildə paytaxt ərazisi qarış-qarış satılıb, elementar tikinti-şəhərsalma normaları ayaqlar altında qalıb, standartlara görə 1000 nəfərin məkunlaşa biləcəyi ərazilərdə ən azı 5000 min nəfərin yaşaya biləcəyi mənzillər tiklib, yaşıllıqlar tikinti “boss”larının çəkmələri altnda məhv edilib və s.

Ona görə də “Sovetski” kimi şəhərin “ürəyi” olan ərazidən biznes məqsədləri üçün faydalanıb yüz milyonlarla manat qazancdan vaz keçməyə təəccüblənməmək olmazdı.

Amma indi aydın olur ki, təəccüb əbəs imiş – hökumət hələlik təxminən 60 hektarlıq hissəni tikinti üçün açır. Açığı bilmirəm orada ümumi ərazi nə qədərdir və bundan sonra tikinti üçün yenə nəsə qalırmı.

Əslində reytinq tərtib edilsə, Bakı dünya paytaxtları içərisində yaşıllıq baxımından ən yoxsul şəhərlər sırasında yer alar. Bir dəfə müxtəlif mənbələr əsasında araşdırmışdım, Bakının yaşıllıq ərazisi ümumi ərazinin 7% ətrafındadır. Bu, dünya standartları baxımından çox aşağı göstəricidir – ayrı-ayrı şəhərlərdə bu göstərici orta hesabla 15-20% intervalında dəyişir.

Halbuki indi beton-mərmər daşların gömüldüyü və səhranı xatırladan “Qış Parkı”nın və “Sovetski”nin ərazisində meşə zolağı salıb Bakının “ağ ciyəri” hesab olunacaq ərazilərdən birinə çevirmək olardı”.

R. Ağayev həmçinin, həmin ərazidə aparılacaq tikinti layihələrinin də daha planlı şəkildə aparılmalı olduğunu qeyd edib:
“Amma bu məsələdə narahat olmalı başqa bir məqam da var: əgər hökumət bu ərzini yüz milyonlarla manat xərc çəkədən sonra “hazırın naziri” şirkətlərə tikinti üçün verəcəkdisə, burada əvvəldən başqa yolla getmək lazım idi: ərazi sökülməmiş tender elan edilir, tenderin şərtlərinə görə ərazinin ən azı 35%-40 yaşıllıq-rekreasiya və istirahət məkanları saxlanmaq şərtilə layihə təkliflərinin müsabiqəsi keçirilirdi. Tenderin şərtlərinə görə, ərazinini təmizlənməsi də qalib şirkətlərin öhdəliyi olaraq müəyyən edilirdi. Ən yaxşı layihələri təqdim edən, tender şərtlərini qəbul edən bir neçə şirkətlər qalib elan olunurdu. Hökumət də büdcədən 1 manat xərcləmədən ərazini ən yüksək şəhərsalma standartlarına uyğun abadlaşdırmağa nail olurdu.

Gözəl arzulardı, amma ən azından bizim nəsil belə bir idarəçilik görməyəcək – pessimist proqnoz da olsa, gerçək reallığımızdır”.

Bənzər yazılar

Back to top button