Cəmiyyət

Gəzintini qısaldan adam – Etibar Cəbrayıloğlu yazır

Aqillərdən kimsə deyib ki, həyat ölümqabağı gəzintidir. Bəzən insanın ömrü qəza və ya təbii fəlakət üzündən yarımçıq qalır. Ölümqabağı gəzintini qısaldan adamlar da olur…

Gedişi ilə bizə sonsuz kədər yaşadan Qadir İbrahimlini iş yoldaşları, həmkarları, “Jurnalist şəhərciyi”ndəki qonşuları arasında ən birinci mən tanımışdım. Qadirlə Lənkəran şəhərindəki məşhur 3 saylı orta məktəbdə təhsil almışıq, o, məndən bir sinif aşağıda oxuyurdu.

Qadir İqtisad Universitetində təhsil aldı, Əfqanıstandakı savaşın od-alovundan keçdi. İqtisadi mövzuda yazan jurnalistlərimizin arasında çox tez parladı. İlk yazılarını böyük diqqət və səxavətlə dərc edən ustad jurnalistimiz Məmməd Nazimoğlunu hər zaman rəhmətlə yad edirdi. Qadir İbrahimli öz imzasını “Azadlıq” qəzetinin populyar adlarının arasında möhkəmləndirə bildi.

Qadir ölkənin ictimai həyatında fəal iştirak edənlərdən oldu, “Güzəran” təşkilatı ilə QHT sektorunun öndə gedənlərindən birinə çevrildi, iqtisadi ekspert kimi tanındı, “Odlar yurdu” özəl universitetində qısa zamanda pedaqoji fəaliyyətlə məşğul oldu.

Bütün bu quru məlumatlara sığmayan bir Qadir İbrahimi də var idi. Şən, gülərüz, yaşından asılı olmayaraq hər kəslə ərkyana zarafat etməyi bacaran, heç kimin zarafatından inciməyən bir Qadir. Danışdığı lətifələrə terror edən bir Qadir İbrahimli…

Dost-tanışların, qonşuların xoş günlərində Qadir sevinci bölüşməyi bacarırdı, ağır günlərdə kədərə ürəkdən şərik olmağı var idi Qadirin. Ən böyük arzusu Arzunun Türkiyədə ali məktəbə qəbul olunması idi və qızı Qadirin arzusunu həyata keçirdi. Qadir dostların, qonşuların Türkiyədə təhsil alan övladlarını qızı Arzudan ayırmırdı. Hər zaman onlara məsləhət verir, bilet işi müşkülə düşənə kömək etməyə çalışır, məişət problemi ilə üzləşənlərə görə qardaş ölkədəki əlaqələrini işə salırdı.

Qadirin xəstə halını görmək, onu son mənzilə yola salmaq, həyatdan çox cavan gedən anasının qoynundakı məzarını ziyarət etmək dostları, həmkarları, qonşuları üçün dözülməz əzabdır.

Qadir Arzunun Türkiyədə diplom alması münasibəti ilə bizi başına toplaya bilərdi, qızının toyuna çağırardı, yığışıb oğlu Əlini əsgər yola salardıq, Əli üçün yığışıb elçiliyə gedərdik… Qadir bütün bu işlərin sevincini özü ilə apardı.

Möcüzə gözləyə-gözləyə aldığım o ağır xəbəri eşidən gündən suallara cavab axtarıram. Məktəb yoldaşım, həmkarım, qonşum ölümqabağı gəzinti sayılan həyatını niyə belə yarımçıq qoydu?

Dünyaya bir də gəlmək şansı olsaydı Qadir İbrahimli bu fürsəti görən necə dəyərləndirərdi?

Mənbə: bakivaxti.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button