Cəmiyyət

ABŞ və İsrail dağ yəhudilərinin mədəniyyətini nümayiş etdirmək üçün kənd evini təmir edəcək

23 may 2022-ci il tarixində ABŞ səfiri Örl (Li) Litzenberqer və İsrail səfiri Corc Dik Dağ Yəhudilərinin İcması və Heydər Əliyev Fondu ilə birgə layihəyə başlamaq üçün Quba rayonundakı Qırmızı qəsəbəyə səfər ediblər. Bu layihə Dağ Yəhudi icmasının tarixi mərkəzində mədəni turizmə dəstək verəcək. Yeni təşəbbüs həm muzey, həm də kafe kimi xidmət etmək üçün ənənəvi yəhudi evinin bərpası və təchiz edilməsini nəzərdə tutacaq, ziyarətçilərə bu unikal icmada ənənəvi bir evi gəzmək və yerli mətbəxdən həzz almaq şansı verəcək.

Qırmızı qəsəbə Azərbaycanda unikal icmadır. Dağ yəhudiləri tərəfindən qurulan və məskunlaşan Qırmızı qəsəbə Azərbaycanın ən yığcam və fəal yəhudi icmasını təmsil edir. Son 200 il ərzində böyük siyasi dəyişikliklərə şahid olmuş icma özünəməxsus mədəni kimliyi həm qoruyub saxlamış, həm də inkişaf etdirmişdir.

Dağ Yəhudiləri İcmasının rəhbəri İqor Şaulov, Heydər Əliyev Fondunu təmsil edən Milli Məclisin deputatı Soltan Məmmədov və Quba RİH-in nümayəndələri tədbirə qatılaraq abidənin bərpa işlərinin təntənəli lenti kəsilməsində iştirak ediblər.

Səfir Litzenberger qeyd edib ki, “bu ənənəvi evi təmir edərək və təchiz etməklə, Birləşmiş Ştatlar yaxınlıqdakı Dağ Yəhudiləri Muzeyi, sinaqoq və qədim qəbiristanlığın təklif etdiyi yerli maraqlı yerləri tamamlamağa kömək edəcək. Azərbaycanın güclü multikulturalizm ənənəsinə əsaslanaraq, bu layihə yerli mədəni ənənələri gücləndirəcək və bu icmanın mədəniyyəti və tarixi haqqında məlumatlılığı genişləndirəcək. Eyni zamanda, bu işlərə dəstək turizmi artırmaqla yerli gəlirlərin artmasına kömək edəcək”.

Səfir Dikin sözlərinə görə, “Azərbaycanın yəhudi icmasının ənənəsi zəngin və dərindir. Bu gün xüsusi bir gündür. İsrail – yəhudi dövləti, ABŞ – dünyada ən böyük yəhudi diasporasına malik ölkə və müsəlmanların çoxluq təşkil etdiyi dünyada ən böyük yəhudi icmasının yaşadığı ölkə olan Azərbaycan dağ yəhudilərinin ənənələrini qoruyub saxlayacaq bir yer yaratmaq üçün əl-ələ verir. Bu birgə layihə Azərbaycanda yəhudilərin bəxş etdiyi sülh və birgə yaşayışı əks etdirəcək və əcnəbilərə yerli mədəniyyət və adət-ənənələr haqqında məlumat əldə etmək imkanı verəcək”.

Layihəyə ABŞ-ın töhfəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan nümayəndəliyi tərəfindən Özəl Sektora Dəstək layihəsi vasitəsilə təmin edilir. 1998-ci ildən USAID kənd təsərrüfatı və turizm sektorlarına xüsusi diqqət yetirməklə ölkədə özəl sektorun inkişafına əhəmiyyətli birgə sərmayələr ayırmışdır. Layihəyə əlavə dəstək İsrail səfirliyi, Heydər Əliyev Fondu və yerli Dağ Yəhudilərinin İcması tərəfindən veriləcək.(Turan)

Bənzər yazılar

Back to top button