Cəmiyyət

“Milli ruh və koloritli “Rasputin”” – Nazirlikdən 2-ci sinif dərsliyindəki rəsmlə bağlı açıqlama

Cəmiyyətimizdə tez-tez müzakirə olunan məsələlərdən bir də orta məktəb dərsliklərinin bəzilərində texniki və qrammatik səhvlərə yol verilməsidr.

İctimaiyyət nümayəndələri dövlət büdcəsi hesabına dərc olunan bu dərsliklərdə səhvlərə yol verilməsinə əsas səbəb kimi müəlliflərin qeyri-peşəkarlığını və bu sahəyə nabələd olmalarını görür. Digər səbəb isə hazılanan dərs vəsaitlərinin Təhsil Nazirliyinin aidiyyatı şöbəsinin bu məsələyə məsuliyyətli yanaşılmaması ilə bağlıdır.

Qlobal.az xəbər verir ki, narazılıq yaradan bu dəfəki dərslik 2-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş “Təsviri İncəsənət” kitabıdır.

Kitabda “Özünü yoxla” başlığı ilə təqdim olunmuş rəsmlərdən biri azyaşlı uşaqlarda qorxu yaradır. Bu barədə məlumat verən valideynlər kitabda təqdim edilən “Novruz bayramı” rəsminə uşaqların baxa bilmədiyini, qorxudan ağladıqlarını deyir.

2-ci sinif Təsviri incəsənət dərsliyi

Bəs, Təhsil nazirliyi dərs vəsaitləri, kitablar üçün rəsmlər seçilməsinə hansı formada nəzarət edir, əsasən də azyaşlı uşaqların kitabları, dərs vəsaitləri üçün seçilən rəsmlərə mütəxəssis rəyi alınırmı?

Qlobal.az məsələ ilə əlaqədar Təhsil Nazirliyindən mövqe öyrənib. Açıqlamada deyilir: “2-ci sinif Təsviri incəsənət dərsliyinin 39-cu səhifəsində verilmiş və Anar Hüseynzadənin müəllifi olduğu “Novruz bayramı” əsəri ilk dəfə dərsliyin 2014-cu il nəşrində “Yurdumuza bahar gəlir” mövzusunun “Özünü yoxla” bölməsində yer almış və bir çox mütəxəssis tərəfindən gözəl sənət nümunəsi kimi yüksək qiymətləndirilmişdir. Əsər məzmununa görə öz aktuallığını daim saxlayır. Əsərdə Novruz bayramı süfrəsi, adət-ənənələri və iki insanın gözlərini yumaraq dilək tutması səhnəsi müəllifə məxsus çalarlarla təsvir olunub. Əsər rəssamın daxili aləminin nə qədər milli ruh və koloritlə zənginliyinin bir daha əyani göstəricisidir. Üslubuna görə rəssamın digər əsərləri də insanların düşüncəsinə təsir edir, onları əsər haqqında düşünməyə vadar edir. Anar Hüseynzadə öz əsərlərində qədimlik və müasirliyin unikal sintezini verməklə təsviri sənətə yenilik və orijinallıq gətirmiş rəssamlardan biridir”.

Dərsliyin 39-cu səhifəsində “Novruz bayramı” rəsmi

Qeyd edək ki, sözügedən dərsliyin həmmüəllifləri Yeganə Cəlilova və Kəmalə Cəfərzadə, rəsmin müəllifi isə Anar Hüseynzadədir.

Yeganə Cəlilova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət kafedrasının (ADPU) dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, “Təsviri incəsənət və onun tədrisi texnologiyası” kafedrasının müdiridir. Digər həmmüəllif Kəmalə Cəfərzadə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, təsviri sənətin tədrisi metodikası fənni üzrə mütəxəssisdir. 1998-ci ildən bugünədək Bakı Avropa Liseyində təsviri incəsənət fənnini tədris edir. “Ən yaxşı müəllim”, “İnnovativ müəllim” müsabiqələrinin qalibidir.

Rəsmin müəllifi Anar Hüseynzadə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirmiş, Rəssamlar İttifaqının üzvü olaraq bir çox sərgi və müsabiqələrinin qalib olub.

Bənzər yazılar

Back to top button