Siyasət

Rusiya Xankəndidə təntənəli 9 May paradı keçirmək istəyirsə… – Hərbi ekspert

“Azərbaycan-Ermənistan və Rusiya rəhbərlərinin birgə imzalanan üçtərəfli bəyanatın şərtlərində əks olunmayan istənilən tədbir Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlılarının Xocalı hava limanında keçirmək istədikləri 1941-1945-ci il Böyük Vətən Müharibəsi ilə əlaqədar qələbəyə həsr olunan paraddan danışarkən deyib. Ekspert qeyd edib ki, istər hərbi parad, istər təntənəli yürüş, istər hansısa hərbi şəhərciklərin salınması və s. bunların keçiriləcəyi yer, ərazi, məkan, say, bütün detallar Azərbaycanla razılaşdırılmalıdır:

“Rusiyanın Azərbaycan ərazisi kimi tanıdığı Xankəndidə təntənəli tədbir keçirmək istəyirsə, bu, mütləq Azərbaycan tərəfinin iştirakı ilə olmalıdır. Azərbaycan da Qarabağın azad edilməsində ciddi naliyyət qazanmış hissələrdən birini həmin əraziyə göndərməlidir. Bizim həm Birinci Qarabağ Müharibəsi, hən İkinci Dünya Müharibəsi, həm də İkinci Qarabağ Müharibəsi veteranları da bu tədbirlərdə fəxri qonaq kimi yuxarı başda əyləşməlidirlər. Əks halda bu tip razılaşdırılmayan tədbirlər Azərbacan tərəfindən tamamilə rədd edilməlidir. Bunlara qarşı ictimaiyyət də öz təpkisini ortaya qoymalıdır”.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının Xocalı hava limanında 1941-1945-ci il Böyük Vətən müharibəsində Qələbəyə həsr olunan təntənəli keçid üçün məşqlərə başladığına dair məlumat yayıb.

Tədbirə 400-ə yaxın hərbçinin cəlb olunduğu bildirilib.

Bənzər yazılar

Back to top button