Dünya

Pentaqon: 20 ölkə Ukraynaya yeni hərbi yardım göstərəcək

20 ölkə Ukraynaya yeni hərbi yardım paketləri təqdim etməyi öhdəsinə götürüb. Bunu bazar ertəsi ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

47 ölkənin müdafiə nazirlərinin qatıldığı virtual görüş Ukrayna üzrə Təmas Qrupunun fevral ayından bəri ikinci iclası olub. Keçən ay Ostinin Ramşteyn Hərbi bazasına səfəri zamanı yaradılan qrup Ukraynaya Rusiyanın işğalından qorunmağa kömək etmək üçün 40-dan çox dövlətdən ibarətdir.

“Bir çox ölkələr artilleriya sursatları, sahil müdafiə sistemləri, tanklar və digər zirehli maşınlar verəcək. Digərləri Ukrayna qüvvələrinə təlim keçmək və onun ordusuna dəstək vermək üçün yeni öhdəliklər götürüblər”, Ostin bildirib.

Danimarka rus işğalçılarından qorumaq üçün Ukraynaya gəmi əleyhinə “Harpun” sistemi və raketlər göndərir. Bu addım xoş sürpriz oldu – Ukrayna uzun müddətdir ki, Qərb tərəfdaşlarından gəmi əleyhinə raketlər göndərməyi xahiş edir.

Bu arada, Çexiya hücum helikopterləri, tanklar və raket sistemləri də daxil olmaqla, əhəmiyyətli dəstək göndərməyə razılaşıb, deyə Pentaqon rəhbəri bildirib.

Bundan əlavə, İtaliya, Yunanıstan, Norveç və Polşa artilleriya sistemləri və sursatlarının yeni tədarüklərini elan ediblər.

Ostin ikinci iclasda qrupa qoşulan digər ölkələrin – Avstriya, Bosniya və Herseqovina, Kolumbiya, İrlandiya və Kosovjnunda hərbi yardımlar göndərəcəyini bildirib.

Ukrayna üzrə Təmas Qrupunun növbəti görüşü iyunun 15-də Brüsseldə, təxminən NATO müdafiə nazirlərinin görüşü ilə eyni vaxtda baş tutacaq.(Turan)

Bənzər yazılar

Back to top button