Siyasət

Türk mütəxəssis: “Ermənistan bağlanan müqaviləni pozsa…”

“Paşinyan müqavimət göstərdi, ağır itkilər verdi, ancaq elə bir nöqtəyə gəldi ki, yenə inadını davam etdirsəydi, Qarabağdakı ordusu mühasirəyə alınacaq və tamamilə məhv ediləcəkdi. O bunu gördü və məğlubiyyətini etiraf etdi”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Bahçeşehir Universitetinin müəllimi, Terror və Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar TRT Haber-ə Ermənistanın sülh sazişini imzalamasından danışarkən deyib. Onun sözlərinə görə, Qarabağ savaşında ən mühüm dönüş nöqtəsi Şuşadakı qələbə olub. Ermənistanın məğlubiyyəti qəbul etməsinə buradakı ağır məğlubiyyətin böyük təsir göstərdiyini vurğulayan Ağar, Paşinyanın qərarını “ordusunu xilas etmək üçün son şansından istifadə” kimi qiymətləndirib.

Ağar 1991-ci il vəziyyətinə qayıdıldığını bildirib:

“İşğal bitdi. Dağlıq Qarabağın (Xankəndi-Xocavənd-Xocalı) statusu qeyri-müəyyəndir. Ancaq Şuşa bizdə qaldı. Muxtariyyət və ya Muxtar respublika ehtimalı varmı? Bəli, amma bu vəziyyətin gələcəyi qeyri-müəyyəndir. Artıq indi müəyyən yerlərdə ruslar da var”.

Ermənistanın müqaviləni pozma ehtimalını da toxunan Ağar belə bir hal baş verəcəyi təqdirdə Azərbaycanın daha güclü irəliləyəcəyi qənaətindədir. “Artıq Azərbaycan əvvəlki Azərbaycan deyil” deyən Ağarın sözlərinə görə, indi daha güclü bir Bakı var və Rusiya da öz maraqları naminə Azərbaycana qarşı çıxmaq istəmir.

Ankara ilə Bakı arasında “Bir millət – iki dövlət” yanaşmasının hakim olduğunu və bunun taktikaları əks etdirdiyini bildirən Ağar sözügedən razılaşmanın Türkiyəyə necə təsir edəcəyi sualına cavabında deyib:

“Azərbaycan 7 rayonu, Şuşanı və Qazaxın 7 kəndini işğaldan xilas etdi. Mənim xüsusilə üzərində dayandığım sahə Zəngəzur dəhlizidir… Naxçıvan ilə Azərbaycan arasında açılacaq əlaqə yolu Azərbaycanla Türkiyə arasında və ya daha da əhəmiyyətlisi ölkəmiz ilə Türk dünyası arasında yeni bir əlaqə qurulmasına da səbəb olacaq.

Bu əlaqə son dərəcə önəmlidir… Niyə önəmlidir? Çünkü çox böyük bir coğrafiyada yeni bir geostrateji vəziyyət ehtimalı yaranmış oldu. Biz bu ərazidən problemli bölgə olduğu üçün istifadə etmirdik, artıq edəcəyik. O biri yandan Çinin “1 Kəmər – 1 Yol” layihəsinə də bu koridorun ciddi təsirlərinin olacağına inanıram. Gürcüstandan keçmək əvəzinə bir başa Türk respublikalarıyla da gediş-gəliş təmin edə bilən bir Türkiyə görə biləcəyik.

Bu yalnız Türkiyəyə xeyir təmin edəcək bir razılaşma olaraq qalmayacaq. Türkiyə, Rusiya, Azərbaycan, İran yeni bir proses başlaya bilər. Hətta inadını buraxsa və aldığı travmadan xilas ola bilsə, Ermənistan da bu prosesə cəlb edilə bilər.

Düşünürəm ki, Azərbaycan-Ermənistan razılaşmasının nəticələrini Suriyada görə bilərik və bura gedən proseslərin Suriyadakı proseslərdən ayrı olmadığını da düşünürəm…”

Bənzər yazılar

Back to top button