Hadisə

VTB Bank cəbhədəki əsgərdən nə istəyir? – “Tez-tez ailəsini narahat edirdilər”

Bəzi Azərbaycan bankları ön cəbhədə Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən hərbçilərin borclarını ya müvəqqəti dayandırıb, ya da onlara hesablanmış faiz və digər ödəmələri tam həcmdə silib. Döyüşlərdə iştirak edən çox sayda şəxs ailə başçılarıdır və onlar cəbhə bölgəsində olduğundan artıq 2 aya yaxındır ki, öz işlərindən də uzaq düşüblər. Ölkə bankları da bunu nəzərə alaraq düşmənlə mübarizə aparan hərbçilərimizin borclarını müvəqqəti olaraq dondurub.

AzToday.az BakuPost-a istinadən xəbər verir ki, hazırda ön cəbhədə olan Elçin Əhmədov da banka borcu olan döyüşçülərimizdəndir. Amma VTB Bank onun borcunu dondurmur.

Bu barədə Elçinin qardaşı Araz Əhmədov bildirib. O qeyd edib ki, VTB Bank digər banklar kimi döyüşdə olan müştərilərin ödənişini və faizini dayandırdığı elan edib:

“Lakin VTB Bank nümayəndələri tez-tez zəng vuraraq Elçinin ailəsini borcla bağlı narahat edirdi. Bu səbəbdən Elçin etiraz olaraq sosial şəbəkədəki səhifəsindən fikir bildirmişdir ki, nə üçün ödəniş və faizlər digər banklarda olduğu kimi dondurulmur? Elçinin borcun bağlanması ilə bağlı heç bir istəyi və tələbi olmayıb. Paylaşılan postdan sonra məsələ böyüdü və can yandıran hər kəs necəsə köməklik etməyə, mövzunu gündəmdə saxlamağa çalışdı. Bununla da əsgərə öz dəstəklərini nümayiş etdirdilər. Bu məsələdən narahat olan bank nümayəndələri ictimaiyyətə borcun silinəcəyini bildirərək, xalqı aldatmağa çalışdılar. Bankla əlaqə saxlayan hər kəsə bildiriblər ki, borc silinib. Reallıqda isə heç bir borc silinməyib. Dəfələrlə müxtəlif yerlərdən mənə zəng olundu ki, biz bu borcun bağlanmasına dəstək olmağa hazırıq. Mən isə etiraz etdim ki, ehtiyac yoxdur. Ona görə ehtiyac yoxdur ki, bank insanları aldatdığına görə zəhmət çəkib borcu bağlasın. Bağlamasa belə hissə-hissə ödəyib, özümüz bağlayacağıq. O ki qaldı bununla bağlı xalqdan pul yığmağa, həqiqətən buna ehtiyac yoxdur. Kim maddi dəstək olmaq istəyirsə, o dəstəyi Şəhid və Qazi ailələrinə etsinlər. Bu bizim üçün ən böyük dəstək olar. Biz isə ümid edirik ki, VTB Bank verdiyi sözə əməl edər”.

Məsələ ilə bağlı VTB Bank ilə saxladıq. Bildirildi ki, bank konkret hadisədən asılı olaraq müştərilərə ödəniş üçün güzəşt müddətinin verilməsi və ya borcun tənzimlənməsinin digər mexanizmlərini təklif edir:

“Əvvəlcədən söz verdiyimiz kimi, Elçinin də ailə üzvü ilə əlaqə saxlamışıq və qanunvericiliyə, həmçinin bütün tənzimləyici orqanların göstərişlərinə əsasən vəziyyətin həll yollarını təklif etmişik”.

Amma bankdan bu təkliflərin nə olduğunu izah etmədilər.

Bənzər yazılar

Back to top button