Dünya

ABŞ İsveç və Finlandiyanın ən qısa zamanda NATO-ya daxil olacağından əmindir

Çərşənbə axşamı ABŞ-ın 80 senatoru Finlandiya və İsveçin NATO-ya üzvlük haqqında müraciətlərinin qəbul edilməsini sürətləndirməyə hazır olduqlarını bildiriblər və Bayden administrasiyasını bunun üçün əlindən gələni etməyə çağırıblar, bu barədə Turan-ın Vaşinqton müxbiri xəbər verib.

Başda Senatın NATO müşahidəçiləri qrupunun həmsədrləri – demokrat Janna Şahin və respublikaçı Tom Tillis olmaqla, senatorlar çərşənbə axşamı Baydenə ünvanladıqları məktubda həmçinin bildiriblər ki, “Amerikanın İsveç və Finlandiyanın təhlükəsizliyinə zəmanət verməsini tamamilə dəstəkləyirlər”.

Məktub İsveç və Finlandiya nümayəndə heyətlərinin Türkiyə rəsmiləri ilə bu ölkələrin NATO-ya üzvlük haqqında müraciətlərini müzakirə etmək üçün Ankaraya səfər etdikləri bir vaxtda göndərilib.

“Vaşinqton bu danışıqlarda iştirak etmir, çünki bu, Türkiyə ilə İsveçli və Finlandiyalı tərəfdaşlarımız arasındakı məsələdir”, deyə Dövlət Departamentinin mətbuat katibi Ned Prays Turan-ın sualına cavabda bildirib.

“Biz İsveçin və Finlandiyanın ən qısa zamanda NATO-ya daxil olması üçün alyans daxilində güclü konsensusu qoruyub saxlaya biləcəyimizə əminik”, deyə Prays mətbuat üçün keçirilən gündəlik brifinqdə bildirib.

Bənzər yazılar

Back to top button