ManşetSiyasət

Perspektivlərimiz daha dumanlı görünsə də, dəyişikliklər qaçılmazdır (MÜSAHİBƏ)

Bu ayın əvvəlində hər il olduğu kimi “Greencard” lotereyasının nəticələri açıqlandı. Sosial şəbəkələrdə “Greencard” qaliblərinin sevincini müşahidə etməklə yanaşı bir çox insanın məyusluğunun da şahidi olduq.

Greencard” ABŞ-ın xarici vətəndaşlara ömürlük və müddətsiz verdiyi daimi vətəndaşlıq vəsiqəsidir. Vəsiqəni aldıqdan sonra qanuni şəkildə ABŞ-də yaşamaq, işləmək, oxumaq və daimi vizasız rejimlə gedib-gəlmək hüququ əldə edirsiniz. Milyonlarla şəxsin içərisindən 50 min nəfər qalib olur və onlar ABŞ-a leqal formada köçə bilirlər.

Azərbaycandan da hər il yüzlərlə insan bu proqrama qoşulur. Məlumatlara görə, Azərbaycan üzrə müraciətlərin sayı bu il təxminən 80-90 min nəfər olub. Qeyd edək ki, Azərbaycandan müraciət edən hər 100 nəfərdən təqribən 1-i qalib olur.

Odur ki, hər il məyusluq yaşayanların sayı, qalib gələnlərin sayından dəfələrləçox olur. Məsələ bu deyil. Əsas məsələ odur ki, niyə vətəndaşlar öz ölkələrini tərk edib, başqa ölkəyə köçmək üçün bu qədər həvəslidirlər?

Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevlə söhbətində ASTNA bu suala cavab tapmağa çalışıb.

* * *

– İntiqam bəy, gənclər niyə ölkəni tərk etməyə çalışırlar?

– Ölkəni tərk etmək istəyən təkcə gənclər deyil, gənc olmayanlar arasında da “cəhənnəm olub bu xarabadan getmək istəyənlər” az deyil. Səbəblər müxtəlif ola bilər, amma obyektivlik hissini itirməyən hər kəs yəqin razılaşar ki, əsas səbəb ölkədəki ağır durumdur. İqtisadi amil (dolanışıq) bu məsələdə önəmli rol oynasa da, təkcə o deyil. Bu ölkəni uzun illərdir, ləyaqətli yaşam arzusunda olan insanlar üçün cəhənnəmə çeviriblər. Toplumun önəmli bir hissəsi (əksər də demək olar) dəyişikliklərə, həyatlarının yaxşılaşacağına ümidlərini itiriblər. Yarım əsrdən çox dövr ərzində ölkəni idarə edən sülalənin hakimiyyəti heç vəchlə əldən vermək istəməməsi, ondan yaxa qurtarmağın mümkünlüyünə inamsızlıq hissi xeyli sayda insanı ümidsiz, bədbin hala gətirib. Elə bu səbəbdəndir ki, Tanrının bu ölkədən nəzərini tamamən çəkdiyi düşüncəsi ilə Green-carta biət edənlərin sayı ildən-ilə artmaqdadır.

– Gеtmək istəyənləri burada qane etməyən məsələlər ola bilər. Amma getdikləri, gedəcəkləri ölkələrdə də hər şey onların düşündüyü kimi rahat əldə olunmur. Üstəlik burada öz ölkələrinin sahibi olduqları halda, niyə başqa ölkələrdə ikinci və ya üçüncü dərəcəli vətəndaş olmağa razı olurlar ki?

– AzadlıqRadiosu bağlanan və əməkdaşları təqib olunan dövrdə sizi evinizdən pijama ilə ayaqyalın dartıb aparmışdılar; mən o xəbəri həbsdə oxumuşdum, çox incitmişdi məni. O dövrdə çox sayda qələm sahibləri və başqa dəyərli insanlarımız ölkəni tərk etməyə məcbur oldu. Siz də gedə bilərdiniz, qaldınız. Ölkənin sahibi olduğunuz hissi varmı içinizdə? Ya da ətrafınızda nə qədər həmkarınız özünü bu anlamda “sahibkar” sayır?

Ya da, uzağa getməyim, özümü nümunə gətirim: heç yerə getmək fikrim yoxdur, amma özümü də bu ölkənin sahibi saymıram. Böyük çevrəm var, aralarında hər təbəqənin təmsilçiləri; görmədim ki, onlardan kimdəsə məmləkətə sahiblik hissi olsun. İnsan özünü ölkəsinin yiyəsi o vaxt hiss edər ki, seçkidə səsinin, qərarların qəbulunda sözünün önəmi olsun. Boğazına bıçaq dirəyib “filan mövzudan yazma” deyəndə polisinə güvənsin və heç şübhəsi olmasın ki, o adamı mütləq tapacaqlar və o da layiqli cəzasını alacaq, ona o tapşırığı verənlər də kənarda qalmayacaq. Aytən Məmmədova hər gün gedib prokurorluqda ifadə verib qayıdandan sonra bu əminliyi varmı? Mülkü söküləndə, səsi oğurlananda Femidanın tərəzisinə və qılıncına güvənsin. Harvard məzunu, tanınmış siyasətçi, hüquq müdafiəçisi, jurnalist ən murdar şəkildə təhqir ediləndə, zorakılığa, işgəncəyə məruz qalanda hər bir insanın təhlükəsizliyinin təminatçısı olmağa and içmiş birisi “dəmir yumruğ”unu bunu edənlərin başına endirmək əvəzinə, bəzən açıq şəkildə “heç bir polis cəzalandırılmayacaq” deməklə, bəzən də susması ilə zorakılığa dəstək verə bilirsə, o döyülənlər, təhqir olunanlar özlərini ölkənin sahibi saya bilərlərmi?! Onları, ölkələrinə sahib çıxmaq istəyən başqalarını məhz elə ona görə təqib edirlər ki, bu fikri başlarından birdəfəlik atsınlar.
Bu ölkənin yeganə sahibi hələ ki, bir ailədir, şərikə də ehtiyac duymurlar…

– Maraqlısı budur ki, xaricə oxumağa gedən gənclərin də əksəriyyəti nədənsə ölkəyə qayıtmaq istəmirlər. Axı gözəl anlayırlar ki, burada onlara, yaxşı təhsilli mütəxəssislərə daha çox ehtiyac var….

– Ağlı başında olan və xaricdə, – istər Avropasında olsun, istər də Amerikası, Kanadası, Yaponiyası, Koreyasında (Trampın dostu olan “gombul oğlanın” baba-dədəsindən miras qalan obyektini nəzərdə tutmuram), – yaxşı təhsillə yanaşı effektli idarəçilik görmüş birisi anlamamış deyil ki, potensialını reallaşdıra bilməsi üçün oradakı imkanların hətta az bir hissəsi dədə-baba yurdunda yox: nə biznes mühiti var, nə normal dövlət idarəçiliyi, nə qanunları işləyir, nə müstəqil məhkəməsi, mediası, vətəndaş cəmiyyəti var… Təhsil aldığı dövrdə cəmiyyətin bir hissəsinə çevrilərək oradakı həyat şəraitini, insana, mütəxəssisə, biliyə, zəhmətə verilən dəyəri görən gənc bunların öz ölkəsində olmayacağını artıq bilir. Ona görə də qayıtmaq istəmirlər.

Deyirsiniz ki, burada da yaxşı təhsilli mütəxəssislərə ehtiyac var. Desəm, heç yoxdur, qərəzli görünə bilərəm. Amma baxır, məsələyə hansı yöndən yanaşırsan. Avtoritar ölkələrdə də yaxşı həkimə, iqtisadçıya, mühəndisə, hakimə ehtiyac var. Rasional düşünən (başqa sözlə, ağlı-başında olan) gənc fikirləşir ki, imkan var ikən, Almaniya, Fransada, İtaliyada, Amerikada, İngiltərədəki malik olacağım maaşı, sosial təminatı, müalicəni, dövlətin mənə verəcəyi dəyəri qat-qat pis şərtlər altında yaşayışa niyə dəyişim ki. Şəxsən mən ona “qayıt gəl” demək haqqını özümdə görmürəm. Biriləri gedib xaricdə özünə, ailəsinə komfortlu yaşayış qurub burada ağır şərtlər altında yaşayan və mübarizə aparan insanlara ölkəsinə necə sahib çıxmağın yolları barədə ağıl öyrədəndə, xalqı, toplumu bunu edə bilmədiyinə görə aşağılayanda, hə, onda elələrini yerində oturtmaq olar ki (özü də, elə həmin yüksək tonla), belə ağıllısansa, özün qayıt gəl və dediklərini elə…

– Amma son illər biz xaricdə təhsil almış insanların hakimiyyət və idarəetmə orqanlarında irəli çəkildiyinin şahidi oluruq. Belə olduğu halda niyə haqqında danışdığımız xaricdə təhsil almış həmin gənclərin bir çoxu ölkəyə qayıtmaqdan, həmin postlara yiyələnməkdən vaz keçirlər?

– Əvvəla, xaricdə təhsil alan gənclərin tuta biləcəyi o qədər post yoxdur axı.

İkincisi, çoxları anlayır ki, gəlib dövlət idarəçiliyində post tutmaq korrupsiya, inzibatçılıq sisteminin (“ağa-nökər” sistemi də demək olar) bir parçası olmağı qəbul etmək deməkdir; yəni lazım gələndə müxalifəti də söyməlisən, tapşırıq gələndə saxta yolla deputat “seçilməyə” də razı olmalısan, Avropada toplantıların bizdən qat-qat sərt şəkildə dağıdıldığını da, Hollandiyada əxlaqsızlığın, Amerikada irqçiliyin tüğyan etdiyini, Yaponiyanın arvad-uşaq, böyük-kiçik məsələsində bizdən daha betər mühafizəkar olduqlarını da deməyə də utanıb-çəkinməməlisən. Hər adam belə ağır yükün altına girmək istəmir.

Üçüncüsü, bir məsələyə də aydınlıq gətirək ki, qayıdıb o postlarda çalışmaq istəyənlərin və buna layiqlərin nə qədərinə bu imkan təmin edilir və ümumiyyətlə, irəli çəkilmədə meyar peşəkarlıq və gərəkli digər keyfiyyətlərə malik olmaqdır yoxsa tamam başqa şeylər?

Uzun illərlədir hökumətdən xaricdə təhsil proqramlarına göndərilən gənclərlə bağlı hesabat istənilir: nə qədər adam göndərilib, kimlərdir, hansı ixtisas üzrə və hansı məbləğə, neçəsi sonradan ölkəyə qayıdıb, nə qədəri qayıtmayıb və niyə qayıtmaq istəməyib (həmin gəncləri dövlət pulu ilə oxumağa göndərəndə şərtlərdən biri də odur ki, geri qayıdıb dövlətin ehtiyac duyduğu sahələrdə işləyəcəklər), qayıdanlardan neçə faizi və hansı sahələrdə çalışırlar və s. Bu suallara cavab yoxdur ki, yoxdur. Niyə yoxdur? Ona görə ki, çox qaranlıq mətləblərin üstü açıla bilər: dövlət pulu ilə təhsil almağa göndərilənlər arasında nə qədər məmur, oliqarx övladı olmasından tutmuş, gedənlərin xeyli hissəsinin geri qayıtmadığı (başqa sözlə desək, o pulların havaya sovrulduğu), qayıdanların böyük bir hissəsinin ixtisaslarına uyğun işlə təmin olunmadığı, bir hissəsinin tamam fərqli sahələrdə çalışdığı bəlli olacaq. Nədən belə olur? – sualı başqa mətləbləri ortaya qoyacaq: dövlət gərəkli sahələrə mütəxəssis yetişdirmək adı altında bu proqramlara külli miqdarda pul ayırır, amma ya o mütəxəssislər ona gərək deyil, ya da onları təmin edəcək sayda iş yerləri yoxdur.

Və nəhayət, irəli çəkilənlərin nə qədəri öz sahəsində xüsusi uğurlara imza atıb ki, baş barmağını qaldırıb deyəsən ki, “Malades, bax, xaricdə təhsil almaq budu ey”. Problem adamlarda deyil, sistemdədir. Həmin gənclərin əksəriyyəti, bu ölkədə normal mühit olsaydı, əminəm, topluma çox fayda verə bilərdilər. O sistemdə ki onları qulluğa götürürlər, orada razılaşdırılmamış təşəbbüskarlıq da, müstəqillik də çox təhlükəlidir. Ona görə, hətta çox yaxşı təhsil görmüş, “bir neçə dil bilən” (bunu da tez-tez gözə soxmaqları bir ayrı söhbət), “xaricilərin” irəli verildiyi heç bir sahədə – sosial, elm, təhsil, səhiyyə, idarəçilik… gözə çarpacaq elə də önəmli müsbət dəyişikliklər yoxdur.

– Bu gedişlə və ya bu gedişlərlə ölkəni nə gözləyə bilər? Və bunun qarşısını almaq üçün və ya ölkəni gənclərimiz üçün cəlbedici etmək üçün hansı addımlar atılmalıdır?

– İnsanların ölkəni tərk etmək istəyi göstəricidir. Amma bunu faciəyə çevirməyə əsas görmürəm. Əvvəla, ölkədən gedənlərin sayı əhalinin çox az bir hissəsini təşkil edir.

İkincisi, bu ölkədə nə normal iqtisadiyyat var, nə elm və təhsil, nə də o sahənin çox sayda görkəmli alim və mütəxəssisləri ki, gedişləri ilə ölkə “dağılsın”; bizdəki Elmlər Akademiyasında çalışanların hətta hamısı ölkəni tərk etsə belə, bunun elmimizə nə istisi olacaq, nə soyuğu, çünki nə elmimiz var, nə də EA elm ocağıdır.

Üçüncüsü, gedənlər arasında ölkə üçün faydalı olmaqda davam edənlər də var, qalıb da, faydadan çox ziyan vuranlar da və sayları birincilərdən qat-qat çox. İctimai-siyasi sektorda “vaxt gələcək Azərbaycan xalqı İlham Əliyevi, qazaxlar Nazarbayevi, belaruslar Lukaşenkonu… çıraqla axtaracaqlar” deyən, düşünən nə qədər tanınmışlar var. Öz ölkəsində illərlədir demokratik institutları sıradan çıxara-çıxara gələn, həbsxanaları siyasi məhbuslarla dolu olan, imkanı olsa elə bu gün Türkiyəni şəriət ölkəsinə çevirmək istəyən (bu yöndə uğurları da az deyil) molla Ərdoğanı sevən nə qədər “demokratlarımız” var. Dildə demokratiya deyib, faşist düşüncəli, nifrət püskürən tanınmış alim, yazıçı, sənət adamları da nə qədər istəsən… Getməklərini özümüzə niyə dərd eləyək ki.

Ölkənin gənclər üçün cəlbedici olmasının reseptini isə civil dünya yolu çoxdan kəşf edib: demokratiya, qanunun aliliyi, bazar iqtisadiyyatı, azad rəqabət mühitində insanlar özlərini daha rahat və xoşbəxt hiss edirlər, ölkələrinə də bağlı olurlar, vətəni tərk edəndə də, tüpürüb getmirlər.

Yaxın qonşulardan Gürcüstan bu yolu gedir; baş verənlər idealdan hələ çox uzaq olmasına, xarici təsirlərin və təhlükələrin, insan haqları sahəsində ciddi problemlərin qalmasına rəğmən, ölkə inkişaf yolunda addımlayır və bu, geriyə dönüşü olmayan prosesdir. Ermənistan da Qarabağda ilişib qalmasa, demokratiya yolunda irəliləyəcək.

Bu yöndə perspektivlərimiz daha dumanlı görünsə də, bizdə də dəyişikliklər qaçılmazdır. Həm də, ona görə ki, bundan sonra getməyə artıq yerimizin olmadığını daha çox adam anlamağa başlayacaq.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button