İqtisadiyyat

Prezident daşınmaz əmlakla bağlı daha bir fərman imzaladı – DETALLAR

Prezidemt İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra – Qayda) 2.0.6-cı yarımbəndində nəzərdə tutulan müvəkkil bankı (bankları), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla, on beş gün müddətində müəyyən etsin;

2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin;

2.3. vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etsin;

2.4. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etsin;

2.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş əlavə dəyər vergisinin, Qaydanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etsin;

3.2. Qaydanın 5.11-ci bəndində nəzərdə tutulan rəyin formasını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində təsdiq etsin.

Məlumata üçün qeyd edək ki, bu fərmanla Azərbaycanda fiziki şəxslərin müxtəlif binalardan əldə etdikləri daşınmaz əmlaklara görə ödənilmiş əlavə dəyər vergisinin 30%-i geri qaytarılacaq.

Qaydaya əsasən, geri ödəniş nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaimə-faktura üzrə həyata keçirilir.

ƏDV alıcının bank hesabına köçürülür.

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlakın tam dəyəri ödənildikdən sonra qaytarılır.

Alıcı eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahəsi aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və yaxud qeyri-yaşayış sahəsi alması zamanı yaşayış və yaxud qeyri-yaşayış sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan yaşayış və yaxud qeyri-yaşayış sahəsi əsas götürülür.

Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır.

Bənzər yazılar

Back to top button