ManşetSiyasət

ABŞ Azərbaycanı və digər ölkələri Rusiyanın kibertəhlükəsizlik məsələsində ehtiyatlı olmağa çağırıb

Vaşinqton Rusiyanın bir sıra ölkələr, o cümlədən Azərbaycanla imzalamaq niyyətində olduğu kibertəhlükəsizlik sazişləri ilə bağlı “ehtiyatlı olmağa” çağırıb, TURANın Amerika müxbiri xəbər verir.

“Yumşaq desək, Rusiya kiberməkanda məsuliyyətli oyunçu kimi özünü göstərməyib. Ona görə də biz ölkələri bu cür sazişlərdən çəkindiririk”, – Dövlət Departamentinin sözçüsü Ned Prays çərşənbə günü brifinqdə Moskvanın Azərbaycan, Serbiya və Tacikistanla kibertəhlükəsizlik sazişləri imzalamaq planları ilə bağlı Turanın sualını cavablandırarkən deyib.

Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Oleq Xramov ötən həftə Azərbaycanla, eləcə də digər ölkələrlə kibertəhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalamaq niyyətində olduğunu bəyan edib.

ABŞ və Böyük Britaniya bu həftənin əvvəlində Moskvanı onlayn dezinformasiya yaymaqda, kiberhücumlar təşkil etməkdə, “trol fabriki” vasitəsilə dezinformasiya yaymaqda və Ukraynadakı müharibə ilə bağlı ictimai rəyi manipulyasiya etməkdə ittiham edib.

Rusiya hökuməti Ukraynaya qarşı təcavüz haqqında həqiqəti çatdıran jurnalistləri qorxutmaqda və həbs etməkdə davam edir.

“Buna görə də biz bütün dünyada maraqlı tərəfləri Rusiyada interneti açıq saxlamağa çağırdıq ki, Rusiya əhalisi həqiqəti oxuya bilsin. Biz rusiyalı jurnalistlərə, Rusiyadan kənarda işləməyə çalışan media qurumlarına və orada qalanlara dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”, – Ned Prays bildirib.

Qeyd edək ki, Dövlət katibinin köməkçisi Karen Donfrid çərşənbə günü Dövlət Departamentində aparıcı rusiyalı jurnalist, Nobel mükafatı laureatı Dmitri Muratovla görüşüb.

Bənzər yazılar

Back to top button