Cəmiyyət

Doğumu qeydiyyata alınmayan uşaqların sayı artır – “Vəziyyət acınacaqlıdır”

Azərbaycanda sənədsiz uşaqların problemi təkcə valideynsizlik deyil: sənədi olmayan uşaq təhsil ala bilmir, müxtəlif səbəblərə görə bəzən heç sığınacağa da qəbul olunmaya bilər. Ötən gün son 5 il ərzində qeydiyyat şöbələri tərəfindən əvvəlki illərdə doğulmuş və doğumu dövlət qeydiyyatına alınmamış uşaqların doğumunun qeydə alınmasına dair statistika məlum olub. Statistikaya görə, son 5 ildə 6 852 bu cür hal olub, onlardan 6 458-i qeydiyyata alınıb. Bu il mayın 1-ə qədər isə bu rəqəm 449-dur, onlardan 421-i aşkar edilərək qeydiyyata götürülüb.

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı Demokrat.az-a açıqlamasında bildirib ki, əslində bu göstərici yüksəkdir. Ekspert bildirib ki, bu, həm mənəvi, həm də sosial baxımdan çox acınacaqlı, ağır bir vəziyyətdir:

“May ayına olan statistikaya görə, bu rəqəmlər çoxdur, yəni bir ilə təxmini min uşaq deməkdir. Hətta, bəlkə də çoxdur ki, bu da çox acınacaqlı bir ağır vəziyyətdir. Əslində, bu kimi halların artmasının səbəbi mənəvi deqradasiyanın nəticəsidir. Bu gün əxlaqsız hallarının artması, kənarda doğuşların olması, evdə doğumların həyata keçirilməsi, xəstəxanalarda qiymətlərin yüksək olması qeydiyyata alınmayan uşaqların sayını artırıb. Sadəcə hər bir halda bu, o demək deyil ki, uşaq qeydiyyata düşməməlidir. Hər bir uşaq mütləq dövlət qeydiyyatına alınmalıdır. Çünki uşağın doğumu qeydiyyata alınmadıqda bu gələcəkdə çox ciddi problemlər yaradır. Ümumiyyətlə, bu məsələ çox dərin və qəlizdir. Ona görə də, bu məsələyə nəzarət gücləndirilməlidir. Hesab edirəm ki, bu sahədə dövlət cərimələri artırılmalıdır. Fikrimcə, belə hallar olanda ağır cəzalar qoyulmalıdır ki, bir də bu kimi hallara gedilməsin. Yəni, insanlar istər obyektiv, istərsə də subyektiv səbəbdən buna getməsinlər”.

Bənzər yazılar

Back to top button