Cəmiyyət

Deputat Ermənistandakı başdaşından danışdı: “Atama məxsusdur” – FOTO

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin (Urud) atasının Zəngəzurun Urud kəndində dağıdılmış məzarının əks olunduğu görüntülər yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə fotolar sosial şəbəkələrdə paylaşılıb.

REAL partiyasının sədri İlqar Məmmədov bildirib ki, fotoları Ermənistana səfər edən fars mənşəli İngiltərə vətəndaşı olan bloger yayıb.

Sözügedən fotoda üzərində “Oğlu Musadan xatirə” yazılmış bir başdaşı əks olunub.

Musa Quliyev də məlumatı təsdiqləyib.

“Fotodakı məzar daşlarından biri mənim mərhum atamın qəbirüstü abidəsinə aiddir. Digər baş daşıları da bizim qohumlar və həmkəndlilərimizə məxsusdur.

Təəssüf ki, işğal altındakı bütün yurdlarımızda qəbristanlığımız belə vandallığa məruz qalıb.

2006-cı ildə mən Uruda getmişəm və dağıdılmış qəbristanlığı gözlərimlə görmüşəm. 14-16-cı əsrlərə məxsus qədim alban-türk məzarüstü abidələrin biri də salamat qalmayıb.

Allah bütün mərhumlarımıza rəhmət eləsin. İnşallah bir gün qayıdıb bərpa edərik, kəndlərimizi də, məzar daşlarımızı da. Ata-babalarımızın sərgərdan ruhları da o zaman rahatlıq tapacaqdır”, – deyə, o öz sosial şəbəkə hesabında bildirib.

Bənzər yazılar

Back to top button