Hadisə

Generalla zərərçəkən arasında qalmaqal – Mövlan Şıxəliyevin məhkəməsində yeni faktlar açıqlandı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şixəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Qaynarinfo xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlan Şıxəliyevlə yanaşı, MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlan Şixəliyev və digər 3 nəfər – İstintaq İdarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, idarənin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.

Mövlan Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq, sonradan məhkəmə dövründə də həbs olunmayıblar. İş üzrə 32 zərərçəkən və dünyasının dəyişmiş 4 zərərçəkənin hüquqi varisi var. Mətbuat nümayəndələri açıq keçirilən prosesə buraxılmır.

MTN-də keçi söhbəti

Ötən proses iş üzrə zərərçəkən Əhməd Məhəmməd oğlu Mirzəyevin sərbəst ifadəsi ilə davam etdirilib. Əhməd Mirzəyev 2009-cu ildən “Santemax” MMC-nin təsisçisi və direktorun müavini vəzifəsində işləyib. “Santemax” MMC-nin fəaliyyəti kafel-metlax, santexnika və digər tikinti materiallarının pərakəndə satışından ibarət olub. Əhməd Mirzəyev deyib ki, 2010-cu ilin fevral ayının sonları mart ayının əvvəllərində Gürcüstanda yaşayan tələbə yoldaşı, milliyətcə gürcü olan Lento ona zəng edib:

“Lento söhbət əsnasında dedi ki, mənə qranit materialından olan balta hədiyyə göndərir. Baltanın yanında qızıldan olan keçi fiquru da olduğunu dedi. Lentonun sözlərindən bildim ki, qızıl keçi Bakı şəhərində yaşayan Zaur adlı şəxsə verilməlidir. Qızıl keçinin müqabilində Zaurdan 1500 dollar pulu alıb Lentoya göndərməliyəm. Təxminən 17-18 mart 2010-cu il tarixində günorta saatlarında Lentonun dediyi şəxs zəng elədi. Dedi ki, hədiyyəni gətirib. Sürücü Arifdən xahiş etdim ki, gedib avtovağzaldan həmin şəxsdən baltanı, keçi fiqurunu alıb gətirsin. Arif hədiyyəni gətirdi. Bundan sonra Zaura zəng vurdum, onun üçün keçi fiquru gəldiyini dedim. Zaurla ilk təmasım idi, ondan baltanın da təxmini qiymətini soruşdum. Dedi ki, baxıb nəsə deyə bilər. Baltanı da, keçi fiquru ilə bərabər Arifə verib Zaura yaşadıgı ünvana yolladım.

Arif 18 mart 2010-cu ildə, təxminən 19 radələrində Zaurun evinə getdi. 2-3 saat keçəndən sonra Arif mənə zəng elədi, dedi ki, Zaurun evində olanda ora MTN-nin Antiterror Mərkəzinin işçiləri basqın ediblər. Evdə axtarış aparıblar, MTN əməkdaşları ondan baltanı da alıblar. Arifin zəngindən təxminən 2-3 saat sonra Zaura zəng elədim. Təbriz küçəsində yerləşən “Məxməri” kafesində görüş təyin etdim. Görüşəndə Zaurdan nə baş verdiyini soruşdum. Zaur həmin baltanın qiymətini təyin etməyə gələn şəxsin yəqin MTN-nin adamı olduğunu və MTN-nin əməkdaşlarının həmin baltanı götürdüklərini bildirdi. Ertəsi gün səhər vaxtı mənə MTN-nin Antiterror Mərkəzinin əməkdaşı kimi təqdim edən Mamay Qulubəyov adlı şəxs zəng etdi, nazirliyə çağırdı. Həmin gün saat 11 radələrində MTN-nə getdim. Orada özünü Mamay kimi təqdim edən şəxs izahat aldı, məni videoya çəkirdilər. Həmin videoçəkiliş zamanı mənə çoxlu sayda qızıl əşyalar, qoyun və ya keçi fiquru, həmçinin balta təqdim olundu. Qətiyyətlə dedim ki, həmin qızıl əşyalar mənə aid deyil.

Əsəbiləşmişdim, hətta mənə hədiyyə olunmuş baltanın da mənə aid olmadığını dedim. Mamay dedi ki, bu işi burada bağlayaq, nə qədər pul verə bilərsən? Mən də 5 min manatımın olduğunu dedim. O getdi və yarım saat sonra gəlib dedi ki, heç nə lazım deyil, hələlik gedə bilərəm. 27 mart 2010-cu il tarixdə Mamay yenidən zəng elədi, məni MTN-nə çağırdı, getdim. Komendaturada qeydiyyata alınmadan birbaşa Baş İstinaq İdarəsinin rəisi, bu gün bax o qəfəsdə oturan Mövlan Şixəliyevin otağına apardılar. Qəbul otağında 3-5 dəqiqə gözlədikdən sonra Mamayın adamları məni Mövlan Şixəliyevin otağına apardılar. Mövlan Şıxəliyev dedi ki, düzgün ifadə ver. Təhsin Ağayevi çağırdı və izahatımı almağını ona tapşırdı. Təhsin Ağayevlə onun otağına gəldik.

“500 min manat nazirə çatacaq”

Danışıqlarından belə başa düşdüm ki, Təhsin Ağayev və Mövlan Şıxəliyev mənim hansı bizneslə məşğul olduğumu araşdırıb tam bilirlər. Təhsin Ağayev “sənin nə bizneslə məşğul olduğunu biz bilirik, pul vermədən buradan çıxa bilməyəcəksən, cənab nazirin göstərişidir, onun nəzarətində olan işdir, 500 min manat verməlisən, həmin pul nazirə çatacaq” dedi. Təhsinə dedim ki, 500 min manat yoxumdur. Məni 2 gün MTN-də saxladılar. Sonra isə məhkəməyə aparıb barəmdə həbs qətimkan tədbiri qərarı aldılar. Həbsdə olduğum müddətdə demək olar ki, hər gün Təhsin Ağayev məni otağına gətizdirirdi, azadlığa çıxmağım üçün 500 min manat tələb edirdi. Əks halda hədələyirdi və ən azından qaçaqmalçılıqla görə 8 il azadlıqdan məhrum olunacağımı deyirdi. Sonradan Təhsin Ağayev 500 min dollar müqabilində məni həbsdən azad edəcəyinə söz verdi. Çıxılmaz vəziyyətdə qaldığımdan onun təklifi ilə razılaşmışdım.

Sahibkar həbsdə ola-ola əmlakını “Azəriqazbank”a girov qoydular, 300 min dollar götürdülər

Vəkilim Sabirlə qardaşım Xəqaniyə xəbər göndərdim ki, həbsdən azad olunmağım üçün 500 min dollar məbləğində pulu tapıb Təhsin Ağayevə versin. Almaniyada yaşayan digər qardaşım Sultan Əhmədov “Azəriqazbank” ASC-nin sədri Çingiz Əsədullayevlə əlaqə saxlayıb mənə məxsus “Santemax” MMC-yə təqribən 250-300 min dollarlıq kredit xətti açdırmağı xahiş etdi. Xəqani “Azəriqazbank”dan 250 min dolları götürüb üzərinə də özündən pul qoyub ümumilikdə 375 min manat məbləğində pulu hazırlayıb. Bildiyim qədər Xəqani pulu 14, yaxud 15 aprel 2010-cu il tarixdə MTN-nin komendaturasının qarşısında Təhsin Ağayevin göndərdiyi adama verib. Təxminən 15 aprel 2010-cu il tarixdə Təhsin Ağayev məni otağına gətizdirdi, “pul çatıb, səni azad edəcəyik” dedi.

“Xəstə olmağımla bağlı saxta rəy verildi”

Təhsin Ağayev məni azad etmək üçün MTN-ə həkim çağırdı. Mənə də dedi ki, “həkimə başım ağrıyır, ürəyimdə problem var de, özünü pis hiss etdiyi görüntüsü yarat. Həkim də səninlə bağlı rəy verəcək, Mövlan müəllimin qərarı ilə səni azad edəcəyik”. Belə də oldu, həkim gəldi, Təhsin Ağayevin dediyi qaydada şikayətimi elədim. Həkim də xəstə olmağımla bağlı saxta rəy verdi. Həmin gün 12-13 radələrində MTN-dən azadlığa buraxdılar.

Təhsin Ağayev dedi ki, istəsən 100 min dollar ver, sürücün Arifi də buraxaq. Pulumun olmadığını dedim, Təhsin Ağayev də sürücünün buraxılmayacağını dedi. Bundan sonra Arifin də, mənim də barəmdə qaçaqmalçılıq maddəsi ilə cinayət işi baxılması üçün Ağır Cinayətlərə dair işlər üzrə Məhkəməyə göndərildi. Bundan sonra Arifi 8 ay qanunsuz olaraq həbsdə saxladılar. Yayın istisində ona orada əziyyət verdilər.

İş məhkəməyə gələndən sonra hakim Əfqan Hacıyevlə xidməti kabinetində görüşdüm. Hakim dedi ki, sənə şərti iş veriləcək, gərək bunun üçün 100 min manat pul verəsən. Əfqan Hacıyevə dedim ki, tələb etdiyi qədər pulum yoxdur. Hakim əsəbiləşdi. Başladı ki, MTN-ə verməyə pul tapırsız, məhkəməyə gələndə isə ağlayırsız. Hakimlə razılaşdıq ki, ona 100 min dollar verəcəyəm, mənimlə bərabər sürücü Arifin də barəsində şərti cəza çıxaracaq, onu da məhkəmə zalından azad edəcək. Əfqan Hacıyevə pulu verəndə dedim ki, bizə bəraət ver, günahımız yoxdur, bizi şərləyiblər. Dedi ki, sizə heç bir halda bəraət verə bilmərəm, iş MTN-dən gəlib. Formal məhkəmə keçdi, sürücü Arifə də, mənə də şərti cəza verildi. Sürücünü də açıb məhkəmə zalından buraxdılar.

General üçün 25 min dollarlıq “Stefanno Ricci” kostyumu

Bundan sonra Mövlan Şıxəliyevin mənə sifarişləri bitib tükənmirdi. Məni həbsdən buraxandan sonra, təxminən 2011-ci ilin avqust-sentyabr aylarında Mövlan Şixəliyev özünün mobil telefonundan zəng vuraraq villasında tikinti işləri apardığını dedi. Bununla əlaqədar olaraq tikinti materialları verməyimi tələb etdi. Həbsdən təzə çıxmışdım, MTN-nin “xofu” çəkilib getməmişdi, Mövlan Şixəliyevin bu tapşırığına “yox” deyə bilməzdim. Bundan sonra 2011-2014-cü illərdə müxtəlif tarixlərdə Mövlan Şixəliyevin sürücüsü Əlizamin adlı şəxs gəlib ofisdən təxminən 26 min manatlıq keramika, kafel-metlax materiallarını pulsuz olaraq götürüb aparıb”.

Zərərçəkən məhkəmədə cinayət işinin materiallarında olmayan yeni bir hal haqda da məlumat verib. Onun sözlərindən məlum olub ki, Əhməd Mirzəyev həbsdən azad edildikdən sonra da Mövlan Şıxəliyev ona sifarişlər göndərməkdə davam edib:

“Mövlan Şıxəliyev məndən əl çəkmirdi. Pulumu da almışdılar, əl də çəkmirdilər. Yenə də zəng elədi ki, bəs mənim ad günümdür, “Stefanno Ricci”dən kostyum al. Razılaşmaqdan başqa yolum yox idi. Dedi ki, kostyumu özüm gedib seçib alacağam, pulunu sən verərsən. 2-3 gün sonra mənə kostyum satılan mağazadan zəng elədilər, dedilər ki, kostyum alınıb, sizin nömrəni veriblər ki, pulu ödənsin. Kostyumun qiymətini soruşdum, cavabında zəng edən satıcı “25 min dollar” dedi. Bir anlıq özümü itirdim. “Bu qiymətə də kostyum olar?” dedim”.

Bu yerdə dəmir barmaqlıq arxasında olan Mövlam Şıxəliyev zərərçəkənin sözlərinə əsəbiləşib, “yalan deyir” qışqırıb. Zərərçəkən Əhməd Mirzəyev isə “haramın olsun” deyib. Hakim tərəfləri sakitləşdirib.

Əhməd Mirzəyev ifadəsini davam etdirib:

“Kostyumun 25 min dollara olduğuna inanmadım. Satıcıya “25 min dollara kostyum olar?” dedim. Satıcı da bir daha dedi ki, “Stefano Ricci” kostyumunun qiyməti 25 min dollardır”. Yenə də inanmadım, satıcıya dedim ki, gəlirəm mağazaya, söhbət edərik. Özümlə 20 min manat da götürdüm, Mövlan Şıxəliyevin kostyumu aldığı mağazaya getdim. Orada satıcı Mövlan Şıxəliyevin mağazadan götürdüyü kostyumun qiymətinin 25 min dollar olduğunu dedi. Mən də çek tələb etdim. Satıcı da dedi ki, rəhbərlik bizə çek verməyə qadama qoyub. Soruşdum ki, ümumiyyətlə kostyum alınıb sizdən, yoxsa pul? Satıcının danışığından belə başa düşdüm ki, kostyum bəhanədir, məndən 25 min dollar qoparmaq üçün bu söhbəti uydurublar. Əlacsız qalıb 20 min manatı ödədim. O zaman dollar 78 qəpik idi, 20 min manat verib çıxdım. Başqa çarəm yox idi”.

Zərərçəkən ondan alının pulları geri tələb edir

Bundan sonra hakim və dövlət ittihamçısı zərərçəkənə bir neçə sual verdi. Əhməd Mirzəyev suallara cavab olaraq bildirib ki, ona vurulan ziyanı geri tələb edir.

Əhməd Mirzəyev Mövlan Şıxəliyevin vəkillərinin də suallarını cavab verib. Bildirib ki, onun mağazasından Mövlan Şıxəliyevin sürücüsünün apardığı kafel-metlaxın qaimələri də işin içində var. Həmin qaimələrdə onların neçə manatlıq kafel-metlax aldıqları açıq yazılıb. İşin içində də həmin kassa məxaric orderləri var. Kassa məxaric orderlərində kafel-metlaxı götürən şəxsin adı da, telefonu da yazılıb. Həmin şəxs Mövlan Şıxəliyevin sürücüsü Əlizamindir. Kassa məxaric orderlərində onun mobil nömrəsi də qeyd olunub.

Zərərçəkən hakimə bildirib ki, istintaqa kassa məxaric orderlərini təqdim edib və cinayət işinin materiallarına əlavə olunub.

Bundan sonra prosesdə 20 dekabra qədər fasilə elan olunub.

Bənzər yazılar

Back to top button