İqtisadiyyat

“Azərbaycan günəş enerjisi baxımdan perspektivli ərazidir” (MÜSAHİBƏ)

Rusiyanın “Günəş Enerjisi Müəssisələri Assosiasiyası” İctimai Birliyinin rəhbəri Anton Usaçev “Report”un yerli bürosuna müsahibə verib. O, enerji mənbəyi kimi günəş panellərinin üstün və əksik cəhətləri, onların Azərbaycanda istifadəsi imkanları, habelə ictimai nəqliyyatda tətbiqi məsələləri barədə sualları cavablandırıb.
 
– Günəş panellərinin enerji mənbəyi kimi üstün və əskik cəhətləri hansılardır?
– Texnologiyaların inkişafı və dəstək sayəsində Günəş cihazları ən ucuz enerji mənbələri arasıdadır. Bunun nəticəsində 5 ildən də az bir müddət ərzində Günəş enerjisi istehsalının həcmi 30 gV-dan 500 gV-dək artdı. Beynəlxalq təşkilatların hesablamalarına görə 2020-ci ildə tikiləcək Günəş stansiyalarının 80 faizində istehsal ediləcək elektrik enerjisi yeni kömür, qaz və dizel qurğularından əldə ediləcək enerjidən ucuz olacaq. Həm də Günəş işığı Yer kürəsinin hər yerinə düşdüyü üçün enerjinin bu növü yararlanmaq üçün əlverişlidir. Enerji istehsalının həcmi həm Günəş şüalarından, həm də cihazın səmərə əmsalından asılıdır. Səssiz və ətraf mühit üçün zərərsiz olan Günəş elektrik stansiyalarının istismarı asan və qənaətcildir. Onların əsas çatışmazlığı Günəş işığından asılı olmalarıdır. Belə ki, tutqun havada belə elektrik stansiyalarda enerji istehsalatı azalır, gecə vaxtı isə onlar təbii ki, çalışmır. Lakin hazırda Günəş elektrik stansiyalarında istehsal edilən enerjini toplayan qurğuların yaradılaraq təkmilləşdirilməsi bu problemi aradan qaldıracaq.
– Bu gün Günəş panelləri nə dərəcədə geniş yayılıb? Bu sahədə Rusiyanın təcrübəsi nə qədərdir?
– Ekspertlərə görə 2020-ci ildə dünya boyu 142 gV həcmində Günəş enerjisi istehsalı qurğuları tikilə bilər ki, bu da ötən ilkindən 14 faiz çoxdur. 2019-cu ilin sonunda bu cür qurğuların məcmu gücü 592 gV-a çatdırılmışdı. Günəş enerjisi qurğuları və yardımçı avadanlığı istehsalını get-gedə artıran Rusiyada Günəş enerjisi əsasında həm şəbəkə, həm də əlahiddə kiçik elektrik stansiyaları tikilir. Ölkədə bu sahədə yüksək səmərəyə malik yerli texnologiya yaradılaraq patentləşdirilib. 2024-cü ilədək Rusiyadakı Günəş elektrik stansiyalarının məcmu gücünü 1,7 gV-a çatdırmaq nəzərdə tutulur. Həmçinin elektrik enerjisinin qıt olduğu bölgələrdə əhalinin və sənayenin enerji təchizatını təmin edəcək hybrid qurğularına əsaslanan yeni və perspektivli texnologiya da uğurla tətbiq edilir.
– Azərbaycanda Günəş panellərinin tətbiqinə dair nələr deyərdiniz?
– İldə 250-dək günəşli gün olduğu Azərbaycan Günəş enerjisinin istismarı üçün əlverişli ölkələrdəndir. ABŞ-da olduğu kimi Azərbaycanda da illik Günəş şüalanmasının həcmi orta hesabla 1500-2000 kV/m2-dir ki, bu göstərici Rusiya üçün 800-1600, Fransa üçün 1200-1400, Çin üçün 1800-2000 səviyyəsindədir.
– Bəs Azərbaycanda ictimai nəqliyyat sisteminin Günəş panellərinə keçirilməsi mümkündürmü? Bu sahədə dünya təcrübəsi necədir?
– Son vaxtlar xeyli ucuzlaşan Günəş panellərinin həm sənayedə, həm də fərdi evlərdə get-gedə daha geniş tətbiq olunması ictimai nəqliyyatın da Günəş enerjisilə təchiz edilməsi məsələsini gündəmə gətirib. Hazırda daha çox elektrobuslarda batareyaları doldurmaq üçün Günəş enerjisindən istifadə olunur. Belə ki, dam hisssənin genişliyi elektrobusları Günəş panellərinin quraşdırılması üçün əlverişli edir. Bununla məsələn, salondakı kondisionerlər üçün kifayət həcmdə enerji əldə etmək mümkündür. Dünyanın bütövlükdə Günəş enerjisilə çalışan ilk avtobusu isə 2007-ci ildə Avstraliyada istismara buraxılıb. Kondinsioner və rekuperativ əyləc sistemilə təchiz olunmuş 40 yerlik həmin avtobuslar enerjini Günəş panellərindən yox, Adelaida şəhərindəki avtobus stansiyasında quraşdırılan xüsusi Günəş stansiyasından alır. Bundan başqa, Çində 2012-ci ildən istismara verilən hybrid avtobuslar dam hissəsindəki Günəş panellərindən qidalanan litium ion batareyalar vasitəsilə enerji təchizatı alır. Dəmir yollarına gəlincə, Günəş panelləri ya qatarın dam hissəsində, ya da yolun kənarında quraşdırıla bilər. Hazırda Paris ilə Amsterdam arasında fəaliyyət göstərən qatarlar bu yolla enerji təchizatı hesabına işləyir. Şübhəsiz, Azərbayucan ərazisində Günəş enerjisinin yüksək miqdarı bu kimi layihələri həyata keçirmək üçün əlverişli zəmin yaradır.
– Bəs yeraltı keçid və tunelləri işıqlandırmaq üçün Günəş panellərinin istifadəsi barədə nə deyə bilərsiniz?
– Günəş elektrik stansiyalarında istehsal olunan enerji adətən ümumi enerji şəbəkəsinə verilərək buraya qoşulan hər cür qurğu və avadanlıqları çalışdırır. Əlahiddə mənbələrə gəlincə isə, Günəş panelləri yol işıqları, işıqforlar üçün istifadə oluna bilər. Belə işıqların əlahiddə sistemlə çalışması onların istismarına çəkilən məsrəfləri minimum həddə endirir.

Bənzər yazılar

Back to top button