GündəmSağlamlıq

Həkim: ‘Bütün xəstəliklərdə artım var’

Dekabrın 1-i Ümumdünya Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) ilə Mübarizə Günüdür. Rəsmi statistikaya görə, dünyada İnsanın İmmunçatışmazlığı Virusu (İİV-QİÇS-dən öncəki mərhələ) ilə yaşayan 38.4 milyon adam var, 40 milyona yaxın şəxs isə həmin virusdan ölüb.

Azərbaycanda QİÇS xəstəsi ilk dəfə 1987-ci ildə qeydə alınıb.

QİÇS-dən əziyyət çəkən A.B. AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda xəstələr dərmanlarla pulsuz təmin edilsələr də, analiz verənlərin sayı o qədər də çox deyil: “İnsan əvvəl çox çəkinir, həm daxildə qorxu var, həm də virus aşkarlanarsa, adı anonim qalıb-qalmamasına şübhə edir”.

Onun sözlərinə görə, bu virusa yoluxmuş insanlar özlərini bir növ təcrid hiss edir: “Ölkədə QİÇS, İİV nə olduğunu bilən adamların sayı azdır. Bəzən adamlar hesab edir ki, bu virus adi əllə görüşməklə keçə bilər. Ona görə də bu xəstəliyə tutulan insanlardan çəkinirlər, qaçırlar”.

Onun fikrincə, bu, Azərbaycanda QİCS-lə bağlı maarifləndirmə işlərinin zəif olmasına görədir: “Başqa ölkələrdə biz qoruyucu vasitələrin az qala küçədə paylanmasını görürük, Azərbaycanda isə bəziləri həmin qoruyucu vasitələrə az qala ayıb bir şey kimi baxırlar”.

Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzindən “Turan”a bildirilib ki, hazırda onlarda 8 min 500 nəfər rəsmi qeydiyyatdadır: “Onlardan 5 min 903-ü kişi, 2 min 597-si qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1 min 993 nəfər, İİV infeksiyasından dünyasını dəyişən Azərbaycan vətəndaşlarının sayı isə 1 min 237 nəfərdir”.

Qurumdan bildirilib ki, QİÇS-ə daha çox narkotik istifadəçilərinin yoluxduğu müşahidə edilir. Vurğulanıb ki, İİV-in Azərbaycanda risk qruplarına aid şəxslər arasında yayılmasının lokallaşdırılmasına nail olunub: “Bu nailiyyət uzun müddət əks-epidemik tədbirlər nəticəsində mümkün olub. Azərbaycan İİV-ə ən az yoluxan ölkələr sırasındadır. Ölkədə vəziyyət nəzarət altındadır. Epidemik sıçrayışlar mövcud deyil. Azərbaycanda İİV-lə uğurlu müalicə nəticələri 86 faizə yaxınlaşıb”.

“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə AzadlıqRadiosuna bildirib ki, QİÇS qan və cinsi yolla keçə bilir. Onun sözlərinə görə, ölkədə narkomaniya artdığına görə, təbii ki, QİÇS virusuna yoluxanların sayında artım var: “Rəsmi statistikanın nə dərəcədə düzgün olması ilə bağlı dəqiq demək olmur, çünki bunu yoxlamaq mümkün deyil. Amma digər statistikalarda qeyri-şəffaflıq olduğu kimi, yəqin ki, burda da qeyri-şəffaflıq var”.

Həkim qeyd edib ki, Azərbaycanda tibbi maarifləndirmə bərbad vəziyyətdədir: “Nə televiziyalar vasitəsilə, nə də digər vasitələrlə xəstəliklərə qarşı mübarizə yönündə maarifləndirmə, demək olar ki, aparılır. Ona görə də bütün xəstəliklərdə artım var. İnsanlar vaxtında müraciət etmirlər, çünki tibbi maarifləndirmə çox zəifdir”.

Bənzər yazılar

Back to top button