İqtisadiyyat

“Bərpa və köçürülmə üçün 8,1 milyard hansı mənbədən cəlb olunacaq?”

“Açıqlanan büdcə sənədlərinə görə, 5 il ərzində (2022-2026) işğaldan azad edilmiş ərazilərin bərpası və əhalinin köçürülməsi üçün 30,5 mlrd. manat tələb olunur. Açıqlamaya görə, 2023-cü ili də nəzərə alsaq, artıq bu vəsaitin təxminən 11,9 mlrd. manatı xərclənib. Yəni qarşıdakı 3 ildə əlavə təxminən 18,6 mlrd. manat da xərclənməlidir, amma büdcədən növbəti 3 ildə cəmi 10,6 mlrd. manat xərclənəcəyi göstərilir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə iqtisadçı Rövşən Ağayev özünün sosial şəbəkə hesabında yazıb.
“Sənəddən aydın olur ki, dövrün sonuna (2026-cı il) qayıdış proqramının icrası üçün dövlət büdcəsindən tələb olunandan 8,1 mlrd. manat az -ümumilikdə 22,4 mlrd. manat xərclənəcək.

Yerdə qalan 8,1 mlrd. manatın hansı mənbədən cəlb olunacağı sualı açıq qalır”, – iqtisadçı bildirib.
R. Ağayev qeyd edib ki, sözügedən açıqlamada diqqəti çəkən bir məqam da qayıdış üçün bərpa xərclərinin gözləntilərin çox üzərində olmasıdır:

“Müharibənin yenicə bitdiyi dövrdə ekspert müzakirələrində tam bərpanın 20-25 mlrd. dollara (cari məzənnə ilə 35-40 mlrd. manat) başa gəlməsinin mümkünlüyü səsləndirilirdi.

Doğrudur, ilk mərhələdə əsas xərc aparan infrastruktur layihələrinin əhəmiyyətli hissəsinin icra olunacağı gözlənilir. Amma nəzərə alaq ki, 2026-cı ilin sonuna qədər köçürüləcək potensial əhalinin cəmi 20%-nin qaytarılacağı, bərpa olunacaq yayayış məntəqələrinin isə təxminən dörddə birinin qurulacağı planlanır.
Yəni, 2-ci mərhələ üçün daha böyük həcmdə sərmayə tələb olunacaq. Neft-qaz gəlirləri yüksək olduqca, ölkə bu yükün ağırlığını hiss etməyəcək”.

Bənzər yazılar

Back to top button