Dünya

Aİ ölkələri Rusiya neftinin üçdə ikisinə embarqo qoyur

Avropa İttifaqının dövlət və hökumət başçıları Rusiya neftinin üçdə ikisinin idxalına embarqo qoyulması barədə razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, bunu Aİ-nin Ukrayna üzrə planlaşdırılmamış sammitinin keçirildiyi Brüsseldə Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“Rusiya neftinin Aİ-yə ixracını qadağan edən saziş razılaşdırılır. O, Rusiyadan neft idxalının üçdə ikisini əhatə edir, Moskva döyüş maşını üçün böyük maliyyə mənbəyini azaldır. Bunu müharibəni bitirmək üçün Rusiyaya maksimum təzyiq hesab edirəm”, – deyə o “Twitter”də yazıb.

Sberbank-ın SWIFT-dən ayrılması

Avropa İttifaqının dövlət və hökumət başçıları Rusiyaya qarşı altıncı sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. O cümlədən Sberbank-ın SWIFT beynəlxalq maliyyə mesajlaşma sistemindən ayrılması və daha üç Rusiya dövlət mediasının Aİ-də yayımına qadağa qoyulması da paketə daxildir”, – deyə Mişel bildirib.

“Bu sanksiyalar paketinə digər sərt tədbirlər də daxildir: Rusiyanın ən böyük bankı Sberbank-ın SWIFT-dən ayrılması, Rusiyanın daha üç dövlət yayımçısına qadağa qoyulması və Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyanlara qarşı sanksiyaların tətbiqi”, – Mişel əlavə edib.

Avropa Şurasının nümayəndəsinin Brüsseldə jurnalistlərə verdiyi məlumata görə, bu, siyasi qərardır və ondan sonra texniki prosedur olmalıdır. Yalnız başa çatdıqdan sonra qərar Aİ-nin rəsmi jurnalında dərc olunacaq və qüvvəyə minəcək.

Ukraynaya yardım haqqında

Mişel yazıb: “Avropa Şurası (Aİ sammiti) Ukraynanın cari likvidlik ehtiyaclarını ödəmək üçün ona yardım göstərməyə davam etmək qərarına gəlib. Avropa Şurası Ukraynaya 9 milyard avro ayırmağa hazırdır. Bu Ukraynanın bərpası üçün güclü və konkret dəstəkdir”.

Bundan əvvəl Avropa Şurasındakı mənbə bu yardım proqramının bir hissəsinin qrant, bir hissəsinin isə güzəştli kredit şəklində veriləcəyini bildirmişdi.

Aİ liderləri proqramın kredit və qrant hissələrinin nisbətini hələ açıqlamayıblar. Həmçinin Aİ-nin bu proqramı hansı mənbələrdən maliyyələşdirmək niyyətində olduğu hələlik bəlli deyil. Avropa Komissiyası daha əvvəl bu məqsədlə avrobondların buraxılmasını təklif etmişdi, lakin bu plan Aİ dövlətlərinin ciddi tənqidi ilə üzləşdi.

Bənzər yazılar

Back to top button