AnalitikaBizim seçimCəmiyyətGündəmSiyasət

Azərbaycanda koronavirus həqiqətləri: Fağır Novruzəli, bacarıqsız media, etibarsız hökumət…

Planetimiz bütün resursları ilə koronavirus epidemiyasına təslim olmamaq üçün mübarizə aparır. Ötən ilin sonlarında Çində meydana gələn virus artıq iqtisadi-siyasi gücündən asılı olmayaraq bütün dünya dövlətlərinin gündəminin əsas mövzusuna çevrilib. Azərbaycan da bu sıradan kənarda deyil və artıq bir aydır ki, ölkə həyatı koronavirusa qarşı mübarizənin diktə etdiyi şərtlərə köklənib. Etiraf edək ki, görülmüş inzibati tədbirlər(sərhədlərin bağlanması, təhsil və digər müəssisələrdə iş fəaliyyətinin dayandırılması, karantin elan olunması) sayəsində Azərbaycan regionda koronavirusa yoluxma, insani itkilər baxımdan ən yaxşı nəticələrə malikdir. Amma buna rəğmən yaşadığımız günlər cəmiyyətin bir çox sahələrində ciddi boşluqların, sıravi vətəndaşların, ictimai quruluşların, idarəetmə orqanların problemə yanaşma tərzlərində ciddi qusurların olduğunu ortaya qoydu.

AzToday.az xəbər verir ki, ilk olaraq sadə vətəndaşların, kütlənin baxış tərzindəki yanlışlıqlar diqqət çəkir. Virusun meydana gəldiyi və dünyanın təşvişlə proseslərin gedişini izlədiyi zaman Azərbaycan insanı “Amerikanın öz oyunudur”, “Çin və İranı çokdürmək üçün hazırlayıblar”, “Rusiya qabağın alacaq”, “Bu xəstəliyi çıxarıblar ki, dərmanlarını satıb pul qazansınlar”, “Murdar yemək yeməsən heç nə olmaz” və digər bu kimi təhlillərlə məşğul idi. Virusun ölkə həyatını iflic etdiyi, onlarla soydaşımızın yoluxduğu və iki nəfərin vəfat etdiyi bu günümüzdə belə hələ də eyni düşüncədən irəli gələn fikirlərin şahidi oluruq. Bu proses Qarabağ olaylarının ilk günlərində “Torpaqlar onsuz da satılıb”, “Ermənilər Amerika və Rusiyanın pulun verib Qarabağı alıblar”, “Qarabağın planı çoxdan çəkilib, heç nəyin faydası yoxdur” kimi diletant təfəkkürü yada salır. Məhz həmin təfəkkür o zaman cəmiyyətin müəyyən bir kəsimində ümidsizlik yaratdı ki, nəticə göz qabağındadır. Təəssüf ki, aradan keçən 30 il ərzində toplum olaraq ictimai düşüncəmizdə ciddi dəyişiklik baş verməyib və dünya alimlərinin, böyük elmi araşdırma mərkəzlərinin vaksin axtarışı üzərində baş sındırdığı bir zamanda biz “sarımsaq ye, araq iç” antivirusunu şüar etmişik. Dövlətin sərt karantın tədbirlərinə gözlənilən səviyyədə əhəmiyyət verilməməsinin, “evdə qal, sağlam ol” kampaniyasının böyük əksəriyyəti əhatə etməməsinin başlıca səbəbi həm də budur.

Yeri gəlmişkən, sözügedən düşüncənin – poçt qutusu qarşısında boynu bükük duran Novruzəlinin bu gün də yaşaması yalnız cəmiyyətin gerizəkalılığı ilə bağlı deyil. Bu məqamda əsas günah ictimai şüurun formalaşmasında rol oynayan orqanlardadır ki, bu sırada ölkə mediası ön planda gəlir. Həm də yalnız print və onlayn media yox, eyni zamanda tv-lər də. Dünyanın koronavirus tragediyası yaşadığı, Azərbaycan xalqının ən əziz bayramı olan Novruz bayramını layiqincə keçirə bilmədiyi bir şəraitdə problem və ondan çıxış yollarından, insanların virusdan qorunması üçün məsləhətlərdən danışmağa borclu olan ən geniş auditoriyaya malık telekanallarımız “Zita və Gita” filmindən 80-ci illərin tele tamaşalarını təkrar nümayiş etdirməklə məşğul idi. Bu gün isə yol hərəkəti qaydalarının pozulmasına görə reydlərdə görünən tv kameraları küçələrdən qeyb olub. Halbuki, karantin rejiminə əməl etməyən obyektləri, baş verənləri ciddiyə almayan vətəndaşları ifşa etmək, onları ictimai qınağa tuş emək telekanalların birbaşa vəzifə işi idi. Heç print və onlayn media da bu sınaqdan üzü ağ çıxmadı. Azərbaycan insanını sensasiya və utopiyalar oxumağa vərdiş etdirən media bu dəfə də dünya mətbuatındakı elmi təhlillərin, statistik məlumatların, xarici ölkərərdə görülən tədbirlərlə bağlı tərcümələr yerinə Vanqanın illuziyalarını, Zirəddinin öncəgörümlərini oxucuya sırıdı. Bir sözlə media koronaviruz prosesində rəsmi qərar və məlumatları dərc etməkdən özgə heç bir töhvəsi ilə yadda qalmadı. Əksinə o günümüzün Novruzəlisini poçt qutusunun başından ayrılmamasına informativ töhvə verdi.

Koronaviruslu günlərdə ortaya çıxan daha bir məqam hökumət-vətəndaş münasibətləri oldu. Təəssüf ki, hadisələrin gedişatı və mövcud durum vətəndaşın hökumətə inamsızlığını göstərdi. Burda çox az bir səbəb vətəndaş düşüncəsi ilə bağlıdırsa, daha çox günah hökumətin davranışlarındadır. Əvvəla, hər zaman pozitiv danışmağa vərdiş etmiş, Azərbaycanı bütün problemlərdən uzaq analoqu ölkə kimi təqdim edən məmurlar bu dəfə də öz ənənələrinə sadiq qaldılar və ilk gündən vətəndaşa üzləşəcəyimiz durum anladılmadı. Bu məsələdə yalnız ölkə rəhbərinin məsələyə baxışı lazımınca və yerində oldu. Prezidentin Novruz təbrikində problemə ciddi yanaşmasından sonra məmurların və rəsmilərin çıxışlarındakı ton dəyişdi. Yeri gəlmişkən, Koronavirusla Mübarizəyə Dəstək Fondu ilə bağlı da eyni münasibətin şahidi olduq. Yalnız dövlət başçısı Fonda bir illik əməkhaqqısını köçürtdükdən sonra digər məmurlar və onlara bağlı özəl şirkətlər hərəkətə gəldi. Əlbəttə prezident iqtidar komandasının lideri, ölkənin birinci şəxsidir. Amma belə önəmli hallarda da məmurların prezidentin nə deyəcəyini, nə edəcəyini gözləyib danışması və fəaliyyətə keçməsi bacarıqsızlıq sindiromudur. Həmin məmur komandasından ibarət hökumətə vətəndaşın inamsızlığını bu mənaqa qınamağa dəyməz. Digər bir tərəfdən günəmuzd qazanzlı iş yerlərindən, icarəyə götürdüyü xırda iaşə obyektlərindən, nəqliyyatdaşıma vasitələrindən gələn gəlirindən məhrum olan yüz minlərlə vətəndaş neft ölkəsinin hökumətindən müəyyən sosial güzəştlər və yardımlar gözlərir. Amma bunun qarşılığında “bu məsələ üzərində işlənirlir” cavabından başqa heç nə almır. Halbuki, bu çətin günlərdə əhalini kommunal ödənişlərdən azad etmək, yaşı 65-dən yuxarı olan vətəndaşların, şəhid ailələrinin pensiya kartına müəyyən bir məbləğ keçirmək üçün düşünməyə gərək olmamalı idi. Elə buna görə də bəzi siyasi qüvvlərin Koronavirusla Mübarizəyə Dəstək Fondu ilə bağlı korrupsiya iddiaları cəmiyyətdə özünə dayaq tapa bilir.

Azərbaycan bu koronavirus problemini minimal insan itkisi və ləyaqətlə aşacaq. Bu ən azı hər bir azərbaycanlının içində olan inamın gücünə görə belə olacaq. Amma bu günlər ərzində ortaya çıxan qüsurlu yanaşmalar və sistem xətaları dərhal aradan qaldırılası məqamlardı. Unutmayaq ki, koronavirusla mübarizə aparan digər ölkələrdən fərqli olaraq Azərbaycan istənilən an gerçəkdən müharibə ilə üz-üzə qala bilər…

Hikmət Ağayev

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button