Hadisə

“Naxçıvanda çəkilən bu video yuxarıdakıları qəzəbləndirib” – 7 nəfər cəzalandırıldı

Xidmətdə olarkən videoçəkilişin qarşısını ala bilmədiklərinə görə Sədərək gömrüyünün 7 nəfər əməkdaşı cəzalandırılıb.

AzToday.az xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.

Bildirilib ki, söhbət Şərur rayon sakini Səma Abbasovanın gömrükdə qarşılaşdığı qanunsuzluğu çəkib, ictimailəşdirdiyi videodan gedir. Bu çəkilişə imkan verən əməkdaşlara şiddətli töhmət verilib, daha sonra onlar işlərindən uzaqlaşdırılıblar. Əməkdaşlar cəza olaraq, gəliri aşağı olan başqa gömrük məntəqələrinə göndərilib.

Cəzalananlardan Fərhad Seyidov, Məmməd Babayev və Həsən Qurbanov Culfa, digər 4 nəfər isə Şahtaxtı gömrük məntəqələrinə göndərilib.
Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən Sədərək gömrük İdarəsi əməkdaşının dediyinə görə, bununla bağlı göstəriş Naxçıvan Ali Məclisindən gəlib:

“Naxçıvanda belə bir çəkiliş etmək nadir hadisədir. Buna yol verilməsi yuxarıdakıları qəzəbləndirib. Hadisədən bir gün sonra həmin gün xidmətdə olanlara şiddətli töhmət verildi. Daha sonra onları başqa məntəqələrə göndərdilər. Gəliri aşağı olan bu məntəqələrdə maaş bizə nisbətən təxminən 3 dəfə azdır. Ona görə də o məntəqələrə “ştrafnoy” deyirlər. Ordakılar 500 manat quru maaşa işləyirlər. Kimi vururlarsa, ora göndərirlər. Sədərək gömrüyündə isə maaş təxminən 1000 manatdır. Əlavə olaraq, hər işçi 500 manat da “paket” şəklində maaş alır”.

Qeyd edilib ki, Səma Abbasova mayın 19-da Sədərək gömrüyündə çəkdiyi videoya görə qardaşı Şəmi Abbasovla birlikdə saxlanılıb. Daha sonra Sədərək rayon Məhkəməsi gömrük qaydalarını pozduqlarına əsas gətirərək, onlar haqqında 30 sutkalıq həbs qərarı çıxarıb. Məsələ ictimailəşdikdən sonra, sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. Mayın 27-də bacı və qardaş həbs müddətindən əvvəl azadlığa buraxılıb.

Bənzər yazılar

Back to top button