Dünya

ABŞ Ukraynaya 80 kilometr mənzilli HIMARS raketləri göndərəcək

Çərşənbə axşamı Vaşinqton Ukraynaya 80 kilometrədək məsafədə hədəfləri vura bilən idarə olunan raket sistemi verəcəyini bildirib. HİMARS (High Mobility Artillery Rocket Systems) kimi tanınan sistem Ukraynaya Vaşinqtonun 11-ci yardım paketi çərçivəsində göndəriləcək və bu barədə iyunun 1-də rəsmən elan olunacaq, Turan-ın müxbiri bildirib.

Bu qərarda məqsəd Ukrayna qüvvələrinin atəş gücünü artırmaq, eyni zamanda Kiyevə müharibəni Rusiya ərazisinə yaymağa imkan verməməkdir, ABŞ administrasiyasının nümayəndələri bildiriblər.

Yeni paketə həmçinin havadan müşahidə radarları, tank əleyhinə “Javelin” silahları, artilleriya mərmiləri, vertolyotlar, taktiki maşınlar daxildir.

Biz ukraynalıları döyüş meydanında əsas hədəfləri dəqiq vurmağa imkan verəcək daha mükəmməl raket sistemləri və döyüş sursatları ilə təmin edəcəyik”, – prezident Co Bayden bildirib və əlavə edib ki, “biz NATO ilə Rusiya arasında müharibəyə can atmırıq”.

“Mənim Putinə qarşı mənfi münasibətimə baxmayaraq, ABŞ onun təcrid edilməsinə nail olmayacaq. Biz Ukraynanın ölkə hüdudlarından kənara zərbə endirməsini təşviq etmirik və müsadə etmirik. Biz Rusiyaya zərər vermək üçün müharibəni uzatmaq istəmirik”, – Bayden deyib.

Baydenin bəyanatı administrasiyanın Ukrayna ilə bağlı siyasətinə dair artan suallar fonunda səslənib.

“Bizim Ukraynaya yardımımız özünümüdafiə sahəsinə yönəlib”, – Dövlət Departamentinin mətbuat katibi Ned Prays gündəlik brifinqdə Turan-ın suallarını cavablandırarkən deyib.

“Bizim dəstəyimiz ondan ibarətdir ki, Ukrayna müstəqil, suveren və demokratik ölkə kimi mövcud ola bilsin”, – Prays əlavə edib.

“Biz avropalı müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiya neftindən və təbii qazından asılılığın azaldılmasına yönələn addımlarını alqışlayırıq”,- Prays deyib.

Bənzər yazılar

Back to top button