Dünya

Ukrayna müharibəsi: 2023-də münaqişənin inkişafı üçün 5 senari – BBC

Ukraynadakı müharibə ikinci təqvim ilinə qədəm qoyur. Müharibə gələn ildə bitə bilərmi və bitərsə necə bitəcək: döyüş meydanında, yoxsa danışıqlar masası arxasında? Yoxsa münaqişə 2024-cü ilə qədər uzanacaq?

Qaynarinfo xəbər verir ki, BBC bir neçə hərbi analitikdən 2023-cü ildə hadisələrin necə inkişaf edəcəyi ilə maraqlanıb.

“Rusiyanın yaz hücumundan çox şey asılı olacaq”
Maykl Klark, Strateji araşdırmalar İnstitutunun direktor müavini, Ekzeter, Böyük Britaniya

Böyük Avrasiya çöllərinin hər-hansı bir yerində başqa ölkəni işğal etməyə cəhd edənlər qışı həmin çöllərdə keçirməyə məhkumdurlar.

Napoleon, Hitler və Stalinin orduları qış aylarında çöllərdə manevr etməli oldular və indi işğal uğurla davam etmədiyi üçün Vladimir Putin Rusiyanın yeni yaz hücumu ərəfəsində qoşunlarını çöldə qışlamağa məcbur etməli oldu.

Hər iki tərəfin nəfəs dərməyə ehtiyacı var, lakin ukraynalılar hücumu davam etdirmək üçün daha yaxşı təchiz və motivasiya olunub və onların ən azı Donbasda rusiyalıları sıxışdırmağa davam edəcəklərini gözləmək olar.

Kremennaya və Svatovo bölgələrində onlar Rusiya qoşunlarını 2022-ci ilin fevralında Rusiya işğalının başladığı yerdən çox da uzaq olmayan növbəti təbii müdafiə xəttinə 60 km geri atacaq böyük bir hücumun astanasındadırlar.

Kiyev bununla dayanmaq istəməyəcək, xüsusən də burada qələbə bu qədər yaxın olanda. Bununla belə, Xersonun azad edilməsindən sonra Ukraynanın cənub-qərbdəki hücum əməliyyatları ləngiyə bilər.

Rusiyanın Krıma gedən həssas avtomobil və dəmir yolu əlaqələrinə təzyiq göstərmək üçün Dneprdən keçmək çox çətin ola bilər. Lakin Ukrayna Silahlı Qüvvələrinin yeni hücumu ehtimalını istisna etmək olmaz.

2023-cü ildə Rusiyanın yaz hücumunun nəticəsi əsas amil olacaq. Putin etiraf edib ki, bu yaxınlarda səfərbər olunanların təxminən 50.000-i artıq cəbhədədir; qalan 250 min nəfər isə 2023-cü ildə hərbi əməliyyatlarda iştirak etmək üçün hazırlanır.

Bu yeni Rusiya qüvvələrinin taleyi döyüş meydanında həll olunmayana qədər, praktiki olaraq müharibənin davam etdirilməsindən başqa senari yoxdur.

Yeganə başqa mümkün senari qısa və qeyri-sabit atəşkəsdir. Putin dayanmayacağını, Ukrayna isə öz ölkəsi üçün döyüşəcəyini açıq şəkildə bildirib.

“Ukrayna öz torpaqlarını geri alacaq”
Andrey Piontkovski, Vaşinqtondan olan alim və analitik

Ukrayna 2023-cü ilin yazından gec olmayaraq ərazi bütövlüyünü tam bərpa etməklə qalib gələcək. Bu nəticə iki amillə müəyyən edilir.

Birincisi, müasir hərb tarixində Ukrayna hərbçilərinin və bütövlükdə Ukrayna xalqının görünməmiş motivasiyası, qətiyyəti və cəsarətidir.

İkinci amil ondan ibarətdir ki, Qərb illərdir Rusiya diktatoru ilə “sakitləşdirmə” siyasəti apardıqdan sonra nəhayət ki, püxtələşib və üzləşdiyi tarixi problemin miqyasını dərk edib. Bunu ən yaxşı şəkildə NATO-nun baş katibi Yens Stoltenberqin son bəyanatı göstərir.

“Bizim ödədiyimiz bədəl pulla ölçülür. Ukraynalılar isə öz qanı ilə ödəyirlər. Əgər avtoritar rejimlər gücdən istifadənin öz bəhrəsini verdiyini görsələr, hamımız daha böyük bədəl ödəyəcəyik. Və dünya hamı üçün daha təhlükəli olacaq”.

Ukraynanın qaçılmaz qələbəsinin dəqiq vaxtı NATO-nun döyüş meydanında qüvvələr balansını dəyişdirəcək yeni hərbi hücum silahı paketini (tanklar, təyyarələr, uzaqmənzilli raketlər) çatdıra bilmə sürəti ilə müəyyən ediləcək.

Mən gözləyirəm ki, yaxın aylarda (bəlkə də yaxın həftələrdə) Melitopol kampaniyanın əsas nöqtəsinə çevriləcək. Melitopolu ələ keçirən ukraynalılar asanlıqla Azov dənizinə doğru irəliləyərək Krımla təchizat xətlərini və rabitəni effektiv şəkildə kəsəcəklər.

Ukraynanın döyüş meydanında sarsıdıcı qələbələrindən sonra texniki danışıqlarda Rusiyanın təslim olması rəsmi şəkildə razılaşdırılacaq.

Qalib dövlətlər – Ukrayna, Böyük Britaniya, ABŞ beynəlxalq təhlükəsizliyin yeni arxitekturasını formalaşdıracaqlar.

“Sonu görünmür”
Barbara Zançetta, London Kral kollecinin müharibə araşdırmaları fakultəsi

Vladimir Putin Ukraynanın digər ölkələrin əhəmiyyətli iştirakı olmadan daha güclü qonşusunun hərəkətlərini passiv qəbul edəcəyinə ümid edirdi. Bu ciddi səhv hesablama uzun sürən, sonu görünməyən münaqişəyə gətirib çıxardı.

Qış çətin keçəcək, çünki Rusiyanın Ukrayna infrastrukturuna hücumları onsuz da yorğun və zəifləmiş əhalinin əhval-ruhiyyəsini və dözümünü qırmaq üçün nəzərdə tutulub. Ancaq ukraynalılar olduqca möhkəm olduqlarını sübut ediblər. Onlar möhkəm dayanacaqlar. Və müharibə davam edəcək.

Danışıqların perspektivləri ürəkaçan deyil. Potensial sülh sazişi ən azı bir tərəfin əsas tələblərinin dəyişdirilməsini tələb edəcək, lakin indiyə qədər bunun baş verdiyinə və ya tezliklə baş verəcəyinə dair heç bir sübut yoxdur.

Müharibə nə vaxt bitəcək?

Müharibənin həm maddi, həm də insani itkiləri Rusiya siyasi elitasını parçalaya və müharibəyə dəstəyi azalda bilər. Münaqişənin bitməsinin açarı Rusiyadadır.

Rəhbərliyin səhv hesablamalarının həlledici element olduğu keçmiş müharibələr (ABŞ üçün Vyetnam, Sovet İttifaqı üçün Əfqanıstan) məhz belə başa çatıb. Yanlış hesablama aparmış ölkədə daxili siyasi şərait elə dəyişdi ki, bu da münaqişənin bitirməsini – “şərəfli” və ya o qədərdə “şərəfli” olmayan şərtlərlə – yeganə məqbul varianta çevirdi.

Amma bu, yalnız Qərbin müharibənin xərclərinə görə artan təzyiqlərə baxmayaraq, Ukraynanın arxasında möhkəm durduğu halda baş verə bilər.

Təəssüf ki, bu, siyasi iradənin uzunmüddətli siyasi, iqtisadi və hərbi döyüşü olacaq. Və 2023-cü ilin sonuna qədər, çox güman ki, bu, hələ bitməyəcək.

“Rusiyanın məğlubiyyətindən başqa sonuc yoxdur”
Ben Hodces, ABŞ ordusunun Avropadakı keçmiş komandanı

Kiyevdə qələbə paradını planlaşdırmaq hələ tezdir, lakin üstünlük indi Ukraynanın tərəfindədir və mən onların bu müharibədə, bəlkə də artıq, 2023-cü ildə qalib gələcəyinə şübhə etmirəm.

Qışda işlər daha ləng gedəcək, lakin Böyük Britaniya, Kanada və Almaniyadan gələn qış avadanlığı sayəsində Ukrayna qüvvələri vəziyyətdən şübhəsiz ki, rusiyalılardan daha yaxşı çıxa biləcək.

Yanvarda Ukrayna kampaniyanın son mərhələsinə – Krımın azad edilməsinə başlaya biləcək.

Tarix bizə öyrədir ki, müharibə iradə və logistika sınağıdır. Ukrayna xalqının və əsgərlərinin qətiyyətini və Ukraynanın maddi-texniki vəziyyətinin sürətlə yaxşılaşdığını nəzərə alsaq, mən Rusiyanın məğlubiyyətindən başqa nəticə görmürəm.

Bu qənaətə qismən Rusiya qoşunlarının Xersondan çıxarılması səbəb oldu. Birincisi, bu, Ukrayna xalqının psixoloji qələbəsidir, ikincisi, Kreml üçün dərin biabırçılıqdır, üçüncüsü, Ukrayna qoşunları əsas əməliyyat üstünlüyü əldə ediblər – Krıma aparan bütün yollar hazırda Ukraynanın silah sistemlərinin vura bilmə məsafəsindədir.

Hesab edirəm ki, 2023-cü ilin sonuna qədər Krım Ukraynanın nəzarəti və suverenliyinə tam qaytarılacaq, amma ola bilər ki, Rusiya ilə Sevastopoldakı hərbi dəniz bazasını tədricən tərk etməyə imkan verəcək hansısa razılaşma olsun. … Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqına qədər mövcud olan müqavilənin qüvvədə olma müddətinə qədər (təxminən 2025-ci ilə qədər).

Azov dənizi sahillərində Ukrayna infrastrukturunun, o cümlədən mühüm Mariupol və Berdyansk limanlarının yenidən qurulması üçün səylər göstəriləcək. Digər mühüm layihə suyu Dneprdən Krıma yönəldən Şimali Krım kanalının işinin bərpasıdır.

“Daha çoxunu gözləyin”
David Gendelman, İsraildən olan hərbi ekspert

Düşünürəm ki, hər bir tərəf növbəti mərhələdə buna nail olmaq istəyir.

Səfərbər edilmiş 300 min Rusiya qoşununun yalnız yarısı döyüş bölgəsindədir. Qalanları isə Xersondan çıxarıldıqdan sonra fəaliyyətsiz qalan qüvvələrlə birlikdə rusiyalılara yeni hücuma keçmək imkanı verir.

Luqansk və Donetsk vilayətlərinin işğalı davam edəcək, lakin Rusiyanın Donbasdakı Ukrayna qüvvələrini mühasirəyə almaq üçün cənubdan Pavloqrada irəliləməsi kimi böyük irəliləyiş ehtimalı azdır.

Çox güman ki, indiki taktika davam edəcək – Ukrayna qoşunlarının dar istiqamətlərdə yavaş-yavaş geri atılması və Baxmut və Avdiivka ərazilərində olduğu kimi ləng irəliləyiş. Ola bilsin ki, eyni taktika Svatov-Kremennaya bölgəsində də tətbiq olunacaq.

Ukraynanın enerji infrastrukturuna davam edən hücumlar və Ukraynanın arxa cəbhəsinə edilən digər hücumlar tükəndirmə müharibəsi strategiyasının başqa bir formasıdır.

Rusiya qoşunları Xersondan geri çəkildikdən sonra Ukrayna ordusunun böyük qüvvəsi fəaliyyətsiz qalıb. Hazırda Ukrayna Silahlı Qüvvələri üçün ən strateji əhəmiyyət kəsb edən istiqamət cənuba, Melitopol və ya Berdyanska Rusiya quru dəhlizinin Krıma tərəf kəsilməsidir. Bu, Ukraynanın böyük qələbəsi olardı, ona görə də rusiyalılar Melitopolu möhkəmləndirirlər.

Ukrayna üçün başqa bir variant Svatovodur. Oradakı uğurlu əməliyyat Rusiya cəbhə xəttinin bütün şimal cinahını təhlükə altına qoya bilər.

Bununla belə, əsas sual budur ki, hazırda hücum üçün nə qədər Ukrayna qüvvələri var və general Zalujnının masasında yeni briqadaların və korpusların formalaşması və döyüş hazırlığı cədvəli necədir – o cümlədən şəxsi heyət, zirehli texnika və ağır silahlar daxil olmaqla onlar bir aya, iki aya, üç aya hazır olacaq?

Bu sualın cavabını şaxtalar düşəndə alacağıq. Və sonra müharibənin necə bitəcəyini anlamaq daha asan olacaq.

Bənzər yazılar

Back to top button