Hadisə

Sahil Babayevin işçiləri Qazini fərariyə, fərarini də Qaziyə çevirdilər… – GÜLƏKMİ, AĞLAYAQMI?..

İmişli rayonunda iki şəxsin sənədləri bir-birinə necə qarışıbsa, heç kim ayıra bilmir.

AzToday.az xəbər verir ki, bu barədə Oxu.az-a İmişli rayon sakini Əliyev Ceyhun Faiq oğlu məlumat verib.

Vətəndaş iddia edir ki, yaşadığı İmişli rayonunun hərbi komissarlığında ad, soyad, hətta ata adı eyni olan başqa sakin ilə onun şəxsi işləri bir-birinə qarışıb:

“Mən 18.09.1994-cü ildə doğulmuşam. Mənimlə eyni ad, soyad, ata adı üst-üstə düşən Əliyev Ceyhun Faiq oğlu isə 07.27.1989-cu il təvəllüdlüdür. Mən 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Sentyabrın 29-dan xidmət etdiyim hərbi hissədən müvafiq əmrlə Xocavənd, Qubadlı, Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak etmişəm. Amma o, bilmirəm, hansısa səbəblərdən İmişli Hərbi Komissarlığında fərari kimi qeydiyyata alınıb.

Müharibədən qayıtdıqdan sonra bizim şəxsi işlərimizi qarışdırıblar və mənim veteranlığımı ona veriblər. Bizim aramızda kifayət qədər yaş fərqi də var, lakin heç kim müraciətimə baxmır. İmişli Rayon Hərbi Komissarlığından mənə sənədlərimizin qarışıq düşdüyü deyilib, lakin müraciət etsəm də, məsələnin həlli üçün heç kim iş görmür. Artıq altı aydır, mən bu problemin həlli üçün aidiyyəti qurumlara – Müdafiə Nazirliyinə, Hərbi Komissarlığa, prokurorluq orqanlarına – məktub ünvanlamışam. Heç birindən də cavab gəlmir”.

Vətəndaş iddia edir ki, təvəllüdləri çox fərqli olsa da, heç bir qurum, nazirlik məsələnin aydınlaşdırılması üçün iki tərəfi də müvafiq qaydada dəvət edib çıxış yolu tapmağa cəhd etməyib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Oxu.Az-a açıqlamasında bildirdi ki, sözügedən şəxslə bağlı məsələ həll ediləcək:

“Bu şəxslə bağlı zəruri sənədlər artıq hazırlanıb, komissiyaya göndəriləcək”.

Bənzər yazılar

Back to top button