İqtisadiyyat

Siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi 60-65%-ə çatdırılacaq

Investorları narahat edən əsas məsələ vergi dərəcələrinin artırılmasıdır.

APA xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

Dövlət Vergi Xidmətinin rəisi yeganə olaraq aksiz dərəcələrinin artdığını nəzərə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, bu sahədə aksiz dərəcələri 60-65%-ə çatdırılsın. Bunu biz bir gündə edə bilmərik. Bütün oyunçulara elan etmişik ki, aksiz dərəcələri tədricən bu səviyyəyə gəlib çatacaq”.

Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. Layihəyə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1000 ədədi üçün 14,0 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş tərkibində və ya bərpa edilmiş tütün olan məhsulların hər 1000 ədədi üçün 16 manat olacaq.

Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4,0 manatdan 4,8 manata qaldırılır.

Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.

Bənzər yazılar

Back to top button