Hadisə

“Ölən” biznesmenlə bağlı məlumatlardakı ziddiyətlər…

“Özünü ölmüş kimi qələmə verən şəxslə bağlı açıqlanan məlumatlarda ziddiyyətli məqamlar var”.

AzToday.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz feysbukda yazıb.

Ekspertin sözügedən hadisə ilə bağlı qeydlərini təqdim edirik:

“1. Baş Prokurorluq açıqlayıb ki, yanmış avtomobildən aşkar edilmiş sümüklərin Rafət Qəniyevə məxsus olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilib.

Amma maraqlıdır ki, bu açıqlamada ekspertizanın nəticələri əsasında deyil, aparılmış çoxsaylı araşdırma tədbirləri ilə Rafət Qəniyevin ölmədiyi, avtomobilini qəsdən yandıraraq içərisinə mənşəyi bilinməyən heyvan sümüyü atmaqla yanıb ölməsi görüntüsünü yaratması müəyyən edildiyi bildirilir.

2. DİN-ə istinad olunan məlumatlarda isə qeyd olunur ki, Rafət Qəniyevə məxsus “KİA” markalı avtomobilinin yanması və onun tam yanmış meyitinin tapılması ilə əlaqədar həyata keçirilən əməliyyat və istintaq tədbirləri ilə avtomobilə mənşəyi tam bilinməyən sümükləri qoyaraq qəsdən yandırması və özünü ölmüş kimi qələmə verməsi müəyyən olunub.

Bu məlumatlarda hansısa ekspertizanın nəticəsinə əsaslanma göstərilməyib.

3. APA-nın və bəzi KİV-lərin açıqlamalarında isə bildirilir ki, Rafət Qəniyevə məxsus yanmış avtomobildə aşkar olunan sümüklər tibbi ekspertizaya göndərilib. Ekspertizanın rəyindən sonra isə sümüklərin Rafət Qəniyevə aid olmadığı, mənşəyi bilinmədiyi ortaya çıxıb.
Bundan sonra əməliyyat-istintaq qrupu araşdırmalara başlayıb.

Göründüyü kimi, yalnız qeyri-rəsmi məlumatlarda birbaşa ekspertizanın nəticələrinə istinad olunub.

Maraqlıdır ki, üstündən 1 il keçdikdən sonra Rafət Qəniyev Bakının Yasamal rayonunda yerləşən mağazalardan birinə gələrək özünə məxsus şəxsiyyət vəsiqəsi ilə televizor alarkən saxlanılıb”.
Qeyd edək ki, dələduzluqla bağlı araşdırmaya görə özünü ölmüş kimi təqdim edən MTK direktoru Rafət Qəniyev saxlanılıb.

Bənzər yazılar

Back to top button