ManşetMədəniyyət

Müşfiq haqqında donoslar – Unudulmaz şairi kimlər və necə “satmışdılar”?

5 iyun Mikayıl Müşfiqin (1908 – 1938) doğum günüdür.

AzToday.az məşhur yazar Elnur Astanbəylinin “Müşfiq haqqında donoslar” məqaləsini təqdim edir:

XXX

1

Tarix: 1 iyul, 1937-ci il.

Yer: “Ədəbiyyat” qəzetinin səhifəsi.

Məqalənin adı: “Kontrrevolyusener, kontrabandçı, oğru…”

Müəllif: Məmməd Rahim.

Hədəf: Mikayıl Müşfiq.

Təkcə yazının başlığından Müşfiqin sonluğunu təxmin etmək çətin deyil. Bu cür ağır ifadələrlə ittiham olunan bir qələm adamının repressiya küləkləri əsdiyi vaxtda sağ qalmayacağı aydındır.

Üstəlik, həmin məqalə-donos heç də “göydən düşməyib”. Onun dərcindən hardasa bir ay öncə Azərbaycan Sovet Yazıçılar İttifaqının plenumunda Müşfiqin, necə deyərlər, “fatihəsi oxunmuşdu”. İclasda həmin vaxt vur-tut 29 yaşı olan şairin hətta Stalinə yazdığı şeiri də “topa tutmuşdular”. Deyilənlərdən anlaşılan o idi ki, bu şeir “dahi rəhbər”in şəninə layiq deyil. Üstəlik, belə çıxırdı ki, Müşfiqin özünüxilas məqsədilə yazdığı şübhə doğurmayan həmin şeir indi onun özünə qarşı çevrilmişdi. Məsələn, yazıçı Mikayıl Rzaquluzadənin çıxışından başa düşmək olardı ki, hətta Stalin haqqında mədhiyyə də artıq Müşfiqi gözlənilən acı aqibətdən qurtarmaq iqtidarında deyil.

29 yaşlı şair üçün sonluq aydın idi: güllələnmə!

Ən yaxşı halda isə – sürgün!

Məmməd Rahimin “Ədəbiyyat” qəzetindəki məqaləsi isə Müşfiqin “qırmızı terror”da salamat çıxa biləcəyinə dair bütün ümidlərin üzərindən qalın, qara xətt çəkdi.

Donosçuluq ruhunun parlaq örnəyi saya biləcəyimiz bu yazının təkcə adından onun başdan-ayağa həqarətlə dolu olduğunu təxmin etmək çətin deyil. Hər nə qədər sonda müəllif “Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid hələ çox işlər görməlidir. Tənqid hər cür ziyanlı əhvali-ruhiyyəyə atəş açmalı, namuslu sovet yazıçılarının yaradıcılığını yüksək səviyyəyə qaldırmalıdır” yazaraq, məqaləni dolayı yolla da olsa “ədəbi tənqid” nümunəsi kimi qələmə verməyə çalışsa da, bir həqiqət gün kimi aydındır: haqqında belə ağır yazı yazılmış kimsənin 1930-cu illərdə amansız repressiya maşınının ağzından salamat çıxması, sadəcə, mümkün deyildi!

Sırf müstəntiq ədası ilə, prokurorsayağı yazılmış məqalədə müəllif 29 yaşlı bir şairə aşağıdakı ağır ittihamları irəli sürürdü:

Bir: “Zahirən “səmimi”, “məzlum” görünən əsas mahiyyəti etibarilə isə hiyləkar olan Mikayıl Müşfiq çox zaman ifşa olunmaq ərəfəsində “Sovet əsəri” yazaraq özünü gözdən yayındırmışdır. Onun zahirən Sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsioner ruh ilə dolu olan bir sıra əsərləri vardır”.

Nəticə: Müşfiq “inqilabçı” libası geyinmiş əksinqilabçıdır.

İki: “…bu düşmən (yəni Müşfiq – E.A), bəxtiyar ölkəsi üçü fədakarlıq göstərən mübariz neft işçilərini “Canavar” obrazı ilə təsvir edir. Onun doğma dilini bir yana qoyaraq ona böhtan atır. Neft qəhrəmanına saxta bir dil, pantürkistlərin dilini verir. İşçini Türkiyə saraylarının dili ilə danışdırır, “Canavar” şeirində Bakı işçisi danışırkən “məqsəd” əvəzinə “maqsad” deyir. O beləliklə, öz çirkin hiyləsini yürütmək üçün döyüşçü işçi əvəzinə saxta bir obraz yaradaraq oxuculara təhvil verir. Ümumiyyətlə, dildə osmanizmə oryentasiya hiyləkar Müşfiqin apardığı siyasətin bir qolu idi. Pantürkist Müşfiq dildə osmanizmi təbliğ edirdi. O, müstəqil Sovet Azərbaycanının dilini tanımayırdı. O, pantürkist, panislamist bir dil ilə Azərbaycan xalqı dili arasında büllurlaşmağa doğru gedə doğma sovet ədəbiyyatı dili arasında heç bir fərq görməyirdi. O, öz fikirlərini yürütmək üçün “gəliyor”, “gediyor”-u rayonlarımızdakı “aleyir”, “gəleyir” ilə qarşılaşdıraraq Sovet Azərbaycanı ilə Türkiyə dili arasında heç bir fərq olmadığını iddia edirdi. Onun dildə pantürkist bir siyasət yürütdüyünü göstərmək üçün leksikonundan gətirəcəyimiz bir neçə misal kifayətdir. O, “vətən” deyil, “vatan”, “həftə” əvəzinə “hafta”, “şəfəq” deyil, “şafaq” işlədirdi”.

Nəticə: Müşfiq “Sovet Azərbaycanının dilini” tanımayan pantürkistdir.

Üç: “Mikayıl Müşfiq şeirləri üçün oğurluq ta ilk günlərdən bu günə kimi xarakter bir hal olmuşdur. Aleksandr Zarovun “Qarl Libknext”, Utkinin “Veter” şeirlərini oğurlayıb “Qonağım” və “Qarl Libknext” adı ilə çap etdirən bu şeir oğrusu Vasili Qazinin, “Ruçnoy lebed”-ini dəxi “Əl ördəyi” deyə vaxtilə təb etdirmişdir. Müşfiq sinfi qardaşı Çobanzadədən də oğurlayardı. Onun qatı millətçi “şeirlər” kitabından “Bulutlar”ı oğurlayaraq “Küləklər” kitabçasına köçürmüşdür. Nə üçün o belə edirdi? Çünki o, quruluşumuza sadiq deyildi. Ona görə də sovet tematikasından müstəqil olaraq yaza bilməyirdi. Odur ki, o yandan, bu yandan rus, erməni sovet yazıçılarından, Nəsimidən, Məmməd Akifdən, Baba Tahirdən, Hamiddən və başqalarından çırpışdırırdı. O, əclaf ideyası üçün hər cür kontrabandçılıqdan istifadə etmişdir…”

Nəticə: Müşfiq ədəbi oğru və qaçaqmalçıdır, səbəbi “sovet tematikasından müstəqil yaza bilməməsi” və sovet quruluşuna sadiq olmamasıdır.

(Məqalədə müəllif Müşfiqi görkəmli ədəbiyyatçı, şair, türkoloq və dilşünas, filologiya elmləri doktoru, professor Bəkir Çobanzadənin “sinfi qardaşı” elan etməklə isə “bir güllə ilə iki” quş vurur; həm gənc şairin, həm də tanınmış alimin “fatihəsini” eyni vaxtda oxuyur. Necə ki cəmi 6 ay sonra – 1938-ci ilin yanvarında Müşfiq, bundan doqquz ay sonra (oktyabr, 1938) Çobanzadə bənzər ittihamlarla güllələnəcəkdi).

Yazının sonluğu isə açıqca ölüm hökmüdür: M.Rahim gənc şairi “satqın” elan edir, onun “ifşa olunduğunu”, “maskasının yırtıldığını” bildirir.

Geriyə hökmün icrası qalırdı. Bunu isə çox gözləmək lazım gəlmədi.

Yuxarıda da qeyd etdiyimiz kimi, cəmi altı ay sonra, yanvarın 6-na keçən gecə Müşfiq bir gün öncə (5 yanvar, 1938-ci il) keçirilən 20 dəqiqəlik (saat 11.20-1140) məhkəmənin qərarına əsasən güllələndi.

Lakin Müşfiqin bada verilməsində rol oynayan yalnız Məmməd Rahim deyildi.

Sonralar, 1960-cı illərdən etibarən bu istedadlı şairin tərifini göylərə qaldıranların bir çoxu 1930-cu illərdə ona qarşı (bir çox hallarda hətta söyüş səviyyəsində!) donoslar yazmışdılar.

2

“Mikayıl Müşfiq indi aramızda yoxdur. O, ömrünün çiçəklənməyə başlayan bir çağında bizim aramızdan getdi. Lakin adı ürəyimizdə yaşayır. M.Müşfiqin əsərləri bütün varlığı ilə sevdiyi qəhrəman xalq üçün qalmışdır”.

Yuxarıdakı sətirlərin müəllifi Süleyman Rüstəmdir. Oxucu sual edə bilər: bu ki donos deyil, elə isə Müşfiq haqqında donoslardan bəhs edən bir yazıda nə işi var?

Məsələ burasındadır ki, S.Rüstəm yazımızın qəhrəmanı barədə həmin tərifli sətirləri Müşfiqin ölümündən çox sonralar qələmə alıb.

Elə həmin yazıda Müşfiqlə tanışlığının 1925-ci ildə “komsomolun mübariz orqanı “Gənc işçi” qəzeti redaksiyasında ədəbiyyat şöbə müdiri vəzifəsində çalışarkən” başladığını qeyd edib.

Buracan hər şey qaydasındadır.

Gəl gör ki elə həmin “Gənc işçi” qəzeti 1932-ci ilin 20 iyul tarixli sayında yazırdı: “Müşfiqin həyasızlığı o dərəcəyə çatmışdır ki, qəzet idarəsinə gələrək onu Cavidin “Ay qoduq” sərlövhəli şeirini yaymaqda tənqid edən və haqqında yazan komsomolçu müəllim Yusif Şirvanı adam yerinə qoymur, Süleyman Rüstəmi heç bir şey hesab edir və qəzetimizin 17 iyul tarixli nömrəsində “Düşmən ağzına bolşevik yumruğu” sərlövhəli məqalə yazan və onun Cavadçılığını, Cavad quyruğunda süründüyünü isbat edən Əsəd Əyyubiyə nümayişkaranə bir surətdə “Əsəd xuliqandır” deyə təhqir edir”.

S.Rüstəmin şöbə müdiri olduğu, “inqilabi gəncliyin döyüş ocağı” adlandırdığı “Gənc işçi” faktiki olaraq açıq donosbazlıqla məşğul idi, “şər yuvası”na çevrilmişdi və başda Hüseyn Cavid, Əhməd Cavad olmaqla Azərbaycan aydınlarını sovet repressiya maşınına hədəf göstərməklə məşğul idi. Həmin siyahıda Mikayıl Müşfiqin də adı var.

Məsələn, yuxarıda adı çəkilən Əsəd Əyyubinin donos qoxulu məqaləsindən aşağıdakı sətirlərə nə ad vermək olar?

Sitat: “Biz bu cəbhədə qəti vuruş, döyüş hərbinə keçməliyik. Bu, Müsavata da, Cavada da, Cavada quyruqluq edənlərə də zərbə, fəqət bizim üçün əzici, qurtarıcı bir zərbədir. Çünki biz bu zərbə ilə Müşfiqi sapqınlığından qorumasaq belə, Müşfiqləri qurtarırız”.

(Sözarası 1. Mikayıl Müşfiqin həyat yoldaşı olmuş Dilbər xanımın ikinci evliliyindən dünyaya gələn qızı Leyla Axundzadə ilə müsahibədən:

– 1988-ci ildə Müşfiqin 80 illiyində şairlər Süleyman Rüstəm və digərləri yığışmışdı, anam da onlarla söhbət edirdi. Müşfiqin bir dostu vardı, pərdənin arxasından Süleyman Rüstəmə dedi ki, sən eləmisən!.. Amma anam heç nə demirdi.

– Kim idi həmin şəxs?

– Bilmədim, pərdənin arxasından dedi.

– Süleyman Rüstəm Dilbər xanımla əlaqə saxlayırdı?

– Bəli, Süleyman Rüstəm anama çox yaxşı münasibət bəsləyirdi. Ona görə də inanmıram ki, belə şey etsin… /teleqraf.com, 12 yanvar, 2019-cu il)

Yaxud “Kommunist” qəzetinin 1937-ci il 20 iyun tarixli sayında “Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa edilməli” adlı və Ə.Əkbər imzalı məqalədən: “Necə ola bilər ki, Əhməd Cavadın, Hüseyn Cavidin yuvasından çıxmış riyakar, əclaf Müşfiq ittifaqın plenumunu və “Ədəbiyyat qəzeti”ni öz tribunasına çevirmişdir… Necə ola bilmişdir ki, Müşfiq kibi xain düşmən sovet yazıçıları ittifaqı rəhbərləri S.Şamilov və S.Vurğunun qanadı altında son günədək öz kontrrevolyusion pozucu işlərini yeritməyə imkan tapmışdır. Ədəbiyyatda xalq düşmənlərinin bütün qalıqları axıradək ifşa olunmalı, böyük sosializm quruluşumuza qarşı azğıncasına kin və ədavət bəsləyən müsavatçı və trotskist quduzlar yox edilməlidir”.

Biz hələ Dövlət Təhlükəsizliyi İdarəsinə göndərilən məktubları demirik! Bu məktublar fərqli üslublarda, fərqli vaxtlarda, fərqli şəxslər tərəfindən qələmə alına bilərdi; lakin onların birindəki bu sətirlərin ruhu asanlıqla hamısına şamil edilə bilər: “…Tutun onu! Dövlətimizi parçaladı… Satqındır”.

Donosbazlar istəklərinə çatdılar.

Müşfiq 1937-ci ilin iyun ayının 3-dən 4-ə keçən gecə 508 nömrəli order əsasında həbs olundu, ona 1109 nömrəli dustaq libası geyindirdilər.

Bir neçə il öncə “Xalq qəzeti”ndə dərc olunan araşdırmaya görə (müəllifləri: H.Həsənov və R.Novruzoğlu) həbsin ertəsi gün Azərbaycan SSR-in o vaxtkı daxili işlər komissarı Stepan Fyodoroviç Yemelyanov tabeçiliyində olan təhlükəsizlik zabiti Lev Sinmanın arayışına nəzər salır və tapşırır: “Bacardıqca onun əleyhinə ifadələrin sayını artır. Ola bilər yoldaş Bağırova tanınmış adamlar zəng edər, xəbər verərlər. Ehtiyatlı olun…”

Arxiv sənədlərinə görə təhlükəsizlik kapitanı Sinmanın özü də 1955-ci ildə həbs olunub və Moskva Vilayət Hərbi Tribunalının hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Lakin ən maraqlısı Sinmanın həbs olunarkən verdiyi ifadələrdir. Həmin ifadələrdə açıq şəkildə yazılıb ki, Mikayıl Müşfiqin əleyhinə Azərbaycan Yazıçılar İttifaqının 26 üzvü ifadə verib. Bəli, bəli, düz 26 nəfər!

Onların hamısı yalvarırmış ki, adları və soyadları gizli saxlanılsın, heç kəs bilməsin.

(Sözarası 2. İnsafən, Sinman onu da qeyd edir ki, “kişi kimi dayanan, məni və əməkdaşlarımızı evinə buraxmayanlar da var idi. Onlardan tanınmış biri Bağırova zəng edərək etirazını bildirdi. Acıqlı və əsəbi halda dedi ki, onun (yəni Müşfiqin – E.A.) əleyhinə ifadə vermək üçün növbəyə duranlar var, onları arayın… Sonra Yemelyanov dedi ki, həmin adamın yoldaş Bağırovla şəxsi dostluq əlaqəsi var”.

Lakin təəssüf ki, Sinman ad çəkmir, söhbətin kimdən getdiyini qeyd etmir).

Sözarası 3. (Yenə insafən, “Xalq qəzeti”ndəki araşdırmada Sinmanın ifadəsindən bir məqam da yer alıb. Həmin məqama inansaq, “yoldaş Bağırov istintaq idarəsinə iradını bildirir ki, şairin (Müşfiqin – E.A.) günahı yoxsa, buraxın onu…” Bu, doğru ola bilərdi. Lakin sual ortaya çıxır: Mir Cəfər Müşfiqin hansı günahının ola biləcəyini təxmin edirmiş? Qələm-kağızından, istedad və ilhamından başqa heç nəyi olmayan bir gənc şair hansı ağır cinayətə qol qoya bilərmiş ki, Bağırov lütf edərək “günahı yoxdursa buraxılmasını” söyləyib?!)

(Sözarası 4. Bunu isə maraq üçün əlavə edirəm. Araşdırma materiallarına görə, keçmiş Dövlət Təhlükəsizlik İdarəsinin sıravi işçilərindən olan və 1930-cu ildən 1937-ci ilədək Dağıstanda və Rostovda işləyən Məhəmmədcan Əbubəkir oğlu Əbdülsamadov bir neçə nəfərlə Moskvanın sərəncamı ilə (yəni o vaxt məşhur 5-ci şöbənin xəttilə) Azərbaycana ezam olunur. Milliyyətcə avar olan M.Ə.Əbdülsamadov repressiya dövründə həbs edilənlərlə görüşmüşdü. O, sonradan yazdığı xüsusi arayışda qeyd edəcəkdi ki, “1109 saylı məhbusun (yəni Mikayıl Müşfiqin – E.A) bütün kamera davranışlarına nəzarət etdim. Azərbaycan dilini yaxşı bildiyimdən kamerada bütün danışıqlarını təhlil etdim. O, evi üçün, ailəsi üçün, dəniz və Bakı üçün darıxır. Onun kamera yoldaşı professor Məhərrəm Şüvəlanlı Qurbanzadənin həmin axşam ürək tutması oldu. Məhbus M.İsmayılzadə (M.Müşfiq – E.A.) ona yardım etdi. O, həm də mahnı oxuyurdu. Əlbəttə ki, darıxmamaq üçün. Heç bir ruhi sarsıntısı yox idi. O, özünü çox səliqəli, ciddi və qüsursuz aparır”).

Qayıdaq Müşfiqlə bağlı donoslara…

Onların arasında xüsusilə şair Mirmehdi Seyidzadənin Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinə ünvanladığı donos-məktubu heyrətsiz oxumaq mümkün deyil. Təhqirlərlə, söyüşlərlə dolu həmin məktubu indinin özündə olduğu kimi çap etməyə belə adam utanar. Sitat: “Sizin tələbinizə görə alçaq kontrrevolyusioner Hüseyn Cavid və Müşfiqlə olan əlaqəm haqqında aşağıdakı məlumatı verirəm: Alçaq Mikayıl Müşfiqi mən yazıçılar cəmiyyətində tanımışam. Onunla birlikdə Firdovsinin şeirlərindən tərcümə etmişik…” Seyidzadənin məktubundan məlum olur ki, o, Müşfiqi ifşa etmək üçün Yazıçılar İttifaqının plenumunda danışmaq istəyib, söz almaq üçün iki dəfə sədrə yanaşıb: “…ancaq mənə söz verilməyib. Müşfiqin yazdıqları haqqında yazdığım materialları iclasdan sonra Rahim yoldaş (Məmməd Rahim nəzərdə tutulur – E.A.) məndən alıb məqalə üçün istifadə edəcəyinə söz verdi”. Bu sətirlərdən aydın görünür ki, M.Seyidzadə Müşfiqlə yaxınlığı səbəbilə öz taleyindən narahatdır, ona görə də həm bu cümlələri yazmaqla, həm də məktubda ən təhqiramiz ifadələrə baş vurmaqla vəziyyətdən çıxmağa çalışır.

(Sözarası 5. İbrətamizdir ki, eyni M.Seyidzadə çox sonralar isə yazacaqdı: “Mikayıl Müşfiq fitrətən şair yaranmışdı. O bütün varlığı ilə ədəbiyyata, sənətə bağlı idi. Müşfiq həyatında bir gün də olsun ilhamsız yaşamırdı”. Qüsura baxmayın, mən yazmağa söz tapmıram. Nəticə çıxarmağı sizin ixtiyarınıza buraxıram).

Bunu da qeyd edək: bir müddət əvvəl internetdə təkcə 1937-ci ilə aid mətbuatda Mikayıl Müşfiq əleyhinə yazılmış məqalələrin siyahısına rastladım. Prof. Abbasqulu Nəcəfzadə tərəfindən hazırlanan siyahıdakı məqalələri bircə-bircə tapıb oxumağa gərək yoxdur. Elə onların adlarından məzmununu, mahiyyətini, “donosçu ruhunu” anlamaq elə də çətin deyil. Buyurun: Məmməd Rahim “Kontrrevolüsioner, kandrabançı, oğru” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937; həmin cızmaqara barədə ilk yazımızda ətraflı bəhs etmişik – E.A), Ə.Əkbər “Ədəbiyyatda düşmən qalıqları axıradək ifşa edilməli” (“Kommunist” qəzeti 20 iyun 1937), Abdulla Faruq “Sonadək ifşa etməli” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Məmməd Səid Ordubadi “Təmizliyə başlamalıdır” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Ağahüseyn Rəsulzadə “Sıralarımızda düşmənlərə yer yoxdur” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Osman Sarıvəlli “Nizamnamə təhrif edilmişdir” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Cəfər Xəndan “Sıralarımızı təmizləyəlim!” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Ağahüseyn Rəsulzadə “Sıralarımızda düşmənlərə yer yoxdur” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Səməd Vurğun “Səhvlərimiz haqqında” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937), Seyfulla Şamilov “Sayıqlığın kütləşdiyi yerdə” (“Ədəbiyyat” qəzeti, 9 iyun 1937)…

Fikrimizcə, əlavə şərhə ehtiyac qalmır.

Bu yerdə mütləq qeyd edək: M.Seyidzadə tək deyildi – Müşfiqi repressiya maşınının qanlı dişləri arasına itələyənlərin bir qismi sonralar, Müşfiqə bəraət verilməsinin ardından “donos ruhlu” məqalələrini unutmuş, onun haqqında xoş xatirələrlə dolu yazılar yazmağa girişmişdilər.

Bir qismi (məsələn, Hənəfi Zeynallı, Mustafa Quliyev, Əli Nazim) isə yanlışlarını anlayanda artıq gec idi – özləri “qırmızı terror”dan sağ qurtulmadılar…

P.S. Bəziləri repressiya ərəfəsində Müşfiq əleyhinə donos yazanlara, istintaq vaxtı isə ona qarşı istintaqa ifadə verənlərə bu cür haqq qazandırmağa çalışırlar: “Məcbur idilər, yoxsa özlərini də güllələyərdilər…”

Belələrinə kiçik bir xatırlatma. O vaxtlar Azərbaycan SSR xalq maarif komissarı olan Ayna Sultanova Mikayıl Müşfiqi yanına çağırır, Hüseyn Cavidin həbs ediləcəyini deyib 29 yaşlı şairi xəbərdarlıq edir: “Onun əleyhinə yazmasan, səni də tutacaqlar”.

Müşfiqin cavabı konkret olur: “Sağ əlim Cavid əleyhinə nəsə yazmış olsa sol əlimlə onu kəsərdim”.

Bilmirəm, fikrimi ifadə edə bildimmi?

Hə, az qala unudacaqdım, – Müşfiqə bu təklifi edən Ayna Sultanovanın özünü də cəmi bir neçə ay sonra həbs edib güllələdilər…

Mənbə: AzLogos

Bənzər yazılar

Back to top button