Siyasət

Necə olub ki, o, Naxçıvanda xidmət etmək üçün vəzifəyə təyin edilməyib? – Cinayətkar əməllərin ən yaxşı informasiya daşıyıcısı

Şənbə günü növbəti polkovnik həbsi ilə bağlı məlumatlar yayıldı. Məlum oldu ki, Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi, ehtiyatda olan polkovnik Elxan Məcidovun barəsində vəsatətinə baxılıb və məhkəmənin 04.06.2022-ci il tarixli qərarına əsasən Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əsgərimizin qəhrəmanlığı dünyanın hərbi beyin mərkəzlərinin araşdırma mövzusu olduğu bir vaxtda biz Elxan Məcidovun istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirilməsi xəbərini alırıq.

Elxan Məcidov xidmət etdiyi dövr ərzində çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib. Əslində bu xəbər hərbi sahə ilə yaxınlığı olan çox hərbçilər tərəfindən gözlənilirdi. Niyəsini izah etməyə çalışım.

Polkovnik rütbəsinə qədər yüksələn Elxan Məcidov keçən əsrin son 5 ilindən, yəni Nəcməddin Sadıkovun adyutantı (yavəri) olduğu zamandan Baş Qərargah rəisinin qeyri-rəsmi müavini kimi qəbul edilib. Adyutant potensialında olan birisi sonradan Silahlı Qüvvələrin Baş Qərargahının Aparat rəhbəri, ardınca Müdafiə Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinin planlaşdırma şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Necə ola bilər ki, bir gün səngərdə xidmət etməyən, təlimlərə qatılmayan, düşmənə 25 ildə bir güllə atmayan, hərbi hissəyə rəhbərlik və döyüş təcrübəsinə malik olmayan bir zabit Müdafiə Nazirliyi Maddi Texniki Təminat Baş İdarəsinin planlaşdırma şöbəsinin rəisi kimi strateji vəzifəyə təyin edilsin? Heyrətamiz faktdır!

Bir müddət sonra polkovnik Məcidov tutduğu vəzifədən azad edilib. Lakin işsiz qalmayıb. Hamı onun nəhayət ön xətdə xidmətini gözləyərkən, Nəcməddin Sadıkovun dəstəyilə polkovnik Məcidov Ordu İdman Klubunun (OİK) rəisi vəzifəsinə təyinat alıb. Ordu İdman Klubu isə yaranan gündən “ən yağlı və gəlirli” yer olub.

Nəcməddin Sadıkovun vəzəifədən getməsi, Elxan Məcidovun da vəzifəsini itirməsi ilə nəticələndi. Diqqət etsəniz, 25 ildə Müdafiə Nazirliyinin yerləşdiyi küçədən 1 addım kənara qoymadan, 1 gün olsun nəinki səngərdə, hətta Bakı ətrafında xidmət etməyən Elxan Məcidov polkovnik rütbəsinə qədər yüksəlib. Bu tamamilə ədalətsizlikdir. Yəqin ki, Elxanın medalları və digər təltifləri də az deyil. Evi də yəqin ki, döyüşən polkovniklərın əksəriyyətindən daha əvvəl əldə edib. Bəlkə də bir neçə dəfə “ev şəraitinin yaxşılaşdırması” imkanından da yararlanıb.

Necə olub ki, o, 25 ildə bir dəfə olsun döyüşlə, təlimlə, ön xətlə və düşmənlə əlaqəsi olan, heç olmasa Naxçıvanda xidmət etmək üçün vəzifəyə təyin edilməyib, əksinə daim Müdafiə Nazirliyinin eyni ərazisində, daim “yüksək əlavə gəlirli” vəzifələrdə xidmət edib. Ağıla gələn ilk cavab: “yeyib və yedizdirib”.

Mətbuat zaman-zaman polkovnik Elxan Məcidovun adını müəyyyən məsələlərdə hallandırıb, amma təəssüflər olsun ki, buna duqqət yetirən olmayıb.

Elxan Məcidov Nəcməddin Sadıkov vəzifədən gedənə qədər (bəlkə də gedəndən sonra da) onun “etibarlı qara kassası” olub. Yığdıqlarını yəqin ki, Nəcməddinə daşıyıb, amma gətirdiyindən bir miqdar özünə də qaytarılmasını istisna etmirəm.

25 ildir ki, Elxanın orduda sifarişlə istənilən hərbi hissədə əsgər yerləşməsini (yerdəyişməsini) həyata keçirirdiyinə dair məlumatlar çox hərbçilərə məlum idi. Bunu ölkədə ordu ilə əlaqəsi olan mülki şəxslər belə bilirdi. Necə ola bilərdi ki, Elxanın rəhbərləri, xüsusi xidmət və hüquq-mühafizə orqanları bu məsələni indi aşkar etsinlər? Amma yenə də gec deyil. İlahi ədalət tez-gec yerini tapır. Amma 25 il əvvəl axtarışa verdiyimiz ədalət vaxtında tapılsaydı, bu gün önümüzdə fərqli mənzərə canlanardı və biz bəlkə də başqa mövzulardan bəhs edərdik.

Cəmiyyətdə avtoritetə malik olmayan, pis işlərə qurşanan canlıları aşkarlamaqda əziyyəti keçən DTX əməkdaşlarına təşəkkür edirəm. Bizə digər həbs olunan vəzifəlilər kimi Elxanın da məhkəməsini və onun nəticəsini gözləmək qalır. Elxan məhkəmədə çox adları çəkə bilər, çox işlərə aydınlıq gətirə bilər. Pis işlərdən onun qədər məlumatlı birisini tapmaq çətindir. Nəcməddinin və digərlərinin cinayətkar əməllərinin tam nomenklaturası barədə Elxandan yaxşı informasiya daşıyıcısı tapmaq çətindir.

Məhkəmənin tarixini və yerini bilənlər əvvəlcədən yazan olsa, mən də iştirak etmək və Elxana bir neçə sual vermək istəyərdim.

Ədalət Verdiyev, hərbi ekspert

(moderator.az)

Bənzər yazılar

Back to top button